Ermənistanda anti-Rusiya ovqatı GÜCLƏNİR

Ermənistanda anti-Rusiya ovqatı GÜCLƏNİR

Ermənistanda anti-Rusiya xarakterli siyasi bəyanatların sayı artmağa başlayıb.

Bu isə yaxın perspektivdə ikitərəfli münasibətlərin gərginləşəcəyini istisna etmir. Milli Məclisin deputatı Arman Babacanyan Rusiyanı Ermənistanın dövlət suverenliyinə sui-qəsd etməkdə ittiham edib.

“Mən bunu istəmirdim, amma bəzi həmkarlarımın çıxışları məni Ermənistanın suverenliyinə mütəmadi edilən hücumları açıq şəkildə xatırlatmağa vadar edir. Rusiya Prezidenti ağır cinayətdə-konstitusion quruluşu devirməkdə ittiham olunan adama təbrik məktubu göndərirsə, bu təhlükədir, ya yox? Rusiya hüquq sistemi Ermənistanda axtarılan vəzifəli şəxsin təhvil verilməsi məsələsində qəbuledilməz mövqe tutursa, bu, suverenliyə hücumdur, yoxsa yox? Rusiya Baş Prokurorluğunun 2008-ci il 1 mart faciəsinə dair işdə ittham olunan sabiq müdafiə naziri Mikael Arutunyanla bağlı verdiyi qərar suverenliyə qəsddir, yoxsa yox? Ermənistan Konstitutsiya Məhkəməsinin sədri Rusiyanın Ermənistandakı səfiri ilə görüşür, ancaq biz bu görüşün təfərrüatları ilə bağlı heç nən bilmirik”-deputat belə deyib.

Arman Babacanyan bəyan edib ki, Ermənistan paytaxtının mərkəzində “Sputnik” informasiya agentliyi Rusiyanın təbliğat maşınının bir hissəsi kimi fəaliyyət göstərir. Babacanyan əmindir ki, bu agentlik hər vasitə ilə və bütün istiqamətlərdə hazırkı hökuməti ləkələməyə çalışır ki, bu fakt da Ermənistanın suverenliyinə qəsddir.

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya Federasiyasında axtarışda olan şəxslər siyahısından çıxarılıb. O, 2008-ci il martın 1-dən 2-ə keçən gecə orduya İrəvanın “Teatr” meydanında dinc mitinq iştirakçılarına atəş açmaq əmri verməkdə ittiham olunur. Arutunyanla bağlı qərar İrəvanın Moskva ilə münasibətlərini gərginləşdirib. Eyni zamanda, Arman Babacanyanın açıqlaması Konstitusiya Məhkəməsinin hakimi Hrayr Tovmasyanın Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə gizli müzakirə aparıb. Köçəryanın barəsindədki cinayət işinin konstitusiyaya uyğun olmaması barədə iddianın da qismən təmin edilməsi görünür, səfirlə Tovmasyan arasında gizli razılaşmanın nəticəsidir. Bu isə Ermənistanda Rusiya əleyhinə etiraz əhval-ruhiyyəsinin artmasına səbəb olub.

Əslində, baş nazir Nikol Paşinyan da bu yaxınlarda 1In.am saytına verdiyi müsahibədə Rusiyaya müstəqil Ermənistanın daili işlərinə qarışmamağa çağıran xəbərdarlıq mesajı ünvanlamışdı. Paşinyan bildirib ki, Rusiya vəziyyətin dəyişdiyini başa düşməlidir: “Biz çoxəsrlik komplekslərimizdən qurtulmalıyıq. Biz suveren tərəfdaşlarıq, onların bizdən şübhələnmək hüququ varsa, bizim də onlardan şübhələnmək hüququmuz var. Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər kimsə hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır”.

Vladimir Putinin oktyabr ayında Ermənistana gözlənilən səfəri ərəfəsində tərəflər arasında fikir ayrılığının artması münasibətlərdəki problemlərin aradan qalxacağına dair ümidləri qıra bilər. Paşinyan hökuməti Rusiyanın israrlı tələbinə baxmayaraq, eks-prezident R.Köçəryanı azadlığa buraxmaq istəmir. Əgər tərəflər Ermənistana satılan təbii qazın qiyməti ilə bağlı da razılığa gələ bilməsə, Rusiya Prezidentinin səfəri təxirə salına bilər. Rusiya ilə artan ziddiyyətlər fonunda N.Paşinyan geosiyasi manevr edərək ABŞ Prezidenti Donald Trampla görüşməyə çalışır. Ancaq Vaşinqtondan maliyyə və siyasi dəstək axtarışına xidmət edən bu görüşün baş tutacağı hələ məlum deyil.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, yeni siyasi elita Rusiyaya yaxın qüvvələri hakimiyyəti uzaqlaşdırdıqdan sonra ona qarşı təbiğat kampaniyası aparır. Bu proses iqtisadi sahədə özünü daha çox müşahidə olunur. Nəticədə Rusiyadan Ermənistana daxil olan investisiyaların həcmi azalıb. Bu da Ermənistan iqtisadiyyatına zərbə vurub:

“Digər tərəfdən, Paşinyan hökuməti bu problemlərin səbəbkarı kimi hansısa bir xarici qüvvəni gəstərməyə çalışır. Onlar əsas səbəbkar qismində Rusiyanı təqdim edirlər. Bu siyasət və təbliğat daha çox qeyri-rəsmi şəkildə aparılır. Müxtəlif çıxışlar edilir, məqalələr dərc olunur və Ermənistanın problemlərinin əsas səbəbkarı kimi Rusiyanı günahlandırırlar. Yəqin ki, bu proses nəzarət altında gedir. Hakimiyyət də bilir ki, Rusiyapərəst qüvvələr yaxın perspektivdə fəallaşacaq. Köçəryan özü də bunu deyib. Həmin qüvələrə qarşı mübarizə aparmaq üçün ictimai rəy səfərbər olunur”.

Lakin ekspert hesab edir ki, Paşinyanın ABŞ-a səfərinin ciddi siyasi əhəmiyyət daşımır. ABŞ-ın xarici siyasətində Ermənistan mühüm strateji yer tutmur. Bu səbəbdən, Trampın Paşinyanı qəbul edəcəyi məlum deyil. Trampın sərt xətt tərəfdarı kimi tanınan milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonu vəzifədən azad etməsi Rusiya ilə münasibətlərə yumşaldıcı təsir göstərə bilər. Ona görə də ABŞ-ın Ermənistanda Rusiya ilə geosiyasi qarşıdurmaya gedəcəyi inandırıcı görünmür.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info