AŞPA prezidenti: “Azərbaycanın sıralarımıza qoşulması Avropada böyük cəmiyyətin formalaşmasında vacib dönüm nöqtəsi olub”

“Azərbaycanın və digər qonşu dövlətlərin Avropa Şurasına qoşulması Avropada böyük cəmiyyətin formalaşması prosesində vacib dönüm nöqtəsi olub”.

APA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskiebu Fransa-Azərbaycan Universitetində keçirilən “Hüquqlarımız, azadlıqlarımız və Avropamız” adlı Avropa Şurasının 70-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Təşkilatın yaranma səbəblərinə və nailiyyətlərinə toxunan prezident bildirib ki, Avropa Şurası üzv ölkələrdə insan hüquqları, demokratiya, qanunun aliliyin təmin olunması üçün çalışıb.

O qeyd edib ki, AŞPA həmçinin xalqlar arasında daha yaxşı anlaşmanın və vəhdətin yaradılması istiqamətində vacib addımlar atıb.

Avropa İnsan Haqları Məhkəməsinin roluna toxunan AŞPA prezidenti onun Avropada qızıl standart olduğunu Lissabondan Vladivostoka qədər bütün üzv ölkələrin vətəndaşlarının haqlarını qorumaq və müdafiə etmək istiqamətində ciddi işlər gördüyünü vurğulayıb.

O, Avropa Şurasına üzv ölkələrin qurumun qəbul olunan konvensiyasına, ümumi öhdəliyə əməl etmələrinin vacibliyini də qeyd edib.

Üzv ölkələrlə siyasi dialoqun vacib olduğunu qeyd edən AŞPA prezidenti mövcud problemlərlə bağlı açıq müzakirələrin önəmli olduğunu deyib.

Lilian Mauri Paskiebu üzv ölkələri ümumi öhdəlikləri yerinə yetirmək istiqamətində daha qətiyyətli addımlar atmağa çağırıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

AFFA - Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis olunub

SONRAKI XƏBƏR

Əli Kərimlinin mühafizəçisi həbs edildi