“Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri barədə uşaqların fikirlərinin öyrənilməsi və rəsm əsərlərində əks etdirilməsi məqsədilə keçirilib.

Tədbirdə çıxış edənlər ətraf mühitə həssaslığın artırılması, onun çirklənməsinin qarşısının alınması prosesində gənc nəslin fəal iştirakını vurğulayıblar.

Qeyd edək ki, müsabiqəyə müxtəlif ümumtəhsil məktəblərindən 53 şagird qatılıb. Qaliblərə təşkilatçılar tərəfindən diplom təqdim olunub, hədiyyələr verilib.

Sonda plastik tullantıların təbiətə, insan sağlamlığına vurduğu zərər və plastiksiz həyat tərzi ilə bağlı şagirdlərin əl işləri nümayiş olunub.

 

Mənbə: azertag.az