"Boltonun işdən çıxarılması Azərbaycanın maraqlarına təsir göstərməyəcək" - Rasim Musabəyov

"Boltonun işdən çıxarılması Azərbaycanın maraqlarına təsir göstərməyəcək" - Rasim Musabəyov

Prezident Tramp, Con Boltonun ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri vəzifəsindən azad edilməsinə imza atmaqla impulsiv hərəkət etdi. Dövlət prezidentin yüksək temperamenti ilə idarə olunmamalıdır. Tramp hisslərinin təsiri altında 2018-ci ilin mart ayında işdən xaric etdiyi dövlət katibi Reks Tillersonla da belə davranmışdı. Bunu Eurasia Diary-yə açıqlamasında politoloq və Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

О, Azərbaycanla əməkdaşlıq edən Amerikanın Exxon Mobile şirkətinin rəhbərlərindən biri olduğu üçün keçmiş dövlət katibi Tillersonu Azərbaycan üçün sərfəli şəxs sayır.

Boltonun işdən çıxarılmasının Azərbaycan üçün nəticələri barədə suala Musabəyov sual ilə cavab verib: “Tillersonun işdən çıxarılması Azərbaycana necə təsir etdi? Heç cür. Boltonun getməsi ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək, çünki Azərbaycan və bütün Qafqaz Amerikanın prioritet maraqlarına daxil deyil. Kiçik ölkələr üçün vəziyyət belədir: dünyada birdən çox fövqəldövlət varsa, kiçik ölkələr rahat şəkildə özləri üçün manevr sahəsi seçə bilərlər. Bu mənada Amerika prezidentinin impulsiv hərəkətləri Azərbaycan üçün həlledici deyil", deyə Rasim Musabəyov bildirib.

Tramp Con Boltonu milli təhlükəsizlik müşaviri vəzifəsindən uzaqlaşdırdığını söyləyib. Twitter hesabında Tramp, administrasiyasının digər üzvləri kimi Boltonun bir çox mühakimələri ilə qəti şəkildə razılaşmadığını qeyd edib.

"Mən Condan istefa etməsini istədim və bu səhər onun istefasını qəbul etdim. Göstərdiyi fəaliyyətə görə Cona təşəkkür edirəm. Gələn həftə yeni milli təhlükəsizlik müşaviri təyin edəcəyəm", Tramp deyib.

Kamal ƏLİ

Mənbə: ednews.net