Texnikalarımız daim səfərə hazırdır

Texnikalarımız daim səfərə hazırdır

Təlimlər zamanı şəxsi heyəti poliqona aparmaq, ağır və mürəkkəb hərbi texnikanı idarə etmək yüksək dərəcədə bacarıq tələb edir. Çünki onu təkcə asfalt yolda deyil, nahamar, dağlıq, dərəlik ərazilərdə ekstremal şəraitdə idarə etməli olursan. Hər an həyəcan siqnalı ilə istənilən istiqamətlərə getmək tapşırığı ala bilərik. Verilən tapşırığın öhdəsindən layiqincə gəlmək, təyin olunmuş toplantı məntəqəsinə vaxtında çatmaq üçün texnikalar və avtomobillər daim saz vəziyyətdə olmalıdır. Bizlərə təhkim olunan texnikalara daim texniki qulluq göstəririk. Texnikaları təmiz saxlamaq onların ömrünü uzadır, çatışmazlıqların aradan qaldırılması isə daim səfərə hazır vəziyyətdə olmasını təmin edir. Bu səbəbdən ordu sıralarında sürücü kimi də xidmət etmək həm məsuliyyətli, həm də şərəflidir, - bu sozləri ön xətt bölmələrinin birində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Kamil İbrahimov dedi.

Kamillə hərbi hissənin parkında tanış olduq. Bizi müşayiət edən mayor Nemət Rəhimov sürücümüzün nümunəvi xidmət edən hərbçilərin sırasında olduğunu, hər zaman avtomobilinə qulluq göstərdiyini bildirdi. Öyrənirik ki, gənc yaşlarında formaya olan məhəbbəti, torpaqlarımızın düşmən tapdağı altında olması onu ordu sıralarına yenidən qayıtmağa ruhlandırıb.

"Uşaq vaxtlarımdan hərbi xidmətə həvəsim böyük idi. Doğulub boya-başa çatdığım rayonda hərbi hissələrimizdən biri yerləşirdi. Axşam vaxtları əsgərlərimizin oxuduqları vətənpərvər mahnılara qulaq asırdım. Fikirləşirdim ki, vaxt gələcək mən də Vətənin keşikçilərinin sıralarına daxil olacam. Hərbi xidmətə çağırış vərəqəsi gələndə çox qürurlandım, çünki mən uşaqlıqdan arzusunda olduğum məqsədimə çatmışdım. Mən də torpaqlarımızı düşməndən qoruyacam. Bu gün isə oğlumun mənim yolumu davam etdirməsini istəyirəm. Əminəm ki, işğal altında olan dilbər guşələrimizi azad etdikdən sonra, böyüməkdə olan oğullarımız Azərbaycanın dünya dövlətləri tərəfindən tanınan sərhədləri çərçivəsində xidmət edəcəklər".

Vaxt yetişir, baş çavuş Kamil İbrahimovla söhbətimizi bitirərək sağollaşırıq. Onun avtomobilinə xüsusi sevgi ilə texniki qulluq göstərdiyinin şahidi oldum. Ümid edirəm ki, tezliklə Böyük Qələbənin əldə olunmasında xüsusi qəhrəmanlıq göstərən hərbi qulluqçuların adı çəkiləndə Kamilin adını da eşidəcəyik. Sürücümüzdən gələn görüşlərimizin Laçında, Kəlbəcərdə baş tutması arzusu ilə ayrılırıq.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"

Mənbə: ordu.az