Kreml Paşinyanı küncə sıxışdırır: TƏKLƏNDİ

Kreml Paşinyanı küncə sıxışdırır: TƏKLƏNDİ

Azərbaycana qarşı apardığı işğalçı siyasət Ermənistanı bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qoyub.

Bununla bağlı beynəlxalq şirkətlərin faktlara söykənən kifayət qədər hesabatları mövcuddur. Amerika Birləşmiş Ştatlarının “Forbes” jurnalının "Dünyanın ən pis iqtisadiyyatları" hesabatında Ermənistan ikinci yeri tutur. Beynəlxalq hesabatların demək olar ki, tamamında bu cümlə xüsusi olaraq qeyd olunur:

Cənubi Qafqazda dənizə çıxışı olmayan Ermənistan həyəcan təbili çalmalıdır. Bütün bunların səbəbi kimi isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və 25 ildən çoxdur ki, bu siyasətini davam etdirməsi göstərilir. BMT-nin 4 qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaq siyasəti onun iqtisadiyyatının inkişafına çox böyük maneə olur.

“Rusiya və İran kimi regional qüvvələr, həmçinin diaspora tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan iqtisadiyyatının məhv olmasının qarşısını almaq mümkün deyil. Ermənistan əhalinin həyat səviyyəsini artırmaq üçün uzun müddətli iqtisadi plan hazırlamalıdır”-deyə, beynəlxalq təşkilatların hesabatlarında Ermənistana məsləhət verilir.

Qeyd edək ki, işğalçılıq siyasətinə görə Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir sıra mühüm layihələrdən kənarda qalıb. Türkiyə vasitəsilə Avropa bazarlarına çıxa bilməməsi də Ermənistan iqtisadiyyatı üçün çox böyük itkidir.

Ermənistanın bütün zamanlarda strateji, hərbi, siyasi müttəfiqi olan Rusiya da bu məsələdə birmənalı mövqedədir. Rusiyanın tanınmış dövlət xadimi, ordu generalı, Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000), RF Xarici İşlər Nazirinin birinci müavini (2000-2004), RF-nın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2009), Rusiya Elmlər Akademiyasının Yevgeni Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətləri İnstitutunun baş elmi işçisi, Rusiya qəhrəmanı Vyaçeslav Trubnikovun müsahibəsində deyib ki, "Şimal-Cənub" layihəsində Ermənistan olmayacaq. Görünən odur ki, Ermənistan daha bir layihədən kənarda qalacaq. Bunun da başlıca səbəbi məhz işğalçılıq siyasətinin davam etdirilməsinə görədir. Ermənistanda daxili iqtisadi problemlər, siyasi gərginlik, hakimiyyət böhranı, ölkənin beynəlxalq layihələrdən kənar qalması artıq vəziyyəti sözün həqiqi mənasında təhlükəli həddə çatdırıb.

Ekspertlər hesab edir ki, Ermənistanın yeganə çıxış yolu birmənalı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmaq və problemin həllinə nail olmaqdır.

“Rusiya Ermənistana qarşı de-marş edə bilər”

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyalı generalın dedikləri əslində, çox önəmlidir:

“Bu, erməni iqtidarına mesajdır ki, rusiyameyilli siyasətçilərə qarşı mövqeyini düzəltsin. Əgər düzəltməyəcəksə, Rusiya Ermənistana qarşı demarş edə bilər. Əslində, Ermənistanın Amerika siyasəti də uğurla nəticələnməyib. Paşinyanın ikili siyasəti iflasa uğrayıb. Görünən odur ki, Rusiya Köçəryanın həbsi, daxili siyasi çəkişmələr, İrəvan-Xankəndi qarşıdurmasından narazıdır və öz riçaqlarını işə salmağa başlayıb. Bununla da Paşinyan hakimiyyəti üçün çox çətin dönəm başlayır. Artıq inqilab eyforiyası bitib, real işlər görmək zamanıdır. Ermənistan elə bir vəziyyətdədir ki, Paşinyanın verdiyi vədləri yerinə yetirməsi çox çətindir. Düşünmürəm ki, Paşinyan verdiyi vədləri yerinə yetirəcək. Erməni xalqı da qısa müddətdən sonra görəcək ki, Ermənistanda real vəziyyət düzəlmir, siyasətdə Rusiya asılılığı var, beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Belə bir vəziyyətdə Paşinyanın reytinqi sürətlə aşağı düşür. Bu vəziyyətdə Rusiya Paşinyan iqtidarı üçün ciddi problemlər yarada bilər. Artıq Paşinyan iqtidarına qarşı yeni müxalifət yaranır və bu güclü müxalifət qısa zamanda Rusiya tərəfindən işə salınıb Ermənistanda növbəti inqilab dalğasına səbəb ola bilər”.

“İrəvan konustruktiv danışıqlara gəlməyincə...”

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiyada artıq real durumu qiymətləndirməyə başlayıblar:

“Görürlər ki, Ermənistanın blokadada qalması və regional layihələrdə iştirak etməməsi Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistan 30 ilə yaxındır ki, regionun ümumi inkişafına töhfə verən iqtisadi layihələrdən kənar qalıb. Bu da ölkənin iqtsadi inkişafının qarşısını alır. Bu ölkə məhz Qarabağı işğalda saxlamaqla öz dövlət müstəqilliyini Rusiyaya güzəştə gedib. Demək olar ki, ölkənin iqtsadi infrastruku Rusiyanın inhisarındadı. Belə olan təqdirdə bu ölkənin inkişafından söhbət gedə bilməz. Qarabağ münaqişəsi Ermənistana siyasi, iqtisadi və demoqrafik zərbə vurmaqdadır. İrəvan konustruktiv danışıqlara gəlməyinc, bu ölkənin iqtsadi inkişafı mümkün olmayacaq. Bu gün Ermənistanın inkişafının qarşısını alan məhz onun işğalçı siyasətidir”.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info