“Səddam Hüseyn türkmanlara öz ölüləri üçün yas tutmağı qadağan etmişdi" - Kərküklü alimdən qandonduran açıqlamalar

“Səddam Hüseyn türkmanlara öz ölüləri üçün yas tutmağı qadağan etmişdi" - Kərküklü alimdən qandonduran açıqlamalar

Bakıda səfərdə olan Kərkük türkmanı, Kərkük Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türkiyənin Trakya Universitetinin müəllimi Dr. Ersan Sarıkahya Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub, Fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Qonaq BAMF-ın nəzdində fəaliyyət göstərən Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalının fəaliyyəti ilə də maraqlanıb.

Ersan Sarıkahya saytımızın əməkdaşı ilə söhbətində Kərkük türkmanlarının problemlərindən danışıb.

Onun sözlərinə görə, Kərkük problemini təhlil etmək üçün Kərkük tarixini incələmək lazımdır:

“Bizim çox böyük və zəngin tariximiz var. Kərkükdə yaşayan türkmanlar son 100 ildə soyqırımlar, qətliamlar, zülmlər, təzyiqlər və repressiyalara məruz qalıb. Hələ də bu problem bitməyib. Qırğınlar, soyqırımlar Türkman elində yerini işğala miras qoyub. Dünən canımızı alanlar, bu gün torpaqlarımıza göz dikib. Lakin bütün bunlarla birlikdə Kərkük xalqının ən böyük problemi gənclərə Kərkük problemini doğru-dürüst izah edə bilməməkdir”.

Ersan Sarıkahya deyib ki, əgər bu gün Kərkükdə danışılan türkçə Azərbaycan türkçəsidirsə, bunun sadəcə bir səbəbi var:

“Kərkük türkmanlarının ana vətəni Azərbaycandır, ata vətəminiz Türkiyədir. Müxtəlif zamanlarda kərküklülər müxtəlif siyasi və ictimai səbəblərdən Kərkükə və digər ərazilərə köçüb. Lakin Kərkük türkmanları hər zaman Azərbaycan və Türkiyəni özlərinə vətən bilib, bu dövlətləri öz dövlətləri hesab edib. Lakin hər iki ölkə o qədər ciddi problemlərlə üzləşib, o qədər bu problemlərə başları qarışıb ki, Kərkük türkmanlarını unudub və türkman xalqı meydanda tək qalıb”.

İşgəncələrdən sağ çıxırdınsa alnına bir rəhmət gülləsi vururdular...

Həmsöhbətimiz qeyd edib ki, Kərkük məsələsi Səddam Hüseyn dövründə kəskinləşərək problemə çevrilib.

“Səddam türkman xalqına çox zülmlər etdi. Səbəbsiz yerə kütləvi qətliamlar həyata keçirildi. Türkmanlar uşaq, qadın, körpə, qoca ayrımı edilmədən öldürüldülər. İnsanları diri-diri yandırdılar, diri-diri basdırdılar. Bütün bunlarla birlikdə türkmanlara öz ölüləri üçün yas tutmaq Səddam tərəfindən qadağan edilmişdi. Əgər sən ölünə yas tuturdunsa, səni həbs edirdilər, işgəncə verirdilər və səni elektrik dirəklərinə asırdılar. Əgər bütün bu işgəncələrdən sonra sən hələ də sağ qalırdınsa, alnına bir “rəhmət gülləsi” vururdular. Maraqlıdır ki, dövlət türkmanlara atdığı güllələrin də pulunu türkmanlardan yığırdı. Belə bir zülm heç bir yerdə olmayıb. Ancaq harda bir türk varsa, orada türkə qarşı zülm var, soyqırım var, təcrid var...”, - deyə Kərküklü alim bildirib.

Səddamın türkmanlara yeganə yaxşılığı...

“Bir insanın ən təbii hüququ öz ana dilində danışmaqdır. Bizim ana dilimiz bizə qadağan edildi. Səddam iqtidarından əvvəl öz dilimizdə məktəblərimiz vardı, öz dilimizdə təhsil ala bilirdik. Səddam hakimiyyətə gəldikdən sonra türk dilində təhsili dayandırdı. Bizi ərəbcə təhsilə məcbur etdi. Lakin Səddam bizə yeganə bir “yaxşılıq” etdi. O bizi ərəbcə öyrənməyə və danışmağa məcbur etdi. O, bizi nə qədər ərəbcəyə zorladısa, biz bir o qədər öz dilimizə bağlandıq. Biz hələ də öz dilimizi qoruyub saxlamışıq və Azərbaycan türkcəsində danışırıq. Məsələn, axşam yemeyinə şam deyirik, dombalan yeyirik, kəbin kəsirik...” – deyən Ersan Sarıkahya türkmanlara qarşı Səddam Heseyn zülmünün səbəbi barədə də danışıb.

Müsahibimizin sözlərinə görə, türkmanlara qarşı Səddam zülmünün heç bir dini səbəbi yoxdur:

“Türkmanların içərisində sünni də var, şiə də var. Amma Səddam hökuməti tərəfindən məzhəb fərqi qoymadan türkmanlara qarşı kütləvi qırğınlar törədildi. Nə qədər şiə türkman öldürüldüsə, o qədər də sünni türkman öldürüldü. Məzhəb fərqlərini bizi sevməyənlər formalaşdırdı. Səddamın dərdi din, məzhəb deyil, etnik kimlik idi...

Türkəm demək cinayət idi...

Səddamın əmrilə “turançılıq” İraq konsitutsiyasında cinayət hesab edilərək qadağan edilmişdi. Türkmanam demək, türk olduğunu bildirmək cinayət idi. Hökumət türkmanlara daşınmaz əmlakların alışı və satışını qadağan etmişdi.

Yenə Səddam dövründə bir qanun qəbul edildi, adı da “Tashih Kavmiyyə”. Yəni ki, irqini, millətini düzəltmək. Bu qanuna görə əgər torpaq almaq və ya satmaq istəyirdinsə, bu qanundan istifadə edib şəxsiyyət vəsiqəndə millətini dəyişdirməli və türkman yerinə ərəb yazdırmalı idin. Bu açıq bir şəkildə hüquq yoluyla aparılan etnik təmizləmə idi...”

Səddam Hüseynin türk düşmənliyinin arxasında duran məqam...

Ersan Sarıkahya deyib ki, Səddam Hüseynin türk düşmənliyinin səbəbi bəlli idi:

“Səddam bənzər zülmləri kürdlərə və digər etniklərə də etmişdi, ancaq türkmanlara qarşı daha ciddi və etnik təmizləmə sayıla biləcək addımlar atırdı. Çünki Səddam türkmanların arxasında Azərbaycan və Türkiyənin olduğunu yaxşı bilirdi. Digər etnik qruplarla başa çıxa bilərdi, ancaq türkmanlarla bacarmaq mümkün deyil. Adam tariximizi bizdən daha yaxşı bilirdi...

Türkmanı türkmana qırdırdılar...

Səddamın bizə qarşı törətdiyi ən çirkin əmələrdən biri də bizi bizə qırdırması olub. İraq-İran savaşında İranla sərhəddi Azərbaycan əsilli türkmanlar qoruyurdu. İran ordusunda da İran azərbaycanlıları çoxluq təşkil edirdi. Yəni, eyni xalqın, eyni millətin iki övladı, eyni dildə danışan, eyni tarixə və mədəniyyətə sahib olan iki insan, fərqli dövlətlərin əsgərəri olaraq bir-birinə qarşı döyüşürdü. Mən özüm də hərbi xidmətdə olmuşam. İranla sərhəddə əsgərləri fərqləndirə bilmirdik. Anlaya bilmirdik ki, bu adam Kərkük azərbaycanlısıdır, ya İran azərbaycanlısı”.

Ersan Sarıkahya 1957-ci ildə türkmanlara qarşı təşkil edilən soyqırımdan da bəhs edib:

“Ankarada yaşayan türkmanlar türk hökumətinə ardıcıl müraciətlər etdilər ki, İraqda, Kərkükdə türk millətindən olanlara qarşı qətliam törədilir və Türkiyə Kərkük türkmənlərinə sahib çıxsın, onları xilas etsin. Həmin dövrdə Türkiyənin baş naziri olmuş şəxsin (Adnan Menderes) adından İraq hökumətinə bir məktub yazılır və bu məsələnin araşdırması xahiş edilir. İraq hökumətindən bu müraciətə cavab kimi göndərilən məktubda İraqda heç bir türkün, türk mənşəli etnik azlığın olmadığı faktı qeyd edilir. Halbuki, hələ 1923-cü ildə ingilislərin apardığı siyahıyaalma zamanı Kərkükdə 800 minə yaxın türkman olduğu təsbit edilmişdi. Bu hesabla 50-ci illərdə türkmanların sayı 2 milyondan çox idi. Lakin İraq hökumətinin göndərdiyi bu gizli sənəddə İraqda heç bir türk azlığın olmadığı yalanı ifadə edilirdi. İraqdan gələn bu cavabdan sonra sonra türk hökuməti məsələ ilə bağlı heç bir tədbir görmədi və ona müraciət edənləri “hökuməti yalnlış yönləndirməkdə” günahlandırdı”.

Kərküklü alim hesab edir ki, Azərbaycan vətəndaşları da İraqdakı türkmanlarla bağlı problemdən xəbərdar olmalıdırlar:

“Mən istəyirəm ki, Azərbaycan xalqı bu problemi tanısın bilsin. Biz eyni xalqıq, eyni dildə danışırıq. Niyyətimiz, istəyimiz Azərbaycandan maddi və ya başqa bir dəstək almaq deyil. Arzumuz, sadəcə mənəvi dəstək almaqdır. Azərbaycanlılar bilsin ki, Kərkükdə yaşayan qardaşları var. “Qardaşım var Kərkükdə” demənizi gözləyirik. Bizdə bir türkü var. O yaxadan bu yaxaya... Bax, bu mahnıda qeyd edilən o yaxa Kərkük, bu yaxa Azərbaycandır”.

Bir it qədər dəyərimiz olmadı

Ersan Sarıkahya hesab edir ki, biz həmçinin media sektorunda da əməkdaşlıq etməliyik.

“Bu, çox vacibdir. Düşünün, bir iti küçədə maşına bağayıb sürüyüllər, iki həftə Azərbaycan və Türkiyə mətbuatında gündəm olur. Kərkükdə bir türkmanı maşına bağlayıb sürüyürlər, qətliamlar törədirlər, işgəncələr verirlər, bir kəs çıxıb bir kəlmə danışmır, yazmır. Bu bizi narahat edir. Bir it qədər dəyərimiz olmadı, olsun istəyirik. Azərbaycan xalqı bizi duysun, eşitsin istəyirik. Türk dünyası türklərə qarşı daha həssas olsun istəyirik. Azərbaycanda Kərkük azərbaycanlıları deyə bir yanaşma var, yeni-yeni yaranır. Çox sevindirir bu bizi. Biz eyni xalqıq. Kərkükdə Əli adında bir dostum var. Xaricə səfər edəcəyimi eşitdi, soruşdu ki, Ersan hara gedirsən? Dedim Bakıya. Dedi ki, “həə, demək əmi uşağına gedirsən?! Məndən də salam apar...” O oğlan heç gəlməyib buralara. Ancaq bütün türkmanlarda olan vətən sevgisi, Azərbaycan sevgisi onda da var. Bura bizim vətənimizdir...

Kərkükdə Tauk adında bir kəndimiz var. O kənd İmam Zeynal Abidin məmləkətidir. Hz. Hüseynin oğlu Zeynal Abidin burada dəfn edilib. İmamı türkman xalqı bağrına basmış, məzarını məqbərəyə çevirmişdi. İŞİD oranı partlatdı, onlarla gəncimiz şəhid oldu. Ancaq bir mətbuat orqanı bu xəbəri vermədi. Bizim Əmirli kəndimiz yerləbir edildi, onlarla şəhid verdik, bir kəlmə haqqımızda yazılmadı. Bunlar biz Kərkük türkmanları məyus edən məqamlardır...”, - deyə müsahibiz bildirib.

Kərkükdən nə istəyirlər?

Ersan Sarıkahya onu da vurğulayıb ki, Kərkük həm geosiyasi mövqeyinə, həm də zəngin yeraltı və yerüstü sərvətlərinə görə diqqət çəkən bir vilayərtdir. Onun sözlərinə görə, Kərkük nefti dünyada bənzəri olmayan keyifyyətlərə sahibdir:

“Xam neft sektorunda ikinci sırada ən keyfiyyətli neft Kərkük neftidir. Ancaq Kərkükün sadəcə nefti deyil, uran ehtiyatları, mis, dəmir filizi ehtiyatları, daş kömür ehtiyatları, kükürdü və s. mövcuddur. Bu qədər zəngin təbii sərvətləri olan bir vilayəti böyük güclər özbaşına buraxmaq istəmir. Bu qədər oyunlar, zülmlər də bundandır...

Səddamdan sonra da qurtulmadıq. Səddam getdi ara daha da qarışdı. Daha sonra da terror başımıza bəla oldu. Nə əvvəlki hökumətlər, nə yeni hökumətlər türkmanlara xoş rəftar etmədilər, problemlərini çözmədilər. İndi durum çox kritikdi. Uşaqları qaçırırlar və pul istəyirlər. Ciddi xaos hökm sürür. Kərkük türkmanlarının yeganə ümid yeri isə Azərbaycan və Türkiyədir, Türk dünyasıdır...”

Nicat İSMAYILOV

Eurasia Diary

Mənbə: ednews.net