İran: Bolton Amerikanın aqressiv siyasətinin simvolu idi

İran: Bolton Amerikanın aqressiv siyasətinin simvolu idi

İran hökumətinin sözçüsü milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən getməsinin Birləşmiş Ştatlar prezidenti Donald Tramp administrasiyasının İranla "daha qərəzsiz bir şəkildə" davranmasına imkan verə biləcəyini deyib.

Əli Rəbieyi çərşənbə günü Boltonun "Amerikanın aqressiv siyasətinin simvolu" olduğunu və İrana qarşı düşmənçiliyi olduğunu bildirib. İran rəsmiləri, o cümlədən xarici işlər naziri Məhəmməd Cavad Zərif dəfələrlə Boltonun Birləşmiş Ştatlarla İran arasında gərginliyin aradan qaldırılması yolunda dialoqa qarşı olan bir fiqur olduğuna işarə ediblər.

ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə axşamı deyib ki, Trampın Boltonu vəzifəsindən kənarlaşdırması prezidentin xarici siyasətini dəyişməyəcək.

Mayk Pompeo ABŞ-ın maliyyə naziri Stiven Mnuçinlə birlikdə Ağ Evdə terrorla mübarizə məqsədilə sanksiyaların gücləndirilməsinə dair sərəncamı müzakirə edib.

Bolton bir neçə saat əvvəl elan edilmiş brifinqdə iştirak etməli idi. Bu da qərarın tələsik alındığını göstərir.

“Mən keçən gecə Con Boltonu onun Ağ Evdə işinə bundan sonra ehtiyac olmadığı haqda məlumatlandırdım” deyə, Tramp Twitter səhifəsində yazıb. “Mən administrasiyadakı bir çoxları kimi onun bir sıra məsələlərdə təklifləri ilə qətiyyən razılaşmırdım. Buna görə də mən Condan onun istefasını istədim və o, bu səhər istefasını təqdim etdi” – deyə, Tramp Twitter səhifəsində bildirib.

ABŞ prezidenti Con Boltona milli təhlükəsizlik müşaviri kimi xidmətlərinə görə təşəkkürünü ifadə edib.

Milli təhlükəsizlik müşaviri vəzifəsini isə Boltonun müavini Çarli Kuperman icra edəcək.

Mənbə: www.amerikaninsesi.org