BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK

“Con Boltonun (John Bolton) ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postundan uzaqlaşdırılması elə sürprizdir ki, onun baş verəcəyini bilsən də, nə vaxt baş verəcəyini bilmirsən. Artıq yazda məlum oldu ki, Tramp (Donald Trump) hələ bir il əvvəl təyin etdiyi Boltondan boğaza yığılıb və açıq-aşkar dövlət katibi Mayk Pompeoya (Mike Pompeo) üstünlük verir. Sonuncunun da Boltonla münasibətləri gərgin olub. Payız mövsümü başlayan kimi prezidentin səbir kasası dolub. Səbəb elə də əhəmiyyətli deyil. Hətta Tramp standartına uyğun adi mərasim keçirilmədən, Bolton istefaya göndərilib”, - Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin yazır.

Məqalə müəllifi qeyd edir ki, Boltonun Ağ Evə təyin edilməsi, əsas postda qısamüddətlik fəaliyyəti, nəhayət, istefası Donald Trampın xarici siyasətini daha yaxşı başa düşmək üçün bəzi ştrixlər əlavə edir: “Boltonun sərt ritorikası, onun beynəlxalq həyat normalarına, o cümlədən bədnam nizama saymaz münasibəti, köhnəlmiş və ya tez-tələsik imzalanmış müqavilə və sazişləri ləğv etmək istəyi, Amerikanın düşmənlərini hədələmək vərdişi və müttəfiqlərinə soyuqqanlı və komplimentsiz davranış meyli həqiqət carçısı olan prezidentdə xoş təsir bağışlayıb. Başqa sözlə, Trampın Boltonda Tramp xoşuna gəlib”.

“Amma Con Bolton Donald Tramp deyil. Tramp biznesmendir, Bolton isə ideoloq. Məsələn, rəqiblərə söz hücumları Tramp üçün oyunun bir hissəsi olduğu halda, Bolton üçün amerikalıların təbirincə desək, kinetik zərbədən öncə hazırlıq olub. Tramp nə qədər qeyri-səmimi, qeyri-müəyyən olubsa, Bolton bir o qədər qəti olub. Qısacası, Bolton müharibə adamıdır, Tramp isə amansız da olsa ticarət”, - məqalədə deyilir.

“ABŞ-da və beynəlxalq arenada Con Boltonun istefasına yas tutan olmayacaq. O, Trampı Şimali Koreyanı bombalamağa, İranla müharibəyə, Venesuelaya girməyə təhrik etməyə çalışıb. İstəyi baş tutmayıb: Tramp sələflərinin ənənələrini sındıraraq, öz müharibələrini başlatmaq yerinə başqalarının başlatdığı müharibələri sonlandırmağa can atıb”, - Trenin yazır.

Ekspert qeyd edir ki, Rusiyada Boltonun təsiri tez-tez ABŞ-ın “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişdən (OYRL) çıxmasında və “SHS-3” sazişinin uzadılmasına maraq göstərməməsində nəzərə çarpıb. Həqiqətən, Vaşinqtonda Bolton haqqında çoxdandır haqlı olaraq belə söz-söhbət gəzir ki, o, hələ xoşuna gələ biləcək silaha nəzarət haqqında sazişlə rastlaşmayıb. Çox güman, Trampın OYRL ilə bağlı qərarı və “SHS-3” sənədinə münasibəti “silaha nəzarətə yox!” prinsipial mövqeyindən daha çox, Çinin ABŞ üçün əsas təhlükə kimi qiymətləndirilməsinə əsaslanıb”.

“Rusiya-Amerika münasibətlərinin iki ölkə arasında təsadüfi silahlı münaqişənin qarşısının alınması probleminədək kiçildiyi bir şəraitdə Tramp Rusiya ilə münasibətlərə nəzarəti məhz Boltona tapşırıb. Təhlükəsizlik şurasının katibləri – Nikoly Patruşev və Con Bolton arasında olan kanal son bir ildə Moskva və Vaşinqton arasında yüksək dövlət səviyyəsində fəaliyyət göstərən yeganə daimi dialoq meydanı olub. Sonradan üçtərəfli formatadək genişlənən sonuncu belə görüş bu ay Qüdsdə keçirilib. Patruşev və Boltonun çoxlu təmas nöqtəsi tapdığını, ya da irəliləyiş üçün imkan əldə etdiyini söyləmək olmaz, ancaq bu cür mütəmadi görüşlər, sözsüz, faydalı olub”.

Məqalə müəllifi hesab edir ki, Vaşinqton səmasında ulduzların düzülüşündən asılı olmayaraq, Rusiya və Amerika arasında bu kanalı saxlamaq lazımdır: “Məhz nəzərə almaq lazımdır ki, iki ölkənin münasibətləri yaxın gələcəkdə pisləşməyə davam edəcək, 2020-ci il prezident seçkiləri ərəfəsində rus amili Amerikanın xarici siyasətində bundan sonra da Trampın rəqibləri tərəfindən istismar ediləcək. Rusiya prezidentinin administrasiyasında amerikalı agent haqqında bu yaxınlarda mətbuata sızan informasiya buna bariz nümunədir. Bolton olmadan da işlərin öhdəsindən gəlmək olar. Siyasət, hərb, xüsusi xidmət orqanları və başqa sahələrdə etibarlı rabitə kanalları olmadan çətin və təhlükəli olacaq”.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

KOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRAR

SONRAKI XƏBƏR

Burcu Sinanı belə unudur - VİDEO