Bolton getdi - ermənilər ABŞ-ın Ermənistana sərt ritorikasının dəyişəcəyi eyforiyasında...

Bolton getdi - ermənilər ABŞ-ın Ermənistana sərt ritorikasının dəyişəcəyi eyforiyasında...

Prezident Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

ABŞ Prezidenti deyib: "Mən dünən axşam Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhəti ilə razılaşmırdım, həmçinin, administrasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi”.

Tramp Con Boltona xidmətlərinə görə təşəkkür edib.

Con Bolton Trampın açıqlamasından sonra, “Tvitter” səhifəsində istefa təklifini ilk olaraq Trampa təqdim etdiyini, Trampın isə bu məsələ ilə bağlı “sabab danışarıq” cavabını verdiyini bildirib.

Qeyd edək ki, Bolton Dağlıq Qarabağ konfliktilə yaxından tanış olan məmurlardan sayılırdı. O, Qafqaz turu çərçivəsində həm Ermənistan, həm də Azərbaycanda olmuşdu. Boltonun Ermənistanla bağlı sərt mövqeyə malik olduğu bildirilirdi. Təsadüfi deyil ki, Bolton məhz Ermənistanda olan zaman həmin ölkənin siyasətini sərt tənqid atəşinə tutdu. Yəqin buna görədir ki, Boltonun vəzifəsi ilə vidalaşmasına daha çox ermənilər sevinirlər. Onlar belə bir eyforiyaya qapılırlar ki, Boltondan sonra ABŞ-la Paşinyan hökuməti arasındakı münasibətlər normallaşa bilər. Hazırda bu münasibətlər çox gərgindir. Təsadüfi deyil ki, Paşinyan hətta ölkəsinin ABŞ-da akkreditə olunan səfirini rəsmi Vaşinqtonla münasibətləri normal məcraya sala bilmədiyinə görə tənqid etmişdi. Bu mənada maraqlıdır, Boltonun istefası ermənilərin ümidlərini doğrulda bilərmi?

Əhəd Məmmədli: “Boltonun yerinə kimin gələcəyindən asılı olmayaraq, Ermənistan-ABŞ münasibətlərində müsbətə doğru tərpəniş gözləməyə dəyməz”

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, Trampın bu addımları doğrudan da maraqlı görünür: “Tramp öz administrasiyasındakı məmurları tez-tez vəzifəyə təyin edib, sonra istefaya göndərən prezident kimi adını ABŞ siyasətinə yazmış olacaq. Ola bilsin ki, həmin təyinatların heç də hamısı Trampın şəxsi istəyi ilə olmur. Çünki ABŞ-ı yönətən sistemin belə müdaxilələri ola bilər. Buna görə də Tramp həmin məmurlara çox da etibar etmir. Bunlar ABŞ-ın dərin siyasətinə aid olan məsələlərdir. O ki, qaldı ermənilərin Boltonun istefası ilə bağlı sevinmələrinə, burada da əsaslar görürəm. Bildiyiniz kimi, Paşinyanın ABŞ-la bağlı siyasəti tam iflasa uğrayıb. Çünki Paşinyan iki stula eyni vaxtda oturmaq istədi, ancaq bu alınmadı. Əsasən də Suriyaya erməni hərbçilərini göndərməklə bağlı qəbul edilən qərardan sonra ABŞ-ın inamı tam itdi. Ermənistanın xarici işlər nazirinə mesaj verildi ki, həmin hərbçilər Suriyadan çıxarılsın. Tonoyan isə açıq şəkildə buna etiraz etdi. Paşinyan çox çalışır ki, Tramp onunla görüşsün. Ancaq bunu alındıra bilmir. Bu yaxınlarda onun ABŞ-a səfəri reallaşacaq. Amma həmin səfərin qrafikində də Trampla görüş nəzərdə tutulmur. Çünki Tramp hələ ki, belə bir razılığı verməyib. Bəlkə də Ermənistan müstəqilliyini bərpa edəndən sonra bu qədər məsafədə ABŞ-dan uzaq düşməmişdi. Boltonun istefası bu səbəbdən ermənilərdə bir ümid çırağı yandırıb. Ancaq bilməlidirlər ki, ABŞ kimi ölkələrdə bu tip məsələləri şəxslər həll edə bilmir. Hətta Prezident belə bunu edə bilmir. Belə işləri sistem yoluna qoyur. ABŞ xarici siyasətinin hazırkı prioritetində Ermənistanla yaxın münasibət qurmaq hələ ki, durmur. Çünki Ermənistanın yeni hakimiyyəti istər Rusiya, istərsə də İranla bağlı ABŞ-ın tələblərini yerinə yetirməyib. Xüsusilə də Suriya məsələsində onların ABŞ-ı eşitməməsi Vaşinqtonun maraqları ilə uzalaşmır. Boltonun yerinə kimin gələcəyindən asılı olmayaraq, Ermənistan-ABŞ münasibətlərində müsbətə doğru tərpəniş gözləməyə dəyməz. Bu o demək deyil ki, Azərbaycan arxayın düşəməlidir. Bizim lobbimiz fəaliyyəti daha da gücləndirməlidir. Çalışmalıyıq ki, ABŞ-Ermənistan münasibətləri daha da gərginləşsin, əvvəlki səviyyəsinə gəlməsin”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com