Paşinyan hami axtarışında: Moskva təzyiq etdikcə, Ağ Evə sığınır

Paşinyan hami axtarışında: Moskva təzyiq etdikcə, Ağ Evə sığınır

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Asambleyasının 74-cü sesiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməyə çalışır.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan görüşün baş tutacağını bildirsə də, Ağ Evdən bu məlumatı hələlik təsdiq etməyiblər. Mnatsakanyan görüşün gündəliyi üzərində işlədiklərini deyib. Qeyd edək ki, Nikol Paşinyan eyni zamanda erməni diasporası və lobbisinin nümayəndələri ilə görüşmək üçün ABŞ-a yola düşür. Sentyabrın 22-də Paşinyanın sözügedən tədbirə qatılması nəzərdə tutulub.

Lakin Paşinyanın Trampla görüşmək üçün sentyabrın 22-də həm də Vaşinqtona gedəcəyi xəbər verilir. Yəni Baş nazirin səfər proqramında uyğunsuzluq olduğuna görə, bu görüş baş tutmaya da bilər. Ancaq N.Paşinyan istənilən halda, prezident Trampın qəbuluna düşmək istəyir. Görünür, ölkədə iqtisadi problemlərin həllinə nail ola bilməyən və Rusiyanın siyasi təzyiqləri ilə üzləşmiş N.Paşinyanın ABŞ-ın ciddi dəstəyinə ehtiyacı var. Vaşinqtonun “Məxməri inqilab” planı üzərində hakimiyyətə gəlmiş N.Paşinyanın ABŞ-la münasibətlərində son zamanlar ciddi boşluq yaranıb. Bəzi siyasi müşahidəçilər Baş nazirin ABŞ-ın dəstəyini itirməsini Paşinyanın xarici siyasətdə spekulyativ addımlar atması ilə izah edir. Yəni hakimiyyətə gəlməzdən öncə Dağlıq Qarabağ probleminin həllində kompromisə gedəcəyinə və Qərbə inteqrasiya siyasəti yürüdəcəyinə dair öhdəliklər götürən N.Paşinyan sonradan vədindən yayınmağa başladı. Dağlıq Qarabağ münaqişəsində Ermənistan güzəştə getmək əvəzinə daha sərt kurs nümayiş etdirdi. Xarici siyasətdə isə Rusiya və İranla münasibətlərdə demək olar ki, dəyişkilik baş verməyib. Ermənistanın Avrointeqrasiya siyasəti daha çox ABŞ-ın rəqibi Fransa ilə tərəfdaşlıq münasibətlərini ikitərəfli qaydada artırmaqdan ibarət olub.

Ötən il Rusiya Prezidenti Vladimir Putinin xahişi ilə Ermənistan hərbi kontingentinin “humanitar misiya” adı ilə Suriyaya göndərilməsi isə N.Paşinyanın D.Trampla görüşünə mane olan əsas səbəblərdən birini təşkil edib. Hətta ABŞ-ın dövlət katibi Mayk Pompeo Zöhrab Mnasakanyanın telefon zənginə cavab verməyərək dəstəyi yerinə atmışdı. Lakin N.Paşinyan bu il Donald Trampla görüşmək üçün bütün resurslarını işə salıb. Onun ABŞ-da güclü siyasi mövqeyə malik erməni diasporasını və lobbisini səfərbər etməsi də çox güman ki, Ağ Evin rəhbərinə çıxış imkanı əldə etmək məqsədi daşıyır.

Ermənistan müxalifətinin iddiasına görə, Paşinyanın Trampla görüşməkdə məqsədi maliyyə dəstəyi almaqdır. Artıq Ermənistan ABŞ-dan 2 milyard dollara yaxın yardım alıb. Ona görə də Paşinyan Putinlə münasibətləri qaydaya sala bilib.

Buna baxmayaraq, Ermənistan hökumətinin rəhbərinin ABŞ-a rəsmi səfər edəcəyi barədə məlumatı Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent təkzib edib. O, “Birləşmiş Ştatlar Ermənistanı firavan, uğurlu görmək istəyir”-deməklə kifayətlənib. O deyib ki, 2018-ci ildə hakimiyyətin dinc şəkildə ötürülməsi Ermənistanın inkişafı üçün yeni imkanlar açılıb və ABŞ bu işdə ona kömək etməkdə maraqlıdır. Kentin sözlərinə görə, Ermənistan müstəqillik qazandıqdan bəri ABŞ-dan 2 milyard dollar maliyyə yardımı alıb. Bu vəsait təhsil proqramlarının, kəndlərin abadlaşdırılması və ərazilərin minalardan təmizlənməsi məqsədilə verilib.

Bundan başqa, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ABŞ alternativ elektrik enerji mənbələrinin inkişaf etdirilməsi və demokratik islahatların həyata keçirilməsi məqsədilə də Ermənistana maliyyə ayırıb. Lakin Paşinyan ABŞ prezidentini Ermənistana daha yüksək məbləğdə yardım göstərməyin vacibliyinə inandırmağa çalışır.

Bu ilin may ayının əvvəlində ABŞ adminstrasiyasının nümayəndələri İrəvana səfər edərək onun Trampla görüşü məsələsini müzakirə edib. Ancaq bu danışıqları təşkil etmək mümkün olmayıb. Baş nazir bunun iş qrafiki və digər hallarla bağlı olduğunu deyib. Sonra Paşinyan Nyu-Yorkda soydaşları ilə görüşməyi planlaşdırsa da, bu baş tutmayıb. Ümumiyyətlə, ABŞ və Ermənistan arasında yüksək səviyyəli təmasların olmaması səbəbindən ikitərəfli münasibətlərdə çatışmazlıq yaranıb. Ona görə də hazırda Ermənistan Rusiyaya ABŞ-dan daha yaxın hesab edilir. Nikol Paşinyan Vladimir Putinlə bir neçə dəfə görüşsə də, Donald Trampla əl sıxmağa nail ola bilməyib. Bu isə iqtisadi baxımdan Ermənistana Moskvanın köməyi ilə bir neçə mühüm layihəni həyata keçirməyə imkan yaradır. Rusiya Metsamor AES-in bağlanmasından sonra Ermənistanda yeni atom elektrik stansiyasının inşasını planlaşdırır. Həmçinin, Rusiya BMT-nin İnkişaf Proqramı çərçivəsində Ermənistanın bölgələrində gənclərin təhsili və məşğulluğunu təşviq etmək niyyətindədir. Bu məqsədlə 0,8 milyon dollar dəyərində layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Ancaq Rusiyanın iqtisadi üstünlüyü Paşinyana Ermənistanı Kremlin siyasi təsir dairəsindən çıxartmağa mane olur. “Məxməri inqilab”dan bir il beş ay ötsə də, Rusiya Ermənistan üzərində geosiyasi mövqelərini qoruyub saxlaya bilib. Vladimir Putinin oktyabr ayında İrəvana gözlənilən səfərindən sonra isə Rusiyanın Paşinyan iqtidarına təzyiqlərinin artacağı proqnozlaşdırılır. Hətta erməni mediası Putinin həbsxanaya gedərək eks-prezident Robert Köçəryanla görüşəcəyini yazır. Böyük ehtimalla Putin Ermənistana səfəri zamanı Paşinyandan Köçəryanı azadlığa buraxmağı xahiş edəcək. Ermənistanın Baş Prokurorluğu isə Konstitusiya Məhkəməsinin qərarının R.Köçəryan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaratmadığını bəyan edib. Əgər Köçəryan həbsdə saxlanarsa yaxın aylarda İrəvanla Moskvanın münasibətlərində gərginlik yaranacağı istisna olunmur. Ona görə də Paşinyan Putinin səfərinə qədər Trampla görüşməklə ABŞ-ın siyasi dəstəyini əldə etmək istəyir. Ekspertlər Paşinyanın bu davranışını onun iki stulda əyləşməsi kimi dəyərləndirir. Görünür, Paşinyanın Ağ Evin yalnız maliyyə deyil, həm də siyasi yardımına ehtiyacı var. ABŞ Prezidenti ilə görüş Paşinyan üçün Putinin təzyiqlərindən müdafiə olunmaq üçün “siyasi antibiotik” rolunu oynaya bilər.

Mütəxəssislərin fikrincə, hazırda Ermənistan ya da Gürcüstan Trampa heç də maraqlı deyil. Onun üçün daha vacib mövzular var. Bu o deməkdir ki, Paşinyanla gözlənilən görüş baş tutarsa, onun nəticələri çox güman ki, formal xarakter daşıyacaq.

Amerikalılar sürətli fayda götürmək baxımından perspektivsiz olan sərmayələrə maraq göstərmir. Ona görə də ABŞ-ın maraqları daha çox geosiyasi amillə bağlı ola bilər.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info