Milli kinomuzun inkişaf konsepsiyası hazırlanıb

Milli kinomuzun inkişaf konsepsiyası hazırlanıb

Prezident İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il martın 1-də sərəncam imzalamışdır. Sənəddə ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlanıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılmışdır.

Eyni zamanda, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrılmışdır.
Konsepsiyanın hazırlanması üçün tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət işçi qrup yaradılmışdı. Ölkəmizdə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də kino nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilərək, sözügedən konsepsiya ilə bağlı təkliflərini nazirliyə təqdim etmək xahiş olunmuşdu. Təqdim olunan təkliflər vaxtaşırı müəlliflərin iştirakı ilə işçi qrup tərəfindən müzakirə edilib.
Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə işçi qrupun üzvləri Litva, Macarıstan və Gürcüstanda səfərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil ediblər. Daha sonra Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə konsepsiya layihəsinə aidiyyəti dövlət qurumlarında baxılıb, rəy və təkliflər verilib. Bütün təkliflər nəzərə alınmaqla hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın layihəsi ölkə başçısına təqdim olunub.
Sözügedən sərəncamın 2-ci bəndinə əsasən, dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək bədii, sənədli və animasiya film ssenariləri müsabiqələri keçirilib.
Məlumat üçün bildirək ki, ötən il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Daxildəki ada” tammetrajlı, “Rəqs”, “­Soraq” (“­Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” qısametrajlı bədii filmlərinin, “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filminin, “Salnaməfilm” studiyasında “20 Yanvar”; (“Silahdaşlar”), “Memar” (“Azərbaycan memarı Elbay Qasımzadə”), “Şəki” və “Saxurlar” sənədli filmlərinin, 3D formatda olan “Cırtdan və Sehrli xalat” cizgi filminin; “­Mozalan” studiyasında isə “Əlvida, Şmidt!” tammetrajlı bədii ­filminin istehsalı başa çatdırılıb.
Bu günlər , “Azərbaycan-film” kinostudiyasında “Manpası qutusu”, “Yüksəliş: Yaradanın adı ilə...”, “Xoş sonluqlu faciə”, “Məryəm”, “Molla Nəsrəddin – çətin günlərimin dostu”, “Kariatida”, “Görmə qüsuru” adlı tammetrajlı bədii filmlər; “Salnaməfilm” studiyasında “Mirzə Cəlilin Azərbaycanı”, “Yaradanlar”, “Malakanlar”, “Ləzgilər”, “Ulduzların keşikçiləri” (Rusiya ilə birgə), “Ada” sənədli filmləri; “Azanfilm” studiyasında “Oğurlanmış Bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filmləri; “Debüt” studiyasında isə “Ailəvi şəkil” qısametrajlı bədii filmlərin istehsalına başlanmışdır.
Azərbaycan Dövlət Film Fondunda isə ötən il mayın 24-də Xan Babayevin 100, iyunun 14-də Məlik Dadaşovun 95, iyunun 21-də Amaliya Pənahovanın 74, sentyabrın 10-da Niyazi Bədəlovun 110, oktyabrın 11-də Şamil Mahmudbəyovun 95, dekabrın 16-da Fikrət Əliyevin 80 illiyi ilə əlaqədar anım tədbirləri keçirilib.
Nazirliyin dəstəyi ilə müstəqil ictimai təşkilatlar tərəfindən sentyabrın 2-dən 5-dək “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı, noyabrın 6-dan 9-dək 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, noyabrın 18-dən 20-dək II Animafilm Beynəlxalq Animasiya Festivalı təşkil olunub.
Kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülüb. Belə ki, sentyabrın 21-dən 28-dək Özbəkistanda Azərbaycan kinosu günləri təşkil olunub, son illər çəkilən bədii, sənədli və animasiya filmlərimiz beynəlxalq kinofestivallarda ölkəmizi təmsil edib.
Göründüyü kimi, milli kinomuzda canlanma aydın hiss olunmaqdadır.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com