"750 minlik əhalinin qovulduğu ərazidə onlar guya seçki keçirirlər" ÖZƏL-MÜNASİBƏT

"750 minlik əhalinin qovulduğu ərazidə onlar guya seçki keçirirlər" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycanın işğal altındakı torpaqlarda keçirilən istənilən aksiya təbiidir ki, qanunsuzdur. Çünki bu torpağın əsil sahibləri orda deyillər. Bu mənada keçirilən istənilən aksiya, o cümlədən də seçki kampaniyaları ümumi ictimai rəyi əks etdirə bilməz". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"O baxımdan Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında seçki adı altında keçirilən o məzhəkə təbiidir ki, dünya tərəfindən ciddi qəbul edilmir. Hətta yaxın qonşu Gürcüstan belə o seçkiləri tanımadığı haqqında bəyanat verir. Yəni ermənilər əslinə qalanda bu cür seçki tamaşaları, teatrları təşkil etməklə özlərini gülünc günə qoymuş olurlar. Dünya çörəyi qulağına yemir. Hamı bilir ki, ora işğal altındakı torpaqlardır. Təbii ki, işğal altındakı torpaqlarda da hər hansı seçkidən söhbət gedə bilməz. Orada hərbi rejim hakimdir. Təbiidir ki, hərbi rejimin hakimliyi altında xalqın səs verməsi, hər hansı formada öz iradəsini ifadə etməsi mümkün deyil. Bununla belə bu gün Qarabağ və ətraf rayonlardan Azərbaycan əhalisi faktiki olaraq son nəfərinə kimi qovulub çıxarılıb. Yəni 750 minə qədər azərbaycanlı oradan qovulub. Yerdə qalan isə 70-80 min ermənidir. İndi siz təsəvvür edin ki, 750 minlik əhalinin qovulduğu bir ərazidə onlar guya seçki keçirirlər. Axı onlar kimin rəyini öyrənirlər və yaxud da kimin seçkidə iştirakını təmin edirlər"-deyə, A.Həsrət fikrini tamamlayıb.

Mənbə: sia.az