7 parlament və iki müxalif partiya iqtidar-müxalifət görüşünə niyə qatılmadı - ilginc səbəblər

7 parlament və iki müxalif partiya iqtidar-müxalifət görüşünə niyə qatılmadı - ilginc səbəblər

Sentyabrın 11-də Ana Vətən Partiyasının təşəbbüsü ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən iqtidar-müxalifət görüşündən dərhal sonra açılan müzakirələr səngimək bilmir, əksinə güclənir. Xüsusilə, bəzi müxalif partiyaların dəvət olunmaması və ya iştirak etməməsi ilə yanaşı, bir sıra parlament partiyalarının da görüşdə görünməmələri xüsusi diqqət çəkib.

Məlumat üçün bildirək ki, Milli Məclisdə təmsil olunan 12 qurumdan YAP, BAXCP, BQP, Vəhdət Partiyası tədbirdə iştirak edib. Lakin Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasının liderləri toplantıda görünməyiblər.

Müxalif partiyaları haradasa anlamaq olur, lakin parlamentdəki partiyaların yarısından çoxunun tədbiri “boykot” etmələri düşündürücü olmaya bilməz. Onlardan bəzilərinin fikirlərini aldıq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev görüşə qatılmamasını bu cür izah edir: “Bu görüşü təqdir edirəm. Sadəcə olaraq, bizim Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin parlamentdə həmin gün iclası var idi. Xahiş olunurdu ki, orada iştirak edin. Saatlar üst-üstə düşdüyü üçün texniki bir məsələ oldu. Prinsipcə bu görüşü dəstəkləyirəm. İndiyə qədər bu tipli görüşlərdə iştirak etmişəm. Mənə orada yer ayrılmışdı və gələcəyimə söz vermişdim. Texniki bir məsələni bu qədər qabartmaq olmaz. Hesab edirəm ki, meydanlarda hay-küylə məsələni həll etməkdənsə, masa ətrafında düşünmək, danışmaq və dialoq aparmaq lazımdır. Mədəni bir münasibətin tərəfindəyəm. İstərdim ki, bu görüşdə iştirak edim. Sadəcə dediyim kimi vaxtlar üst-üstə düşdü. Həmişə onun tərəfində olmuşuq ki, ölkədə müxalifətçilik şəxslərə qarşı deyil, problemlərə qarşı olmalıdır. Siyasi mühitdə bütün partiyalar hakimiyyətə gəlmək üçün mübarizə aparmalı, alternativ proqramlar təklif etməli, normal tənqid səsləndirməlidirlər. Ölkədəki rəqabəti düşmənçiliyə çevirmədən siyasi mübarizə aparmaq, yeni qüvvələrin hakimiyyətə gəlməsi üçün çalışmaq lazımdır. Bu çox normal bir məsələdir. Bu bir mədəniyyət nümunəsidir ki, iqtidar-müxalifət, QHT və media nümayəndələri bir masa ətrafında ölkədəki problemləri çözürlər”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: “Tədbirə dəvət almışdım. İştirak etməməyimə səbəb o oldu ki, əvvəlcədən işim var idi. Çox mühüm iş olduğu üçün tədbirə qatıla bilmədim. Əks təqdirdə iştirak edəcəkdim. Burada nə problem ola bilər ki?”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə tədbirə dəvət almayıb: “Ümumiyyətlə, bu tədbirdən xəbərim olmayıb. Bizə dəvət göndərilməyib. Əgər dəvət olunsaydıq, əlbəttə iştirak edərdik. Bunun səbəbləri barədə heç nə deyə bilmərəm. Niyə xəbər verməyiblər, özləri bilərlər. Bu təşkilatçılardan asılıdır”.

Dəvət almalarına baxmayaraq, tədbirdə iştirak etməyən iki müxalif qurumun da mövqeyini öyrəndik.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev gec dəvət olunduqları üçün imtina etdiyini deyir: “Əslinə baxanda mən ilkin olaraq dəvət olunmamışdım. Pənah Hüseynlə bildiyiniz kimi biz müttəfiqik. Bir tədbir də keçirdik. AXP, AMİP və biz bir yerdəyik. Tədbirə bir gün qalmış Ana Vətən Partiyasından mənə zəng edib, tədbirə dəvət etdilər. Ona görə iştirak etməmə qərarı verdik. Fəzail müəllim deyib ki, Elşad Musayev tədbirdə iştirak etmək üçün canfəşanlıq edib. Amma bunu etməmişik. Nə üçün də etməli idik? İlkin olaraq, bilirdim ki, orada dəvətlər sırasında 3-4 partiyanın adı olmayıb, o sırada biz də olmuşuq. Düzdür, maraqlanmışam ki, hansı səbəbdən biz dəvət olunmamışıq. Amma qərarı özümüz veririk. Elşad Musayev hər yerdə özünə hörmət edən insandır. Əgər dəvət olunmadıqsa, iştirak edə bilməzdik. Tədbirə gəlincə, bu barədə mənfi və ya müsbət yöndə fikirlər söyləmək fikrindən uzağam. Vaxtında dəvət olunsaydıq, buna müvafiq qərar verərdik. Bildiyimə görə, mən, Əli Kərimli, İlqar Məmmədov və İqbal Ağazadə tədbirə dəvət olunmayıb. Bunların bir qismi siyahıda olmayıb, bir qismi də siyahıdan çıxarılıb. İlkin variantda mənim informasiyam budur. Sonradan dəvət olunmuşam və mən də özümə hörmət edib, iştirak etməmək qərarı vermişəm”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə də gec dəvət olunduqlarını əsas gətirdi: “Tədbirə partiyamız da dəvətli idi. Amma təəssüflər olsun ki, tədbir barədə bir həftə öncədən məlumatlı olsaq da, bizə dəvət gəlməmişdi. Halbuki, məlumatımız olan vaxt bizə informasiya gəlmişdi ki, AMİP də dəvət olunacaq. Həftənin ilk günü partiyanın Siyasi Şurasının ənənəvi olaraq, saat 15:00-da iclası var idi. Həmin iclasda bu tədbirlə bağlı da məsələ müzakirə olunmalı idi. Hətta biz həmin gün iclası saat 18:00-a ertələdik ki, ola bilsin dəvət gəldi, məsələni müzakirə edək. Amma həmin vaxta qədər dəvət gəlmədi və biz hətta dəvət gəlsə belə tədbirdə iştirak etməyin qeyri-məqbul olduğu barədə qərar qəbul etdik. Bizdə məlumatlar var idi ki, digər siyasi partiyaların artıq əksəriyyətinə dəvət gedib. Biz konkret qərar qəbul etmək məcburiyyətində qaldıq. Amma tədbirdən bir gün öncə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri kimi bir xanım zəng edib özünü təqdim etdi və tədbirə dəvət olunduğumuzu bildirdi. Mən də xanıma irad bildirdim və artıq bu məsələ ilə bağlı qərarımızı verdiyimizi bildirdim. Ardınca mənə Fəzail Ağamalı zəng etdi. Öz iradlarımı ona da bildirdim. O da mətbuat xidmətinə əsəbləşdi ki, sizə ötən həftənin beşinci günündən məlumat verilməli idi. Texniki bir səhv olduğunu söylədi. Tədbirə görə təşəkkür etdim və bildirdim ki, orada ciddi məsələlərin müzakirə ediləcəyini düşünürük. Eyni zamanda, belə bir ciddi məsələlərin müzakirə ediləcəyi tədbirə bir gün qalmış dəvət olunmanı qeyri-ciddi saydığımızı söylədim. Partiyanın bu barədə qərarının olduğunu desəm də, bu yöndə çalışacağımı qeyd etdim. Amma həmin gün Aşura günü olduğundan Siyasi Şuranı yığıb, dəvəti müzakirə etmək çətin idi. Bu səbəbdən tədbirdə iştirak etmək istəmədim. Amma bu cür tədbirlərin keçirilməsini təqdir edirik. Düşünürük ki, ölkəmiz üçün ciddi olan belə məsələlərin, problemlərin həlli yolunu tapmağı bir arada müzakirə etmək vacibdir. Belə tədbirlər kampaniya xarakterli olmamalıdır. Sonradan belə tədbirlərin keçirilməməsi barədə qərar olacaqsa, bu düzgün deyil. Əgər davamlı olacaqsa, hesab edirəm ki, partiya olaraq belə tədbirlərdə iştirak edə bilərik”.

Musavat.com

Mənbə: teref.az