Tehran Boltonun istefasından məmnundur: "2-3 təlaş yaradan qrup istisna olmaqla..."

Tehran Boltonun istefasından məmnundur:  "2-3 təlaş yaradan qrup istisna olmaqla..."

Boltondan sonra Trampla Ruhaninin ayın sonunda görüşü mümkün ola bilər...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifədən getməsindən sonra dünya siyasətçilərinin bu hadisəyə münasibət bildirməsi davam edir. Təbii, bu məsələdə İran tərəfdən gələn reaksiyalar daha çox maraq doğurur, çünki ABŞ – İran münasibətlərinin kəskinləşməsində Boltonun xüsusi rolu var.

Moderator.az İran prezidenti Ruhaninin də mövqeyini artıq diqqətinizə çatdırıb. İran İslam Respublikasının xarici işlər naziri Zərifin reaksiyasında Boltonla bərabər başqa dövlətlərin rəsmi şəxslərinin də bu işdə əlbir olması açıqlanıb. Zərif Tvitter səhifəsində yazır:

"Dünya, 2-3 təlaş yaradan qrup istisna olmaqla, bu istefadan sonra rahatlıqla nəfəs aldı”.

Zərif bu qrupa ABŞ-ın keçmiş müşaviri Con Boltonun, İsrail Baş naziri Benyamin Netanyahunun, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyanın daxil olduğunu qeyd edib.

Qeyd edək ki, Boltonun istefası, ABŞ və İran prezidentləri Donald Tramp və Həsən Ruhani arasında mümkün görüş haqqında ABŞ-ın təkrar bəyanatları arasında baş verib. Beləliklə, Pompeo, Boltonun istefasından sonra, Tramp və Ruhanın BMT Baş Məclisinin iclasında görüşməsinin mümkün olduğunu söyləyib.

Mənbə: moderator.az