KİYEV RUSİYA İLƏ İMZALANMIŞ SAZİŞLƏRİN LƏĞVİNƏ TƏLƏSMİR

KİYEV RUSİYA İLƏ İMZALANMIŞ SAZİŞLƏRİN LƏĞVİNƏ TƏLƏSMİR

Ukrayna hökuməti Poroşenko administrasiyası tərəfindən başladılan, Rusiya ilə ikitərəfli sazişlərin ləğvi prosesində fasilə götürüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi və başqa dövlət strukturlarında Ukrayna məsələləri ilə məşğul olan mənbələrə istinadən “Kommersant” qəzeti xəbər verir.

Məlumatda deyilir ki, Kiyev ikitərəfli sazişlərin pozulması haqqında Moskvaya xəbərdarlıq göndərməyi dayandırıb. Nəşr xatırladır ki, Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin hələ ötən ilin noyabr ayında ləğv edilən silsilə sazişlərdən sonra Rusiya ilə 40 yeni müqavilənin pozulacağını elan edib.

O vaxtdan bəri söz verilən həmin sazişlərdən heç biri ləğv edilməyib. Mənbələrdən biri bildirib ki, Rusiya Ukrayna tərəfindən hansısa sazişdən çıxması barədə çoxdandır xəbərdarlıq almır. “Ola bilsin, nəyisə kəsib atıblar, ancaq bizə bu haqda məlumat verilməyib”, - deyə o bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən qəzetə bildiriblər ki, nazirlik sənədlərin etibarsız elan edilməsi prosesində fasiləyə diqqət çəkib. Qurumdan səslənən ehtimallara əsasən, ola bilsin, Ukraynada yeni hökumət kadr məsələləri ilə məşğuldur və onun Rusiya ilə sazişləri ləğv etməyə hələ vaxtı yoxdur.

Mənbənin fikrincə, bu məsələ ilə bağlı nəticə çıxarmaq hələ çox tezdir. O qeyd edib ki, Kiyev tərəfdən sazişlərin ləğvi prosesinin ləngidilməsi mesaj olacaq. “Bir var, köhnəlmiş sənədlərdən çıxsınlar. Belə sənədlər var. Bir də var ki, yeni sazişlərə keçsinlər. İkinci siyasi seçim anlamına gələcək”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Mənbə: www.xpressa.net