Ermənistanda böyük etiraf – “Bizə güclənən təzyiqlər məhz Qarabağ problemi ilə bağlıdır...”

Ermənistanda böyük etiraf – “Bizə güclənən təzyiqlər məhz Qarabağ problemi ilə bağlıdır...”

Xarici siyasət sahəsində işğalçı Ermənistanın üzləşdiyi çoxsaylı problemlər bu ölkənin getdikcə daha böyük çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Söhbət Ermənistana yönəlik təzyiqlərin artmasından gedir ki, bunun da əsas təsirlərindən birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olması proqnozlaşdırılır. Bunu Respublika partiyasının sədr müavini Armen Aşotyan da etiraf edir.

Aşotyan bildirir ki, Ermənistanın xarici siyasət vektorlarının dəhlizi regional xüsusiyyətlərdən çıxış etməklə çox dardır. O bildirib ki, bəziləri Paşinyanın istəyi və ya razılığı ilə Ermənistanı geopolitik oyuna cəlb etməyə çalışır: “Utancvericidir, lakin bu bir faktdır ki, Ermənistanın siyasi arenasında Avropa İttifaqı strukturları ilə daha operativ, intensiv və məzmunlu iş görən biri yoxdur. Qərblə əlaqələrimiz hər zaman xarici siyasətin zənginləşdirilməsi, balanslaşdırılması, daxili siyasi gündəmin və islahatların görünən, hiss olunan, mövzulu komponenti olub. Heç bir geopolitik mərkəz müasir dünyada təhlükəsizlikdən tutumuş iqtisadiyyata, təhsilə qədər Ermənistan problemlərini həll etmək gücündə deyil. Hiss edirəm ki, bəziləri bizi qlobal güclərin toqquşma sahəsinə çevirməklə ölkənin fəaliyyət göstərən rəhbərliyinin istəyi və ya razılığı ilə geopolitik oyuna cəlb etməyə çalışır. Ölkəmi sınağa çəkməyin. Sizin daxili oyuncaqlarınız və zərbələriniz bir tərəfə, xalqın və dövlətin taleyi ilə xəyanətkar oyunlar oynamayın. Sonra deməyin ki, xəbərdarlıq etməmişəm. İndilikdə isə atılan addımlar Ermənistanı zərbə altında qoyur. Bəs hakimiyyət bunun ölkəyə, Dağlıq Qarabağa necə təsir edəcəyini düşünürmü? Görünür, yox. Amma bəla burasındadır ki, yaranmış vəziyyət Qarabağ məsələsində Azərbaycanın maraqlarına işləyir”.

Ekspertlər də hesab edir ki, Ermənistanda getdikcə daha da gərginləşən ABŞ-Rusiya münasibətləri Nikol Paşinyan iqtidarının daha zəif duruma düşməsi ilə nəticələnəcək. Çünki hər iki tərəf öz məqsədinə nail olmaq üçün təzyiq alətlərindən geniş istifadə edir. Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya və ABŞ isə diqqətini Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldir. Ermənistanın “Qraparak” nəşri yazır ki, belə bir vaxtda İrəvan Tehranı da Bakıya uduzur. Buna əsas səbəb Ermənistanın İrana qarşı siyasətdə yol verdiyi çoxsaylı yanlışlıqlardır. Nəşrə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın son mətbuat konfransında səslənən fikirlər də bunun təsdiqi sayıla bilər: “Həmin mətbuat konfransında nazir “məxməri inqilab” ifadəsini dəfələrlə vurğulayıb. Görünür, xüsusilə inqilabın məxməri olması Mnatsakanyanın çox xoşuna gəlir. Mnatsakanyanın qeyd etdiyi “məxməri inqilab”, onu Ermənistan xarici işlər naziri etməsindən əlavə, xarici siyasətə əlavə inqilabi dəyişikliklər də gətirib. Nümunə kimi Rusiyanın istəyi ilə Suriyaya humanitar hərbi heyət göndərilməsini göstərmək olar. Ermənistanın keçmiş hakimiyyəti bunun mənfi təsirlərini nəzərə alaraq, uzun müddət Suriyaya qoşun göndərməmək üçün ruslara müqavimət göstərib. Ancaq “məxməri inqilab”dan ruhlanan hakimiyyət Paşinyan və Mnatsakanyanın rəhbərliyi altında keçmiş hakimiyyətə qarşı çıxmağa qərar verərək, Rusiyanın istəyi naminə Suriyaya humanitar qoşun göndərməyi qərara aldı. Bu qərarın verilməsinə səbəb rusların xoşuna gəlmək, onların rəğbətini qazanmaq olub. Ancaq göründüyü kimi, ruslar bu özünü “fərdi qurbanvermə” addımını lazımi şəkildə dəyərləndirmir. Əksinə, ruslara görə, atılan bu addım amerikalıların xoşuna gəlməyib və hər dəfə bunun baha başa gələcəyinə dair davamlı ismarıclar göndərməkdədirlər. Belə vəziyyətdə hakimiyyətin yol verdiyi ciddi bir yanlışlıq İran amili ilə bağlıdır. Görünür, Rusiya və ABŞ-dan sonra hakimiyyət İranı da Ermənistana münasibətdə fərqli davranmağa vadar edəcək”. Nəşr bildirir ki, Ermənistan hakimiyyəti də hər iki supergücü razı salmaqla, tarazlığı qorumaq naminə İran məsləsində amerikalılara güzəştə getməyi qərara alıb və nəticədə Suriyaya qoşun göndərilməsini sığortalamaq üçün Ermənistanın İrana qarşı müəyyən sanksiyalarına qoşulub. Qeyd olunur ki, məhz bu amil İranın tədricən Ermənistandan üz döndərməsinə gətirib çıxarır. O da diqqətə çatdırılır ki, bu durumda İranın Azərbaycanla artan işbirliyi mütləq mənada Qarabağ məsələsinə də təsir edərək, Tehranın daha çox Bakının yanında yer almasına gətirib çıxaracaq. “Qraparak” yazır ki, İrəvanın Tehrana qarşı çıxmasına baxmayaraq, ABŞ da Rusiya kimi Ermənistan rəhbərlyinin addımlarını təqdir etmir. Erməni siyasi ekspert Aram Armatuni da məsələyə eyni prizmadan yanaşır. O vurğulayır ki, ABŞ-a yaxınlaşmaq üçün İrəvanın atdığı addımlar Vaşinqtonu qane etmir. Ekspert vurğulayır ki, bu mənada, Paşinyanın BMT Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə həyata keçirilən ABŞ səfərinin siyasi təsiri olmayacaq. Onun sözlərinə görə, Ermənistan-ABŞ siyasi münasibətləri kontekstində əsas problem göründüyündən daha genişdir: “NATO üzvü olan Türkiyənin Qafqazdakı xüsusi rolunu və maraqlarını, Ermənistanla müxtəlif əlaqələri olan Rusiyanı, ABŞ-la qarşıdurmada olan və problemlər yaşayan İranı, eyni zamanda Ermənistan üçün İranın əhəmiyyətini və digər kifayət qədər incə problemləri və məqamları nəzərə alsaq, bu proses olduqca mürəkkəbdir”. Armatuni bildirib ki, bu vəziyyətdə Ermənistan daha çox uduzan tərəfə çevrilir. Bütün bunlar regionda yaranmaqda olan yeni geosiyasi durumda Ermənistanın daha zəif vəziyyətə düşməkdə olduğunu aydın nümayiş etdirir.

Digər tərəfdən ekspertlər qeyd edir ki, geosiyasi vəziyyətlə yanaşı, Paşinyan hakimiyyətinin Qarabağ məsələsində bir-birinə zidd olaraq səsləndirdiyi mövqelər də regionda marağı olan böyük güclər tərəfindən mənfi qarşılanır. Bunu rus ekspert Stanislav Tarasov da təsdiq edir. O bildirir ki, nə Rusiya, nə Fransa, nə də Birləşmiş Ştatlar Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın son açıqlamalarından məmnundur: “Bu gün hamı diqqətlə “birləşmə” həyata keçirməyə cəhd edən Paşinyanın fəaliyyətini izləyir. Heç kim onun mövqeyini başa düşə bilmir. Paşinyan bir tərəfdən qeyd edir ki, Qarabağ sakinləri onu seçmədiyinə görə Qarabağın adından danışa bilməz, digər tərəfdən “birləşmə” haqqında danışaraq, “Qarabağ Ermənistandır, vəssalam”, deyə bəyanat verir. Belə vəziyyət həmsədr ölkələr tərəfindən də mənfi qarşılanır. Onlar məsələnin həlli istiqamətində indiyə qədər formalaşan bazanın, formatın məhv olmasını istəmir. Bu durumda bunları pozan Paşinyandır və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir. Azərbaycanlılar isə, yaranmış vəziyyətdən istifadə edərək, hələ hücum etməyə hazırlaşmır. Onlar Ermənistanda baş verən hadisələri izləyir, Qarabağda baş tutacaq “seçkiləri” gözləyirlər. Onlar başa düşür ki, Paşinyan Qarabağı zəiflədir. “Qarabağ klanı” Qarabağda hələ güclüdür, Paşinyan isə zəifdir. O, Qarabağı zəiflədəcək və həmin vaxtda Bakı öz problemlərini asanlıqla həll edə bilər. Ermənilər özləri-özlərini məhv edir. Bu təəccüblü və çox qəribədir. Azərbaycanlılar yox, ermənilər özləri-özlərini məhv edir. Paşinyanın çıxışına baxsanız, burada kifayət qədər ziddiyyətləi məqamlar görə bilərsiniz. Ermənistan Rusiyanın tərəfdaşı və müttəfiqimizdir. Amma Rusiyada Ermənistan hakimiyyətinin addımlarından ciddi narazılıq var.

İkincisi, biz korrekt ola bilmərik, ona görə ki, ermənilər bizi müharibəyə çəkməyə çalışır. Amma bilinməlidir ki, Rusiya bu müharibəyə cəlb olunmayacaq və onun Qarabağ məsələsində öz mövqeyi var. Amma ermənilər hesab edir ki, onların əvəzinə biz döyüşəcəyik. Belə bir vəziyyətdə necə korrekt ola bilərik? Biz Ermənistanın özünü bu və ya digər şəkildə aparmasını tələb etmirik. Biz tələb edirik ki, Ermənistan Qarabağ məsələsində öz mövqeyini aydın şəkildə ifadə etsin.

Düzdür, superdövlətlər daxili və xarici auitoriya üçün hesablanmış bəyanatlar verə bilər. Amma Ermənistan belə ölkə deyil axı. Ermənistanda cəmi 2 milyon erməni yaşayır, qalanları xaricdədir. Diaspora daxili, yoxsa xarici auditoriyadır? Bizə dünyanın bütün erməniləri baxır və izləyir. Rusiyadakı ermənilər də baxır və nə baş verdiyini dərk edə bilmirlər. Biz Rusiyadakı ermənilərlə təmasda oluruq, onların da Ermənistanda nə baş verdiyini anlamadıqlarını görürük. Hansı daxili auditoriyadan söhbət gedə bilər? Mənim proqnozlarım çox aydındır. Qarabağı zəiflətsəniz, Azərbaycan sizi müharibəsiz alacaq. Bütün rayonları və Şuşanı azad edəcək. Həmin vaxt qaçqınların axını başlayacaq. Biz bunu istəmirik, ancaq belə olacaq. Paradoks ondadır ki, Paşinyan öz inqilabı ilə 10 il gecikib. İndi o heç kimə lazım deyil. Demokratiya kimə lazımdır? Heç bir inqilab baş verməyib. Sadəcə hakimiyyət dəyişikliyi baş verib. Real tərəfdaşlar və müttəfiqlər tapmaq lazımdır. Real problemləri həll etmək vacibdir, yoxsa inqilab ixracı ilə məşğul olmaq lazım deyil. Ermənistan bu gedişlə Qarabağ məsələsində daha tez uduzacaq. Azərbaycanın mövqeyi məlumdur. Bu ərazilər ona məxsusdur. Bu, Ermənistanın xoşuna gəlir-gəlmir, başqa məsələdir. Amma görünən budur ki, Azərbaycan istəyinə sürətlə yaxınlaşır”. Bütün bunlar Qarabağ münaqişəsi ətrafında yaranan geosiyasi vəziyyətin artıq daha böyük sürətlə Azərbaycanın lehinə dəyişdiyini göstərir. Şübhəsiz ki, belə durum yaxın tezlikdə konfliktin çözümü istiqamətində mühüm yeniliklərin olmasını da ististna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com