18-ci ilində "11 Sentyabr": Hücumlar və geridə qoyduğu izlər nələrdir? - Araşdırma

18-ci ilində "11 Sentyabr": Hücumlar və geridə qoyduğu izlər nələrdir? - Araşdırma

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ tarixinin ən böyük terror aktı adlandırılan və müasir dünya tarixinin dönüş nöqtələrindən biri olan 11 Sentyabr hücumlarının üzərindən 18 il keçir.

11 Sentyabr hücumları terrorçu təşkilat "əl-Qaidə"nin 4 təyyarəni ələ keçirərək ABŞ-ın mühüm strukturlarını hədəf aldığı və təxminən 3 min insanın ölümünə səbəb olduğu 4 ölümcül hücumu əhatə edir.

11 Sentyabr 2001-ci il tarixində səhər saatlarında "əl-Qaidə" təşkilatının ələ keçirdiyi 4 təyyarədən ikisi ABŞ-ın Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin "Əkiz Qüllələr" kimi tanınan cənub və şimal qüllələrinə çırpılaraq kamikadze hücumu edilib.

Təyyarələrdən üçüncüsü, ABŞ Müdafiə Nazirliyinin qərargahı Pentaqona dəyib və Pensilvaniyanın Pittsburq şəhərindəki Yəhudi Sinaqoqunu hədəf alan digər təyyarə isə F-16-lar tərəfindən Pensilvaniya əyalətində vurulub.

Hücumlardan sonra Əkiz Qüllələrin yanması və ard-arda çökməsi tarixi bir görüntü olaraq yaddaşlarda öz yerini alıb.

30 min nəfərin işlədiyi Dünya Ticarət Mərkəzinin "Əkiz Qüllələr"ində 2 min 606 nəfər, Pentaqonda 125 nəfər, qaçırılan təyyarələrdə isə 246 nəfər həyatını itirib. Rəsmi orqanlar ölü sayını, 19 terrorçu ilə birlikdə 2 min 996 nəfər olaraq açıqlayıb.

Dövrün ABŞ Prezidenti Corc Uolker Buş hücumlardan sonra ilk bəyanatlarda, "Minlərlə həyat anidən, pis və alçaqcasına terror aktları ilə başa çatdı",- deyib.

11 Sentyabr terror hücumlarından 11 gün sonra ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yaradılıb.

ABŞ 11 sentyabr 2001-ci ildən sonra növbə ilə Corc Buş, Barak Obama və Donald Tramp olmaqla 3 prezident görüb. Bu hər üç prezident də 11 Sentyabrdan bu günə qədər davam edən "terrora qarşı müharibə" öhdəliyinə üstünlük verib.

11 Sentyabr hücumları ABŞ başda olmaqla bütün dünyanın "terror həyəcan siqnalına" keçməsinə səbəb olur. Hava limanlarında, ölkə sərhədlərində, bina girişlərində təhlükəsizlik tədbirləri artırılır. ABŞ immiqrant siyasətini dəyişdirir və deportasiya sayı sürətlə yüksəlir.

Dünya miqyasında terror qorxusu, islamofobiya və irqçilik getdikcə artır.

Usame bin Laden və Əfqanıstan Müharibəsi

11 Sentyabr hücumlarının, şübhəsiz ki, ən mühüm nəticələrindən biri "terrorla mübarizə aparan" ABŞ-ın Əfqanıstana elan etdiyi müharibə olub.

Hücumlardan qısa bir müddət sonra Buş, əfqan "Taliban" təşkilatından hücumların arxasındakı beyni, "əl-Qaidə" lideri Usame bin Ladeni təslim etməsini istəyir.

Əfqanıstanda bu gün hələ də davam edən müharibə "Taliban"ın Bin Ladendən əl çəkməməsi və "qonaq" olduğu səbəbilə ekstradisiya olunmamasından sonra başlayır.

ABŞ 7 oktyabr 2001-ci ildə Əfqanıstandakı "Taliban" rejiminə və Usame bin Ladenin terror şəbəkəsini məhv etməyə yönəlmiş Şimal İttifaqının da dəstəklədiyi bir əməliyyat başladaraq Əfqanıstanı bombalamağa başlayır.

"Əl-Qaidə"nin qurucusu və lideri Usame bin Laden bundan düz 10 il sonra, 2 may 2011-ci ildə ABŞ qüvvələrinin keçirdiyi bir əməliyyat ilə gizləndiyi Pakistanın Abbotabad şəhərində öldürüldü.

"Əl-Qaidə"nin liderliyini bu gün Ladenin köməkçilərindən biri olan Əyman əl-Zəvahiri davam etdirir.

Lideri Bin Ladenin öldürülməsi və İŞİD-in ortaya çıxmasından sonra "əl-Qaidə"nin əvvəlki gücünü nisbətən itirdiyi güman edilir. Ancaq "əl-Qaidə" təşkilatı hələ də varlığını davam etdirir və hücumlarına davam edir.

ABŞ "terrorçuluqla mübarizə" səbəbilə daxil olduğu Əfqanıstandan hələ də çıxmayıb.

8 sentyabr 2019-cu ildə "Taliban" ABŞ Prezidenti Trampın sülh danışıqlarını dayandırdığını elan etdiyi açıqlamasına təhdidlə qarşılıq verib.

Sülh prosesi çərçivəsində ABŞ-ın "prinsipdə razılaşılması" halında ilin sonuna qədər 14 min əsgərindən 5 minini çıxarması, növbəti 16 ay içərisində də mərhələli olaraq ABŞ əsgərlərinin böyük hissəsinin çıxarılması nəzərdə tutulurdu.

"Taliban" isə buna qarşılıq olaraq "əl-Qaidə" ilə tamamilə əlaqəsini kəsəcək, Əfqanıstan ərazilərindən silahlı qruplar tərəfindən ABŞ və müttəfiqlərinə qarşı istifadə edilməsinə mane olacaq və əfqan hökumətilə müzakirə aparacaqdı.

Mənbə: Euronews Oxunub: 17 dəfə; Tarix: 2019-09-11 13:38Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz. Sosial səhifələrdə paylaş Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.

Mənbə: eastnews.org