RUSİYA-UKRAYNA MÜNASİBƏTLƏRİ AB-DƏ PARÇALANMAYA SƏBƏB OLUB

RUSİYA-UKRAYNA MÜNASİBƏTLƏRİ  AB-DƏ PARÇALANMAYA SƏBƏB OLUB

Görünür, Rusiya və Ukraynanın arasında baş tutan məhbusların mübadiləsi prosesi Moskva ilə Kiyevin, həmçinin Avropa paytaxtlarının mürəkkəb münasibətlərində yeni səhifə açır. Lakin nəticədə AB daxilində parçalanmaya səbəb ola biləcək güclü əks reaksiya riski mövcuddur. Bu barədə “Financial Times” qəzetində dərc olunan məqalədə deyilir.

Avropa liderlərinin bəzisi Rusiya ilə Ukrayna arasında artıq beş ildir davam edən münaqişə fonunda hər bir tərəfin eyni zamanda 35 məhbusu azad etməsini irəliləyiş adlandırıb, müsbət qarşıladığı halda, başqaları 2014-cü ildə Malayziya aviaşirkətinə məxsus “MH17” reysi ilə uçan sərnişin təyyarəsinin rus raketi ilə vurulmasında şübhəli bilinən şəxsin Rusiyaya təhvil verilməsi ilə bağlı narahatlığını dilə gətirib.

Hollandiya müstəntiqləri ukraynalı separatçılardan ibarət dəstənin komandiri Vladimir Semaxı 298 nəfərin, o cümlədən 200 holland vətəndaşının ölümünə səbəb olan təyyarə qəzası ilə əlaqədar aparılan araşdırmada “istintaq üçün maraq doğuran şəxs” adlandırıb.

Nəşr xatırladır ki, apreldə keçirilən prezident seçkilərində böyük üstünlüklə qələbə qazanan keçmiş komediya aktyoru Zelenski tanınmış məhbusların, o cümlədən məşhur kinorejissor Oleq Sensov və ötən il Krım sahillərində Ukraynaya məxsus üç gəmi saxlandıqdan sonra həbs edilən 24 dənizçinin azad edilməsinə nail olduğu üçün həm ölkə daxilində, həm xaricdə müsbət qarşılanıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto (Pekka Haavisto) ötən həftə “Financial Times” qəzetinə müsahibəsində vurğulayıb ki, Rusiyanın “bu və ya başqa şəkildə aktiv tərəfdaş kimi iştirak etdiyi” Suriya və ya Liviya kimi böhranların “həllini təsəvvür etmək çox çətindir”.

Həm Finlandiya, həm Fransa Kremlin Minsk sazişini yerinə yetirməli olduğunu qeyd edib. Ukrayna münaqişəsinin başa çatmasına yönəlmiş saziş bütün rus qoşunları və hərbi texnikasının Ukrayna ərazisindən çıxarılmasını nəzərdə tutur.

Lakin gərginliyin azaldılması ilə bağlı həyata keçirilən strategi üzrə AB-də parçalanma mübadilə prosesinin ən mübahisəli aspekti ilə əlaqədar aşkar hal alıb: söhbət Semaxın Rusiyaya təhvil verilməsindən gedir. Hollandiyanın xarici işlər naziri Stef Blokun (Stef Blok) sözlərinə görə, Amsterdam Ukraynadan Semaxın həmin siyahıya daxil edilməməsini xahiş edib. Blok ölkə parlamentinə göndərdiyi məktubda məlumat verib ki, Semaxın azad edilmədən öncə niderland müstəntiqləri tərəfindən dindirilməsi üçün Kiyev planlaşdırılan mübadilə sazişini ləngidib. “Hökumət Moskvanın təzyiqi altında Semaxın mübadilə siyahısına daxil edilməsindən dolayı təəssüf hissi keçirir”, - deyə nazir qeyd edib.

Semaxın təhvil verilməsi qərarı ilə bağlı tənqidlərə cavab verən Zelenski ötən həftə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Ukrayna hökuməti vurulan təyyarə ilə əlaqədar Semaxın ifadəsini alıb. “Biz onu dindirdik. Özü də təkcə mübadilədən öncə yox, - deyə prezident bildirib. – Biz bunu etdik, bizdən xahiş olunan hər işi gördük”.

Daha bir sual son vaxtlar Putinin rəğbətini qazanmağa çalışan və Rusiyanın yenidən “Böyük yeddilik” qrupuna daxil edilməsini təklif edən prezident Trampın səylərinə baxmayaraq, Moskvaya qarşı sanksiyaları sərtləşdirən ABŞ-ın fikri ilə əlaqəlidir.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker (Kurt Volker) özünün “Twitter” hesabından baş tutan məhbus mübadiləsinə görə “çox şad olduğunu” bildirib, eyni zamanda Vaşinqtonun Putindən daha çox şey gözlədiyinə eyham vurub.

Mənbə: www.xpressa.net