Saka (Skif) Türkləri

Saka (Skif) Türkləri

“Tufan”dan sonra Azərbaycan ərazisində Munna (Manna) ilə yanaşı Kimmer-İskit-Sak padşahlığı da yaranmışdı. Bəzi tədqiqatçılara görə Kimmerlər eradan əvvəl VIII əsrdə Azərbaycan və Ön Asiyada yaşayan yerli (avtoxton) Türk etnosudur. Onların fikrincə, Kimmerlərin Türk olmasını qədim Assur mənbələrində göstərilən Tuşbay, Tuqdamay, Sandakşatru, Sandakur və s. kimi Kimmer hökmdarlarının adları da sübut edir. Tarixi qaynaqlar göstərir ki, Kimmerlər eradan əvvəl 715-ci ildə Araz çayını keçərək Urartu ordularını məğlub etmiş, Urartu ərazilərinin böyük bir qismini zəbt edərək Anadolu ərazisində məskunlaşmışlar. Assur mənbələri Kimmerləri “Qamira” deyə adlandırmış, onlardan Munna (Manna) sakinləri, Homer isə “at südü sağanlar” kimi bəhs etmişlər. Assur mənbələrində həmçinin Kimmerlərin xaqanı Tuqdamma Qutium və Saka ölkəsinin və Sakların hökmdarı kimi təqdim edilmişdi. Qədim Alban tarixçisi Musa Kağankatlının yazdığına görə Kimmerlər Həzrəti Nuhun oğlu Yafəsin oğullarından biri olan Qamərin nəslindəndirlər. Müəllif Qaməri Albaniyanın Yafəsdən sonrakı ikinci böyük Xaqanı hesab edir. (Seçmələr bizimdir-A.M. Bax: Kalankaytuklu M., Alban tarixi, Bakı 1993, səh. 14-15).
Qədim Midiyada “Kimirra” şəhəri, güney Anadoluda “Kemerli” və “Qamir”, bu gün belə Qamərin adını daşıyan Quzey Azərbaycanın Zaqatala bölgəsindəki “Qımır” və “Qımırlı”, “Qəmərli və Kəmərli”, Qərbi Azərbaycandakı “Gümrü”, Güney Azərbaycandakı “Kəmər, Komar, Xomarlu, Kəmərabad, Qəmərabad, Kəmərdaran”, Borçalı mahalındakı “Böyük Kəmərli, Kiçik Kəmərli” və s. kimi yer adlarının mövcudluğu və qədim Azərbaycan xalq mahnısı “Qəmərim”də göstərir ki, Kimmer Türkləri məhz qədim Azərbaycanın və Ön Asiyanın avtoxton (yerli) xalqıdır.
Eradan əvvəl VIII-V əsrlərə aid mənbələrdə Kimmerlərlə Saklar (İskitlər, Skiflər) və Massagetlər eyniləşdirilmiş, Kimmer və Saklardan Munna (Manna) və Urartunun güney, Massagetlərdən isə Quzey Azərbaycan sakinləri kimi bəhs etmişlər. Və bu eyni etnik qövmlər arasında özlərindən öncəki Türk Kuti və Munna mirası uğrunda amansız qanlı çatışmalar başlamışdı. Eradan əvvəl VII əsrdə Kimmer və Sak Türklərinin bir qismi Güney Azərbaycanda, digər bir qismi də Anadolunun güneyində hakim mövqeyə yüksəlmiş, beləliklə, biri Azərbaycanda-Munnada, digəri Anadoluda-Urartunun güneyində iki mərkəz yaranmışdı ki, Munnanın quzey-batı və batı ərazilərində yaşayanlara İşpakay, Urartunun güneyində olanlara isə Partatua rəhbərlik etmişdir. Sakların böyük başçılarından sayılan İşpakay Assurlarla döyüşlərin birində həlak olmuş, Assurlarla döyüşdən imtina edən Urartunun qonşuluğundakı Partatua isə Assur hökdarı Asarhaddonun qızı ilə evlənərək onun müttəfiqinə çevrilmişdi. Heredot Partatuanı “Prototiy” kimi göstərmiş, bəzi tədqiqatçılar isə səhv olaraq İkinci Böyük Turan İmperatoru Alp Ər Tonqanı-Əfrasiyabı sak hökmdarı Partatua ilə eyniləşdirmişlər. Halbuki İkinci Böyük Turan İmperatorluğunun Xaqanı Alp Ər Tonqa (Oğuz Xaqan, Əfrasiyab) ilə Sak hökmdarı Partatuanı ən azı doqquz min illik bir zaman kəsiyi ayırır.
Partatuadan sonra oğlu Madi də Assurlarla ittifaqa sadiq qalmış, Assuriyanın müttəfiqi kimi Kiçik Asiyada hərbi əməliyyatlarda iştirak etmiş, Midiyanın Assuriyaya müdaxiləsinə maneçilik törətmişdi. Nəhayət, eradan əvvəl VII əsrin ortalarında Sak hökmdarı Tuqdamma bütün qohum etnik qövmləri-Kutiləri, Subarları, Turukkuları, Kumenləri, Kimmerləri və Sakları da öz hakmiyyəti altında birləşdirərək Kimmer-İskit-Sak padşahlığını yaratmışdı. Munna və Urartunun güneyindəki hər iki mərkəzi birləşdirib Sak və Kuti ölkəsinin hökmdarı rütbəsini qazanan Tuqdamma Assur hökmdarı məşhur Aşşurbanipalla (e.ə. 668-626) müqavilə bağlamış, sonralar Kiçik Asiya döyüşlərinin birində həlak olmuşdu. Heredot Tuqdammanı “Liqdames”, Dyakonov “Duqdamis”, bəzi tədqiqatçılar isə “Toxtamış” kimi göstərmişlər (Bax: Qeredot, İstoriya, Moskva 1985; Dyakonov, İ. M., İstoriya Midii ot drevneyşix vremyon do konça IV v. do n.e., M,-L., 1956; Qeybullayev, Q.A., K etnoqenezu azerbaydjantsev, Baku 1989 və s.).
Güney Azərbaycanın qərbində və Anadolunun güneyində yaranan Kimmer-İskit-Sak padşahlığı Quzey Azərbaycanın da müəyyən bir hissəsini öz hakimiyyəti altında birləşdirərək hər iki Azərbaycanı özündə əks etdirən bir dövlət meydana gətirmişdi. Lakin eradan əvvəl VI əsrin əvvəllərində yaranan güclü Midiya dövləti ilə rəqabət apara bilməyən Kimmer-İskit-Sak padşahlığı tənəzzülə uğramış və Saklar Azərbaycan və Ön Asiyadan dünyanın müxtəlif yerlərinə köç edərək ayrı-ayrı yerlərdə müxtəlif dövlət və hətta İmperatorluq qurmuşlar. (Kimmer-İskit-Sak padşahlığı haqqında daha geniş məlumat üçün bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 102-105; İsmayıl Məmmədov, Azərbaycan tarixi, Bakı 2005, səh 30-32; Yunus Oğuz, Qədim Anadolu və Azərbaycan Türkləri, Bakı 2002, səh. 45-55; Bəxtiyar Tuncay, Sakların tarixi, dili və ədəbiyyatı, Bakı 2009 və s.).
Azərbaycan, Ön və Kiçik Asiyadan çıxaraq bir çox bölgələrə yürüşlər edən, həyatları atlı arabalar üzərində keçən, “bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar edən Saklar” (Aliyev K., Antiçnıye istoçniki po istorii Azerbaydjana, Baku 1987, səh. 14) Avrasiya çöllərinə və Altaylara qədər yayılmışdılar.
Qədim Assur mənbələrində “Aşquzay” (Aşquzlar), Babil mənbələrində “İşquzay” (İşquzlar), qədim Yəhudi mənbələrində “Aşquz”, qədim Yunan mənbələrində “Skuthoi” (İskit, Skuz), Hind mənbələrində “Caka”, fars mənbələrində “Saka” adlandırılan Sak (İskit, Skif və s.) Türklərin ana yurdunu bir çox tədqiqatçılar Batı Sibir və Tanrı dağları, bəziləri Dunay və Volqa çayları ətrafı, bəziləri Qara dəniz sahilləri, bəziləri də Orta Asiya və Türküstanla bağlayırlar. Onların fikrincə Sakların ilk boyları eradan əvvəl VIII əsrdə Tanrı dağları, Fərqanə və Kaşğar bölgəsindən qərbə doğru köç etmiş, onların bir qolu Aral gölü və Sayhun çayı (Sır-Dərya) ətrafında yerləşmiş, digər bir qolu Xəzər dənizinin quzeyindən keçərək güney Rusiyaya getmiş, bir qismi də Qara dənizin quzeyinə gələrək bu bölgədə öncədən yaşayan Kimmerləri Qafqazın güneyinə, oradan da Ön Asiyaya doğru köç etməyə məcbur etmiş və bu bölgələrdə yerləşmiş, böyük bir İmperatorluq qurmuş və müxtəlif səbəblərdən bu İmperatorluq dağılmış və Saklar müxtəlif ölkələrə köç etməyə məcbur olmuşlar.
Bu fikri qəbul etməyən, Sakların tarixi, dili və ədəbiyyatı haqqında sanballı bir əsər yazan Azərbaycan alimi Bəxtiyar Tuncay özünəqədərki bir çox mənbə və elmi əsərləri saf-çürük edərək belə bir elmi qənaətə gəlmişdir ki: “Bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “Sak” etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr Saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya Saklarından bəhs edən mənbələrə gəlincə onlar haqqında söz açdığımız kitabələrdən (Assur-Babil mixi yazılarından-A.M.) çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr Sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azərbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir.. Arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir” (Bax: Bəxtiyar Tuncay, göstərilən əsəri, səh.19).
Bəzi tədqiqatçılar Heredota istinadən belə bir fikir irəli sürürlər ki, Sakların (İskitlərin, Skiflərin) Azərbaycan və Ön Asiya ərazilərində yaşamalarının başlanğıcı eradan əvvəl XV əsrə aiddir. Eradan əvvəl II minilliyin ortalarında formalaşan Saklar 600-700 ildən, Kimmerlərin tənəzzülü başlayandan sonra özlərinin inkişaf mərhələsinə qədəm qoymuş və nəhayət eradan əvvəl VII əsrdə Azərbaycan və Ön Asiyada özlərinin dövlətlərini yaratmışlar. Bu müəlliflər öz fikirlərini əsaslandırmaq üçün Heredotun “İskitlərin ilk hökmdarı Tarqıtay dövründən I Daranın onların ölkəsinə hücumuna qədər 1000 (min) il keçmişdir” ifadəsini əsas götürmüş və Sakların Azərbaycan və Ön Asiyada I Daradan min il öncə məskunlaşdığını əsaslandırmağa çalışmışlar.
İstər eradan əvvəl VII-VI əsrlərə aid Assur mənbələrinə, istər eradan əvvəl V əsrdə yaşamış Heredota, istər eradan əvvəl I əsrdə yaşamış Sicilyalı Diadora və istərsə də bir çox müasir tədqiqatçılara görə Saklar ilk öncə Araz çayı sahillərində yaşamış, sonradan Avrasiyanın geniş ərazilərinə yayılmışlar (Bax: Qeredot, İstoriya, Moskva 1985; Aliyev İ., İstoriya Midii, Baku 1960; İsmayıl M., Azərbaycan xalqının yaranması, Bakı 1955; Bəxtiyar Tuncay, göstərilən əsəri və s.)
Bu gün belə Azərbaycan ərazisində bu qədim Türk xalqının adını daşıyan onlarla yer adı mövcuddur (Sakkız, Sak dağı, Sakkarsu, Şəki və s.).
Azərbaycan və ümumiyyətlə bütün Türk xalqlarının etnogenezisində mühüm rol oynayan Kimmer və Saklarla bağlı toponimik adlara həm Azərbaycan, həm Ön, Orta və Kiçik Asiyada, həm quzey Qafqazda, həm Qara və Azov dənizi, həm Dunay, Dnepr və Don çayları sahillərində rast gəlinir ki, bu da Sak Türklərinin geniş bir əraziyə yayılmalarını göstərir.
Tədqiqatçıların fikrincə həm Kutilər, həm Kimmerlər, həm Saklar, həm də Madaylar (Midiyalılar) eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun-Türk etnosunun müxtəlif konkret soy və boyları olmuş, müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qövmün adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir (Seçmələr bizimdir-A.M. Bax: Bəxtiyar Tuncay, göstərilən əsəri, səh. 127, 130).
Qədim mənbələrə görə Sakların bir qolu oturaq, digər bir qolu da köçəri həyat sürmüş, həm əkinçilik, bağçılıq, həm də maldarlıq və heyvandarlıqla məşğul olmuşlar. Oturaq Saklardan fərqli olaraq köçəri Saklar əlverişsiz yerlərdə uzun müddət qalmamış, iqlim və mövsümə görə özlərinə yeni-yeni yurdlar aramışlar. Ona görə də oturaq Saklardan fərqli olaraq köçəri Saklarla bağlı hər hansı bir şəhər adına və onlara aid rəsm, heykəl və qabartma kimi sənət əsərlərinə rast gəlinməmişdir. Lakin oturaq Saklardan fərqli olaraq köçəri Saklar bəşəri bir mədəniyyət yaratmışlar. Saklara aid qazıntılar nəticəsində Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahillərinə, Şərqi Avropa və Qara dənizin qərb və şimal sahillərindən Çin səddinə qədər yüzlərlə kurqan tapılmışdır ki, bu kurqanlardan tapılan zəngin mədəniyyət nümunələrinin belə bir böyük ərazidə yayılmasına baxmayaraq onların hamısı bir-birinə oxşardır. Bu onunla bağlıdır ki, köçəri Saklar özlərinin yaratdıqları sənət əsərlərinin böyük bir qismini özləri ilə bərabər getdikləri yerlərə aparmışlar.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT

Mənbə: teref.az