Con Bolton Trampın hakimiyyətə gəldiyi müddətdn bəri işdən çıxardığı üçüncü milli təhlükəsizlik müşaviridir

Birləşmiş Ştatlar prezidenti Donald Tramp “çoxları onun siyasəti ilə razı deyil” deyərək, çərşənbə axşamı milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırıb.

Milli təhlükəsizlik müşaviri Con Bolton çərşənbə axşamı günortadan sonra maliyyə naziri Stiven Mnuçin və dövlət katibi Mayk Pompeo ilə birlikdə terrorizmlə mübarizəyə dair sanksiyaları müzakirə etmək üçün brifinqə qatılmalı idi. “Prezident Trampın bugünkü qərarı Birləşmiş Ştatların terrorizmə qarşı mübarizəsini daha da gücləndirir” deyə, Mayk Pompeo bildirib.

Lakin Bolton brifinqdən iki saat əvvəl Tramp tərəfindən Twitter-də edilmiş elanla vəzifəsindən kənarlaşdırılmışdı. Bolton isə vəzifədən çıxarılmazdan öncə özünün istefa verdiyini deyib.

Onun qəflətən getməsi Talibanla Kemp Deviddə sülh danışıqlarının təxirə salınmasından sonraya təsadüf edir. Bu danışıqlarda ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması müzakirə edilməli idi. Boltonun isə razılığın əleyhinə olduğu bildirilirdi. Corc Vaşinqton universitetindən Tod Belt: "Belə görünür ki, Trampın Talibanla danışıqlar keçirməmək qərarından sonra bəzi problemlər Con Boltonla fikir ayrılıqları ilə nəticələnib."

Bu eləcə də, prezidentin Şimali Koreya və İran da daxil olmaqla, bir sıra düşmən ölkələrlə diplomatik əlaqələr yaratmağa səy göstərdiyi vaxt baş verib. Yaxın Şərq İnstitutundan Aleks Vatanka: “Con Bolton uzun müddətdir İslam Respublikası üçün ən böyük problem olan rejim dəyişikliyinin tərəfdarı idi. Onun vəzifəsindən getməsi və rejim dəyişikliyi məsələsinin masa üzərindən götürülməsi ehtimalı ilə Tehran və Vaşinqton arasında potensial dialoq üçün imkan yaranır. "

Con Bolton Amerikanın hərbi qüdrətinin güclü müdafiəçisi kimi tanınırdı. Xarici hərbi qüvvələrin müdaxiləsinə qarşı olan Trampın aqressiv rutorikalarına baxmayaraq, onun prezidentlə tez-tez toqquşmaları olurdu.

Boltonun işdən çıxarılması prezidentin xarici siyasət və milli təhlükəsizlik komandasında tez-tez baş verən dəyişikliklərdən sonra baş verir. “Bu cür qeyri-müəyyənlik və administrasiyadakı dəyişikliklər müttəfiqlərimizin xoşuna gəlmir. Onlar administrasiyanın bir səslə və ardıcıl danışmasını istəyirlər. Lakin onlar prezident administrasiyasından buna nail olmur" deyə, Tod Belt bildirir.

Dövlət katibi Mayk Pompeo Boltonun vəzifədən getməsinin siyasi kursa təsiri olmayacağında təkid edib. “Mən düşünmürəm ki, dünya ölkələrində hansısa bir lider birimiz işdən getdiyi üçün prezident Trampın xarici siyasətinin dəyişəcəyini fərz etməlidir.”

Con Bolton Trampın hakimiyyətə gəldiyi üç ildən az müddətdə işdən çıxardığı üçüncü milli təhlükəsizlik müşaviridir. Hələlik bu vəzifəni Boltonun müavini Çarli Kuperman icra edəcək.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub

SONRAKI XƏBƏR

Ermənistanda rus hərbçinin meyiti tapıldı