Paşinyanın “Sasna Tsrer”ləşməsi yoxsa, növbəti terror dalğası? - BAXIŞ BUCAĞI

Paşinyanın “Sasna Tsrer”ləşməsi yoxsa, növbəti terror dalğası? - BAXIŞ BUCAĞI

Sefilyan bəyan edib ki, əgər fors-major bir şey baş verməzsə, o halda növbəti il növbədənkənar seçki keçiriləcəyini düşünür. O qeyd edib ki, əslində Paşinyan parlamentdə səs çoxluğuna malik deyil və həmin çoxluğu təşkil edən tərəf xüsusi xidmət orqanlarının təzyiqi ilə Paşinyanın istefasına səs verə bilər.

Sefilyanın sözlərinə görə, “5-ci kolon”un məqsədi məhz seçkilərə mane olmaqdır, çünki yeni parlament daha yaxşı formalaşa bilər.

Ancaq Sefilyanın Ermənistan-Rusiya münasibətlərinə dair açıqlamaları daha təhlükəli olub.

O qeyd edib ki, Paşinyanın baş nazir postuna gəlməsi Rusiya tərəfinin xoşuna gəlməyib. Buna görə də, Rusiya tərəfi bir an öncə Paşinyandan canını qurtarmağa çalışır.

“Əvvəlcədən belə planlaşdırılmışdı ki, Serj Sarkisyan uzaqlaşdırılmalı, onun əvəzinə Karen Karapetyan gətirilməli idi. Lakin bunu bacara bilmədilər. O gündən etibarən əminəm ki, Kremlin bir an öncə Nikoldan azad olma barədə qərarı var. Onlar buna onun rəğbətini qazanıb əlaqə yaratmaq yolu ilə nail olmaq istəyirlər. Ancaq bütün bu cəhdlər mənasızdır. Çünki Rusiya tərəfi əsrlər boyu bu ərazidə təyin olunmuş adamları vasitəsilə idarə etməyə vərdiş edib, lakin Paşinyan onların ailəsindən, onların adamı deyil”, - deyə Sefilyan qeyd edib.

Bu məsələdə diqqətçəkən məqam, Sefilyanın məhz Paşinyanla görüşdən sonra bu müsahibəni verməsidir. Buna görə də elə təsəvvür yaranır ki, onun müsahibəsi Paşinyanla aralarında olan gündəmdən irəli gəlir.

Paşinyan və Sefilyan arasında baş tutan görüşdən sonra verilən müsahibə yalnız erməni ekspertlər dairəsini deyil, Moskvadakı ekspertlərin də kifayət qədər marağına səbəb olub.

Rusiyalı politoloq Nikita İsayev bildirib ki, Paşinyan Rusiyaya “Sasna Tsrer”in vasitəsi ilə sanki əlcək atmağa çalışır.

“Paşinyan əlcək atır, o, vaxtı ilə Gürcüstan, Moldova və Ukraynada olduğu kimi qarşı çıxmağa çalışır. Aydındır ki, Ermənistanın buna qarşı çıxa biləcəyi açıq-aşkar bir real perspektivdir. Aİ və ABŞ-la mövcud münasibətlər Paşinyanın Rusiya ilə uzun müddət davam edən münaqişəyə girməsinə imkan verir. Paşinyan “Sasna Tsrer”in vasitəsilə Rusiyanın reaksiyasını başa düşməyə çalışır. Amma bunun obyektiv olacağını düşünmürəm”, - deyə politoloq bildirib.

İsayev qeyd edib ki, Rusiya üçün Ermənistanın keçmiş hakimiyyəti ilə münasibət qurmaq, Serj Sarkisyanla əməkdaşlıq etmək daha uyğun idi.

“Hazırda Paşinyan hakimiyyəti dövründə hər şey başqa cürdür. Keçən il Paşinyanla görüşdüm, fərqli mövzuları müzakirə etdik və deyə bilərəm ki, onun özünə Rusiyada deyil, Qərbdə, ABŞ-da yer görməsi daha arzuolunandır”, - deyə rusiyalı siyasi şərhçi bildirib.

Ötən gün Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın Paşinyanla “Sasna Tsrer” partiyasının üzvləri arasındakı görüşə toxunması da təsadüfi deyil.

“Paşinyan və Jirayr Sefilyanla Qareqin Çukaszyan arasında baş tutan görüş, onların görüş xahişi ilə baş nazirə edilən müraciət əsasında keçirilib. Görüş zamanı baş nazir daxili siyasi və xarici-siyasi məsələlər ətrafında onların fikirlərini dinləyib, fikir mübadiləsi aparılıb. Görüşdən sonra Jirayr Sefilyan və Qareqin Çukaszyanın səsləndirdiyi ifadələrə toxunmağa ehtiyac görmürəm, çünki həmin şərhlərdə onlar öz şəxsi düşüncələrini və anlayışlarını ifadə ediblər”, - deyə Karapetyan bildirib.

Beləliklə Paşinyan özünü Sefilyanın səsləndirdiyi fikirlərindən uzaqlaşdırmağa çalışıb. Lakin böyük qalmaqala səbəb olan görüşün ismarıcları, bunun çevrəsində baş verən çaxnaşma ilə müqayisədə daha dərindir. Bu da mütəmadi olaraq sabiq hakimiyyət nümayəndələri tərəfindən tez-tez dilə gətirilir.

Əgər Ermənistan hakimiyyəti əməkdaşlığa zərurət duyursa və bunu parlament seçkilərində cəmi 2 faiz səs toplamış və adı terrorçuluqla yanaşı hallanan gücün arasında axtarırsa, bu Ermənistanın siyasi sahədə ortaya çıxan təhlükəli boşluğundan xəbər verir.

Paşinyanın siyasi xadimlərə ehtiyacı var, lakin bu şəxsləri öz parlamentində, nə də ondan kənarda axtarıb tapa bilmir.

Onun “Sasna Tsrer” rəhbərliyi ilə görüşünün əsas, eyni zamanda təhlükəli siyasi ismarıcı da məhz bu faktdır.

Parlament sadəcə olaraq, öz funksional missiyasını yerinə yetirmir. Parlament divarlarından kənarda bir tərəfdən keçmiş hakimiyyətin revanş istəkləri ilə dolu güclərin, digər tərəfdən inqilabi gündəliyi sonsuz olan marginal qrupların olduğu bir vəziyyət yaranıb. Belə bir vəziyyət Ermənistanın fors-major vəziyyəti qarşısında qalmasına səbəb ola bilər.

Alpər Mövludoğlu

Mənbə: ordu.az