"Parazitlər"in rejissoru Martin Skorsezedən aldığı məktubdan danışdı

"Parazitlər"in rejissoru Martin Skorsezedən aldığı məktubdan danışdı

Məşhur Hollivud rejissoru Martin Skorseze bir neçə nominasiyada "Oskar" mükafatı qazanmış "Parazitlər" filminin Cənubi Koreyalı müəllifi Ponq Jun Ho-ya şəxsi məktub yazıb.

Qaynarinfo xəbər verir ki, bu barədə fevralın 21-də İngilis NME portalı məlumat yayımlayıb.

"Parazitlər"in yaradıcısı brifinqdə jurnalistlərə deyib ki, məktubunda Hollivud rejissoru ona layiq olduğu şöhrətdən sonra təxirəsalınmaz istirahət arzulayıb və həmçinin Skorseze tezliklə Ponq Jun Honun yeni filmini görəcəyinə ümid etdiyini yazıb. Rejissor məktubun təfərrüatlarını açıqlamayıb.

"Oskar”ın "Dolby” Teatrında keçirilən təqdimat mərasimində çıxış edən Ponq Jun Ho Martin Skorseze kimi məşhur rejissorla eyni kateqoriyada təmsil olunmağın böyük şərəf olduğunu etiraf edib. O, məşhur rejissorun gəncliyində ona çox təsir etdiyini qeyd edib.

Xatırladaq ki, fevralın 10-da Los-Ancelesdə "Dolby” Teatrında 92-ci "Oskar” mükafatları təqdim edilib. "Parazitlər" filmi "Ən yaxşı xarici film", "Ən yaxşı rejissor", "Ən yaxşı orijinal ssenari" nominasiyalarında mükafatlar alıb və ilin ən yaxşı filmi olaraq qələbə qazanıb.

Fevralın 20-də ABŞ Prezidenti Donald Tramp Amerika Kino Akademiyasının "Parazitlər"i əsas seçməsini tənqid edib.

Mənbə: qaynarinfo.az