İranla müharibəni istəməyən kimdir – Tramp, ya ətrafı...

İranla müharibəni istəməyən kimdir – Tramp, ya ətrafı...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın NBC telekanalına müsahibəsində deyib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla müharibə istəmir, lakin onun ətrafı bu mövqeyi bölüşmür, tam əksini istəyir: "Düşünmürəm ki, Prezident Tramp müharibə istəyir, lakin əminəm ki, onun ətrafı buna etiraz etməzdi”.

O əlavə edib ki, Tramp təzyiq altındadır, lakin ətrafdakıların onun qərarlarına təsir etmək cəhdləri "sonda uğurla nəticələnmir, çünki ağıl üstünlük təşkil edir". "İran böyük, qürurlu ölkədir və biz hərbi hücumlara biganə qalmayacağıq", - deyə Zərif bildirib.

İranın rəsmi şəxsinin bu mövqeyini necə dəyərləndirə bilərik? Doğrudanmı İranla müharibəni Tramp yox, onun ətrafı istəyir?

  • Yeganə Hacıyeva: “Heç bir halda bu, silahlı müdaxilə olmayacaq”

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, İranın səsləndirdiyi bu fikirdə həqiqət payı var: “Tramp hər nə qədər İranı sevməsə də, hələlik ora ilə bağlı konkret addım atmaq fikrində deyil. Tramp Yaxın Şərqlə bağlı risqli addım atan siyasətçi oldu. Qüdsü İsrailin paytaxtı elan etməklə o, ABŞ prezidentlərinin bu mövzu ətrafında spekulyasiya etmələrinə birdəfəlik son qoydu. İran bilir ki, Trampın ətrafında və çox yaxınlığında yəhudi lobbisinin nümayəndələri var. Konkret olaraq onun qızının həyat yoldaşı Kuşner yəhudidir. İran bu amillərdən narahatdır. İkinci məqam isə Trampın ətrafında olan silah sindikatlarıdır. 2016-cı ilin əvvəlində ABŞ-da bir qanun layihəsi müzakirəyə çıxarıldı. Orada bildirilirdi ki, silah istehsalı ilə məşğul olan müəyyən şirkətlər qaynar ocaqlardakı münaqişələrlə bağlı məsələlərə cəlb oluna bilərlər. Söhbət silah satışından gedirdi. Bu da böyük puldur. Yəni İranla silahlı münaqişənin olması həm də onların marağındadır. Burada milyardlarla dollar “yuyula” bilər. Bu da silah sindikatlarının mövqeyini Trampın yanında daha da möhkəmlətdi. Respublikaçılar Partiyasının ABŞ-da hakimiyyətdə olduğu dönəmdə silah tədarükü və təchizatı ilə bağlı hər zaman qanun layihələri qəbul edilib. Hətta ABŞ-ın özündə buna narazılıq edənlər çoxdur. Ötən əsrin 70-ci illərindən sonra bu sanki ötür-ötür oyununa bənzəyir. Demokratlar silahla bağlı qanunları sərtləşdirir, Respublikaçılar gələn kimi bunun əksini edirlər. Bir məsələ də var ki, Tramp seçkiqabağı verdiyi bütün vədləri yerinə yetirməyə çalışan prezidentdir. Çoxuna da əməl edir. İranla da bağlı onun vədi var. Qarşıdan yeni seçkilər gəlir. Bu baxımdan da Tramp ətrafının təkidlərinə baxmayaraq, İranla bağlı preventiv qərarlar qəbul etməyə çalışacaq. Ancaq heç bir halda bu, silahlı müdaxilə olmayacaq. İran minillik tarixi olan ölkədir. Güclü müdafiə səddinə malikdir. Özü ilə yanaşı, ətrafında olan ölkələrdən ibarət bir şiə hilalı yaratmağı da bacarıb. Tramp ağıllı davranır. Bilir ki, ora nə İraq, nə də Suriyadır. Silahlı müdaxilə etsə, ilişib qala bilər”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com