Arxa sıradakıların “öncül” etdikləri

Arxa sıradakıların “öncül” etdikləri

Doqquz yaşlı onkoloji xəstə uşağın yaxını olaraq onun pensiya sənədləri ilə uğraşmaq ikiqat əzabdır. Amma aylarla ödənişli müalicəsi gedən xəstəxananın həkimləri məsləhət görüb bunu, sənədləri də təmənnasız özü hazırlayıb verib. Qəbələnin ən soyuq günlərindən birində paytaxtdan sənədləri gətirən baba ilə uşaq poliklinikasına gedirik.

Müdirə düşmək üçün daha iki testdən keçib qapını döyürük. Müdir xanım məşğul olduğundan gözləyirik. Koridor soyuq, oturmağa yer yox, amma yaşadığımız dramın içində belə şeylərdən düşünmək belə ayıbdır. Nəhayət içəri keçmək növbəmiz çatır, oturmaq işarəsi olmadığından ayaqüstə sənədləri göstəririk. Midir xanım heç bir ifadəsiz sifətlə bircə nəqli cümlə işlədir:

– Gedin, sizi bura göndərən həkimi çağırın.

Qardaşım qapıdan çxarkən buza dönmüş əllərini sıxaraq mənə baxır. Gözlərimi qırpıram. Qəfil ayağımın sudurğası tutur, özümü atmağa yer axtararkən həmin səs təkrar olunur:

– Onlar gələnə qədər siz çöldə gözləyin.

Uzağı iki-üç dəqiqəyə gələcəklər. O zamana qədər kabinetdə otursaydım xanıma nə ziyan verəcəkdim ki? Barmağını düyməciyə toxundurmaqdansa atası yaşında adamı "iş dalınca” göndərən ixtiyar sahibəsi hələ yumşaq davranıb. Həyətdən qartopu istəsəydi nə deyəcəkdim? Hiss etmədiyim sol ayağımı arxamca sürüyüb çıxıram. "Buyruqçu baba” gələnə qədər normala qayıtmağa çalışıb hətta telefonu qulağıma tuturam ki, guya zəngə görə çıxmışammış.

Əvvəl görüşdüyümüz yaşlı həkim günahkarcasına izahat verəndə biz sənədlərimizi və cavabımızı alıb çıxırıq. Poliklinikanın pilləkənləri buz bağlayıb. Altı getmiş ayaqqabılarla qardaşım qolumdan tuta bilmir. Uşağın min zillətlə ələ gələn müalicə ödənişlərinin üstündən götürüb özünə ayaqqabı almağa qıymayıb. O ödənişlərin içində heç neçəyə satılan torpaqlardan tutmuş yad ünvanlardan təmənnasız gələn yardımlara qədər hər şey var...

***

Bizə deyilən əlillik komissiyası gününə kimya terepiyadan halsız çıxmış uşağı gətirmək mümkün olmadı. Vəziyyəti izah etmək üçün özüm getdim. Komissiya həftədə bir gün Mərkəzi Xəstəxananın akt zalında fəaliyyət göstərirmiş. İçəridəki vəziyyəti təsvir etməyə ehtiyac yoxdur. Adı üstündə əlilliyi təyin və yaxud təsdiq edən komissiya... Sadəcə uşaqları orda görmək çox ağır və unudulmaz təəssüratdı.

...Nənəsinin qucağında şirin-şirin qığıldayan qızcığazın dərdini soruşmağa qorxuram. Nənə özü danışır. Afət mələyin beli şikəst imiş anadangəlmə. Afəti üç yaşında əməliyyat edəcəklər. Məsum uşağın hələ qəddar, acımasız dünyadan xəbəri yoxdur. Heç nə deməyə gücüm çatmır, sadəcə kiçicik əllərini bağrıma basıram.Körpənin gözlərindən yuxu tökülür. Nənəsi onu yatırmaq üçün balaca adyalı hazırlayanda o günkü ifadəsiz tanış səs zala yayılır:

– Bura həkimlərin yeridi, düşün aşağıda oturun!

Birinci, komissiyanın başlanmasına yarım saat var. İkinci, yuxarı başda həkimlər üçün kifayət qədər yer qalıb, adamlar aşağı tərəfdən oturublar. Proses başlayanda zərurət yaranarsa təbii ki, xəstə camiyəsi qalxıb lap ayaqüstə duracaq. Nəhayət üçüncü, ağrı-acılı adamlara salamsız-kəlamsız bu şəkildə sərt komanda vermək nadinc şagirdi küncə qoymaq kimi bir şeydi.

Nənəsi yarıyuxulu körpəni rahatlamağa çalışarkən həmin xəbərdarlıq yenidən təkrar olundu. Lap axırıncı sıranın qurtaracağında oturub müdir xanımı müşahidə etməyə başlayıram. Əlil "seyrçilərin” çəkingən baxışlarının mərkəzindəki laqeyd amiranə duruşun nə zalın bu günkü təyinatına nə bu adamlara heç bir aidiyyəti yoxdu. Əlbəttə, hər kəsi ayrıca önəmsəmək, hər vəziyyətdən təsirlənmək hökm deyil, buna ürək də tab gətirməz. Amma sayəsində hər şeyə nail olduğun toplumun kimliyini, heysiyyətini bunca heçə saymağın adı nədir, onu adamın ağlı almır.

Müdir xanımın özünəməxsus iş prinsipləri barədə çoxdan eşitmişəm. O zamandan özümü tanıtmağa qədər gedib çıxmadım. İndi də bu tip şeyləri peşəkarlıqdan uzaq sayıram və yenə ötüb gedəsiydim. Sadəcə beynimə bir sual taxıldı.

Hardandır ölkə adamının içindəki kabinetə, möhürə və bunların gətirdiyi komfort həyata, şöhrətə bu qədər köklənib vətəndaşı sındırmaq eşqi? Təbii, belədə hər şey cəzbedici, hətta əfsanəvidir. Amma bütün bunların müqabilindəki itaət, saxtalıq, qəzəb və digər yükləri daşımaq da asan deyil. Adama deyərlər sənə nə var, səfası da özümün, cəfası da. Əlbəttə. Amma səndən bir çin yuxarıdakı səni əzdikcə öcünü, hayıfını günahsız və çarəsiz adamlardan almağa başlayırsan axı.

Məsələn, o uşaq şöbəsinin aktiv xanımı sıradan biri olsaydı bir sıra məsələlərdə işgüzarlıq etmək öhdəliyi yaranmazdı. Həyatın onsuz da çox şeydən kənara atdığı adamlara təkrar-təkrar lüzumsuz yerə arxa sıraları xatırlatmazdı. O isə ki, onun simasında çoxlarını önə çıxaran o əngəlli insanlar bəlkə o məhz o zalda sadəcə bir az sərbəst olmaq istəyirdilər. Necə ki, rəsmiyyət başlanan kimi əmrsiz-göstərişsiz gedib yerlərində oturdular.

İndi mən bunları kimə deyirəm? Bu epik-lirik "cəfəngiyyat” o xanım daxil neçə imtiyaz və təminat sahibini mütəəssir edəcək? Niyə etməlidir ki? Adamlar öz mövqelərində çox rahat və xoşbəxt görünürlər. Bizə hər fürsətdə yerimizi göstərən ölkə bir-birinə bənzəyən belə rahat xoşbəxtlərlə doludur...

P.S. O gün bizim pensiya məsələmiz düzəlmədi, "onkoloji stajı” əskik gəldi qızımızın...

 

Mənbə: qaynarinfo.az