“Belə məsələlərdə güzəştli davranmaq olmaz” – Fazil Mustafadan Çin işgəncəsinə etiraz

“Belə məsələlərdə güzəştli davranmaq olmaz” – Fazil Mustafadan Çin işgəncəsinə etiraz

Şərqi Türküstanda Çin hökuməti uyğur türklərinə qarşı soyqırım siyasətini davam etdirir. Keçdiyimiz günlərdə BMT-nin İnsan Hüquqları Komitəsinə üzv olan 22 ölkə Çinin Sincan əyalətində məskunlaşan uyğur türklərinə münasibətini pisləyən məktub dərc edib. Bu ölkələr sırasında Yeni Zellandiya, Fransa, Almaniya, Danimarka, İngiltərə, Yaponiya kimi ölkələr yer alıb. Yəni, bu siyahıda türk və müsəlman ölkələrinin adı yoxdur. Maraqlıdır ki, Pakistan, Misir, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qatar, Somali və s. müsəlman və türk ölkələri Çinin assimilasiya prosesini dəstəkləyən 37 ölkə siyahısında yer almağa üstünlük verib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan millət vəkili Fazil Mustafa problemin səbəbini iqtisadi maraqlarda görüb:

“Dinlə bağlı münasibətlərin yaxşı, normal olmasına baxmayaraq, bu ölkələrin çoxu prosesi dəstəkləyir. Amma enerji resurslarının Çinə çıxarılması istiqamətində müqavilələri olduğuna görə bunun pozulmasında maraq göstəmirlər. İqtisadi maraqlar milli maraqlardan önə çıxır. Buna insan haqları konseptindən yanaşmaq lazımdır. Çinin Şərqi Türküstandakı assimilasiya siyasəti hamı tərəfindən, xüsusilə türklər tərəfindən pislənməlidir. Bu çox önəmlidir. Belə məsələlərdə güzəştli davranmaq olmaz”.

Millət vəkilinin sözlərinə görə, Avropa ölkələrinin Çinlə bağlı iqtisadi maraqları olmadığı üçün bu məsələdə aktivlik göstərir:

“Avropada da iqtisadi maraqlardan yanaşma mövcuddur. Kimin ki, Çinlə iqtisadi əlaqələri yoxdur insan haqları məsələsini gündəmə gətirir. Kimin ki, o maraqları var, geri çəkilir”.

Elnarə İlham

Mənbə: yenisabah.az