Polisin qanunçuluğa və mental dəyərlərə uyğun daha bir addımı – Manaf Ağayevin polisə çağırılması zəruri idi...

Polisin qanunçuluğa və mental dəyərlərə uyğun daha bir addımı – Manaf Ağayevin polisə çağırılması zəruri idi...

Şəmsəddin Əliyev: “Polisin bu məsələyə belə çevik reaksiya verməsinin çox mühüm əhəmiyyəti var”

Məlum olduğu kimi, müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub. BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, M.Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində müğənni M.Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. Proqramın qonağı olan müğənni aparıcının “Qadın Manafı hansı həddə çatdırmalıdır ki, ona əl qaldırsın” sualına, müğənni düşünmədən belə cavab verib: “Mənim belə sakit görünməyimə baxmayın. Elə ola bilər ki, qadının bir kəlmə sözünə görə nəinki öldürmək, onun başını kəsə bilərəm. Mənim ailəm çox yaxşı bilir ki, bu yerdə bu sözü demək olmaz. Çünki Manaf döyər, öldürər, asar-kəsər”.

M.Ağayevin bu cür açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ən başlıcası, onun müəyyən populyarlığa malik olduğunu nəzərə alsaq, belə fikirlər səsləndirməsi çağırış xarakterli ola bilər. Bu da potensial cinayət mənbəyi yarada bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Şərq ölkəsidir. Hər bir ölkənin olduğu kimi, bizim də özünəməxsus mental dəyərlərimiz var. O baxımdan polis bu məsələyə çevik reaksiya verməklə bunun doğura biləcəyi fəsadları, bir növ, önlədi. Hansı ki, ya bilərəkdən, ya bilməyərəkdən kimlərsə cəmiyyətdə bundan pis örnək götürə bilər. Bu baxımdan, polisin sözügedən addımı çox yerində və cəmiyyət üçün faydalı olan bir qərardır.

“Bu, cəmiyyətdə polisin apardığı profilaktik tədbirlərin bir hissəsidir”

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, polisin bu məsələyə belə çevik reaksiya verməsinin çox mühüm əhəmiyyəti var: “Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, ictimai yerdə belə ifadələrin səslənməsi doğru deyil. Xüsusən də efir məkanında bu cür fikirlərin səslənməsi kimlərəsə pis nümunə ola bilər. Bu da xoşagəlməyən fəsadların yaranmasına zəmin yaradır. Çünki belə açıqlamalar insan həyatı üçün təhlükəli sayılan fikirlərdir. Bütün hallarda, polisin onu çağırıb qanunun tələbinə uyğun olaraq tədbirlər görməsi doğru yanaşmadır. Bu, cəmiyyətdə polisin apardığı profilaktik tədbirlərin bir hissəsidir. Polis bu addımı atmaqla baş verə biləcək potensial cinayətləri önlədi. Sözügedən məsələdə hamının diqqətli olmasını cəmiyyətə göstərdi. Çünki bu kimi məsələlər çox həssas xarakterlidir. Belə açıqlamalar kimlərəsə pis örnək ola bilər. Bütün bunları polis nəzərə alıb bu addımı atmaqla baş verə biləcək mənfi fəsadların qarşısını aldı”.

 

Mənbə: www.baki-xeber.com