PUTİNİN AMBİSİYALARI SSRİ-Nİ BƏRPA ETMƏYƏ KÖMƏK EDƏCƏKMİ?

PUTİNİN AMBİSİYALARI SSRİ-Nİ BƏRPA ETMƏYƏ KÖMƏK EDƏCƏKMİ?

Rusiya güclü dövlət hesab edilə bilərmi? Maraqlı sualdır. Çünki iqtisadi cəhətdən ölkənin ÜDM-i Cənubi Koreyanın ÜDM-dən bir balaca çoxdur. Bu cür iqtisadi göstəricilər iki Çinin yerləşə biləcəyi, 17 milyon kvadrat kilometrdən çox sahəyə malik ölkənin statusuna uyğun gəlmir. Bu səbəbdən Rusiya iqtisadi baxımdan heç də böyük dövlət deyil. Bu barədə Çinin “Sohu” qəzetinin redaksiya məqaləsində deyilir.

Ancaq problem ondadır ki, Rusiya iqtisadi gücü ilə müqayisə edilməyəcək dərəcədə güclü iqtisadi və siyasi təsirə malikdir. Redaksiya heyəti dünyadakı mövcud vəziyyətə nəzər yetirməyi təklif edir: “Amerika və Avropa çox güclüdür, onlar başqa ölkələrin maraqlarını nəzərə almadan istədikləri hər şeyi əldə edə bilərlər, bəs Rusiya ilə belə davranmağa cəsarətləri çatarmı? Özünüz düşünün. ABŞ-ın himayəsi olmasaydı, gücü ilə öyünən hansı Avropa ölkəsi təkbaşına Rusiyaya meydan oxuya bilərdi? Almaniya, Böyük Britaniya və Fransanın ÜDM-i demək olar Rusiyanın ÜDM-nə bərabərdir, lakin onlar ona meydan oxumağa tələsmirlər. Onlar birlikdə hərəkətə keçmək istəsələr belə qorxudan titrəməyə davam edəcəklər. Rusiya daha pis vəziyyətə düşsə belə, əvvəlki kimi Avropa və AB-ə daha aqressiv müqavimət göstərəcək”.

Mühüm bir sual meydana çıxır: bir ölkənin güclü olub olmadığını necə müəyyənləşdirmək olar? Ölkə özü-özünü güclü hesab edə bilərmi, yoxsa ətraf ölkələrin fikri nəzərə alınmalıdır? Bir çoxları hesab edir ki, iqtisadi vəziyyətinə görə Rusiya nə ölüdür, nə diri və onu güclü dövlətlərin cərgəsinə aid etmək olmaz. Bununla belə, Rusiyanın beynəlxalq siyasətdəki həlledici rolunu danmaq olmaz.

Nəşr hesab edir ki, Rusiyanı birtərəfli qaydada qiymətləndirmək olmaz. Bu ölkədə yaranmış vəziyyət bir çox tarixi səbəblərlə izah olunur. Sovet dövrü ilə müqayisədə Rusiyanın gücü xeyli zəifləyib və indi ölkə bərpa mərhələsindədir. Belə söyləmək olar ki, SSRİ yaranandan bəri ölkənin ən böyük zəiflik nümayiş etdirdiyi tarixi dövrlərdən biridir.

Rusiyanın güclü ordusu var. Şübhəsiz, bu ordunun böyük miqyaslı müharibəyə, üstəlik ABŞ və Qərb ilə dünya müharibəsinə gücü çatmaz. Amma ölkənin müdafiəsini təmin etmək üçün Rusiyanın kifayət qədər hərbi gücü var. Heç bir ölkə Rusiya torpaqlarında ona qalib gələ bilmir” – bu fikir İkinci Dünya Müharibəsindən bəri danılmaz fakta çevrilib. Ölkə dünyanın ən sərt hava şəraitindən birinə malik regionda, soyuq qütbdə yerləşir. Bütün il boyu ölkə ərazisində yaşayan ruslara hücum keçməkdənsə, müdafiə olunmaq daha asandır. Bir vaxtlar güclü nasist ordusu Stalinqradı ələ keçirə bilməmişdi. Rusiya gələcəkdə daha güclü rəqiblə üzləşəcəkmi?

Rusiya müdafiə sahəsində problem yaşamamaqla yanaşı uzaq məsafəli, güclü hücum silahları ilə də öyünə bilər. Müasir Rusiya ən güclü raket qoşunlarına, atom sualtıqayıqlarına, uzaq məsafəli strateji bombardmançılara və hipersəsli raketlərə malikdir. Bütün dünya onun ovcunun içindədir və onunla yalnız ABŞ rəqabət apara bilər. Rusiya hipersəsli raketlərin hazırlanması sahəsində ön sıralardadır. Əldə olunan məlumata əsasən, hal-hazırda 20 max sürəti ilə uça bilən, hipersəsli “Avanqard” raketləri artıq arsenala daxil edilib. Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən heç biri bu qəbildən olan raketləri tutmaq iqtidarında deyil. Amerikanın analoji raketləri hələ sınaq mərhələsindədir. Onların arsenala daxil ediləcəyi tarix hələ müəyyənləşdirilməyib.

“Rusiya donanması Amerika donanmasından o qədər geri qalır ki, hətta onların müxtəlif inkişaf səviyyəsində olduğunu söyləmək olar. Sualtı qayıqlar nəzərə alınmasa, Rusiyanın suüstü donanması Amerika donanmasından çox geri qalır. Donanma daha çox silahlı qüvvələrin hücum növünə aiddir. Rusiya ondan müdafiə üçün istifadə etsə, donanmanın çatışmazlıqlarına laqeyd qala bilməyəcək. Rusiya sahilləri boyu yerləşdirilən böyük sayda raketləri nəzərə alsaq, hansısa dövlətin bu ölkənin akvatoriyasına yaxınlaşmağa ürək edəcəyini düşünmürəm. Bundan başqa, “mübariz xalq” öz cəsarəti və sarsılmazlığı ilə ad çıxarır: onları heç nə dayandıra bilməz və onlar düşünmədən “gəmiləri toqquşduraraq bütöv bir döyüş” təşkil edə bilərlər. Tarix bu cür hadisələrə artıq şahidlik edib”, - məqalədə deyilir.

“Bir sözlə, hələ də Rusiyanın güclü dövlət olduğuna inanıram. Ölkə gücünə görə dünyada haqlı olaraq ikinci yeri tuta bilər. Sürətli artım tempinə baxmayaraq, Çinin hələ də bir çox çatışmazlığı var və o, bununla mübarizə aparmalıdır. Məsələn, Çin Xalq Respublikası hərbi sahədə təyyarə mühərrikləri, atom sualtı qayıqları və uzaq məsafəli strateji bombardmançılarla əlaqəli məsələlərdə hələ də hər şeyi Rusiyadan öyrənir. Aydındır ki, Çinin uğurlu olmağa potensialı və ümidi var, ancaq bunun üçün vaxt lazımdır”, - nəşr yazır.

“Yadınızdadırsa, Putin bir dəfə belə demişdi: “Mənə 20 il verin və mən sizə güclü Rusiya qaytaracam!”. Rusiya prezidenti hələlik bu məqsədinə çatmayıb, lakin onun sayəsində ruslar ölkənin ən çətin dövründə ən mühüm keyfiyyətlərini – alicənablıq və nüfuzlarını saxlaya biliblər. Bu da tərifəlayiq haldır”, - məqalənin sonunda deyilir.

Mənbə: www.xpressa.net