RUSİYA MÜXALİFƏTİNİN MÜVƏQQƏTİ QƏLƏBƏSİ

RUSİYA MÜXALİFƏTİNİN MÜVƏQQƏTİ QƏLƏBƏSİ

Ötən ildən Fridrix Ebert Fondunun Rusiya Nümayəndəliyinə rəhbərlik edən Peer Teşendorf (Peer Teschendorf) “IPG” portalına müsahibəsində ölkədə keçirilən regional seçkilərin nəticələrindən və onların Putin sisteminə təsirindən bəhs edib.

“Ötən ildən regional və yerli seçkilər etirazlarını ifadə etmək istəyən vətəndaşlar tərəfindən daha çox istifadə edilir. Moskvada buna yerli səviyyədə vətəndaşların maraqları dairəsində konkret siyasət reallaşdırmağa çalışan və bununla da yaranmış vəziyyətə meydan oxuyan yeni nəsil siyasətçilərin fəaliyyətini də əlavə etmək lazımdır.

Milli və beynəlxalq səviyyədə Moskva seçkilərinə böyük marağı dövlətin fəaliyyəti ilə izah etmək olar. Seçkilərə buraxılmaq üçün ən azı 6 min imza vərəqəsinin toplanılması tələb edilib. Namizədlər üçün bu cür yüksək baryer müxalifəti ayrı-ayrı vətəndaşlar arasında aktiv təşviqata təhrik edib. Sakinlər ilk dəfə Şəhər Dumasına deputatlığa namizədləri öz gözləri ilə görüblər. Bunun sayəsində müxalifətçi namizədlər öz seçki dairələrində real populyarlıq qazanıblar”, - nəşrin həmsöhbəti qeyd edib.

“Əminliklə müxalifətin Moskvadakı müvəqqəti qələbəsindən danışmaq olar. Qubernator seçkilərində Kremlin namizədləri öz mövqelərini saxladığı halda, Moskva Şəhər Dumasına seçkilərdə qüvvələr balansı nəzərə çarpacaq dərəcədə dəyişib. Nəticədə hakim “Vahid Rusiya” partiyası sabit çoxluqdan da məhrum ola bilər. Sistem müxalifət isə 45 mandatdan 19-nu əldə edə bilər. 2005-ci ildən sonra ilk dəfə müxalif “Yabloko” partiyası yenidən öz fraksiyası ilə təmsil olunacaq.

Seçkilərdə iştirak edən, eyni zamanda hökumətdən maksimum uzaq namizədə səs verməyə çağıran Aleksey Navalnının “ağıllı səsvermə strategiyası” müəyyən dərəcədə işə yarayıb. Bununla da müxalifət namizədləri seçkilərə buraxılacağı təqdirdə öz imkanlarını bilavasitə nümayiş etdirə bilib. İstənilən halda, Moskvada baş tutan əvvəlki seçkilərlə müqayisədə bu seçkilər aktiv müzakirə predmeti olacaq”, - deyə Teşendorf bildirib.

Ekspert əhali arasında hökumətlə bağlı artan narazılığın səbəbinə toxunub: “Hal-hazırda Rusiya son on ilin ən uzun sürən durğunluq dövründən keçir. Altı ildir əhalinin real gəlirləri aşağı düşür. Yoxsulluq səviyyəsi artır. Krımın ilhaqı ilə bağlı yaranmış eyforiya bu problemləri qısa müddətlik unutdursa da, pensiya yaşının və əlavə dəyər vergisinin artırılması məyusluğu yenidən geri qaytarıb. Növbəti tutarlı amil də rifah çatışmazlığını dərinləşdirir: insanlar hiss edir ki, iqtidar daha onların maraqlarına hörmət etmir. Xüsusən gənclər qərar qəbulu və siyasətin formalaşdırılması prosesində iştirak etməyə can atır, lakin demək olar bunun üçün heç bir imkan görmür. Yeri gəlmişkən, pensiya yaşının artırılması ilə əlaqədar yaşlı insanlar da özlərini aldadılmış hiss edirlər. Belə bir hiss yaranıb ki, dövlət daha onlarla maraqlanmır”.

“Hökumət legitimliyinin eroziyasına necə reaksiya verir?” sualına Teşendorfun cavabı belə olub: “Müxtəlif reaksiya müşahidə etmək olar. Vətəndaşlara güzəştə getmək cəhdləri gözə dəyir. Yekaterinburqda parkların birində kilsə tikintisinin əleyhinə keçirilən etirazlardan sonra layihə dayandırılıb. Jurnalist İvan Qolunovun həbsinə qarşı nümayişlər gözlənilmədən onun azad edilməsinə gətirib çıxarıb”.

“Əslində Putinin dördüncü kadensiyasından sonra hakimiyyət məsələsinin hansı şəkildə həll ediləcəyini hal-hazırda heç kim proqnozlaşdıra bilməz. Ancaq bir məsələ aydındır: hakim strukturda radikal dəyişikliklərə səbəb olmayan, maksimum sabit qərar tapmaq üçün səylər göstəriləcək. Uğur Kremlin əhalinin artan etiraz əhval-ruhiyyəsi ilə özünü necə aparacağından asılı olacaq”, - sonda həmsöhbət qeyd edib.

Mənbə: www.xpressa.net