MƏQSƏD SƏTTAROV KİMDİR ?

MƏQSƏD SƏTTAROV KİMDİR ?

İkinci yazı

Azərbaycan xalqında ateizm dünyagörüşünün formalaşmasına və islam dininə, mürtəce şəriət qayda-aqnunlarına qarşı müvəffəqiyyətlə mübarizə aparmağa ciddi əngəl törədən səbəblərdən biri də köhnə ictimai quruluşun və müsəlman dini əxlaqının ailə-məişət münasibətlərində, xüsusən, qadına münasibətdə buraxdığı ağır izlər idi. Müəllifə görə, xalqın dünyagörüşünün formalaşması üçün Azərbaycan qadınlarının, sözün əsil mənasında, azad edilməsi, ona siyasi azadlığın verilməsi ilə bərabər, ailədə kişinin iqtisadi asılılığından qurtarması, çadra əsarətindən xilas edilməsi və maarifləndirilməsi zəruri şərtlər idi. Sonra müəllif islamdakı sünnilik və şiəlikdən, onların yayılma coğrafiyasından bəhs edir və göstərir ki, Azərbaycanda islamın sünnilik və şiəlik cərəyanları geniş yayılmışdı. Bakı, Qaraabağ, Gəncə, Lənkəran, Naxçıvan və başqa bölgələrdə, əsasən şiəlik, Zaqatala, Qax, Şamaxı, Qazax və başqa yerlərdə isə sünnilik cərəyanı yayılmışdı. Hətta bir çox kəndlərdə əhalinin bir hissəsi sünnilik, digər hissəsi isə şiəlik cərəyanına mənsub idi. Məqsəd Səttarov qeyd edir ki, din əleyhinə mübarizə işini çətinləşdirən amillərdən danışarkən, Azərbaycanda bir çox millətlərin və milli qrupların (ruslar, ermənilər, talışlar, dağ yəhudiləri, almanlar, iranlılar və b.) yaşaması ilə əlaqədar olaraq, müxtəlif din və təriqəıtlərin mövcud olması faktı da nəzərə alınmalıdır. Zaqafqaziyadakı bütün xristian təriqətlərinin mərkəzi Bakıda yerləşirdi. Azərbaycan xalqında ateizm dünyagörüşünün formalaşması prosesini çətinləşdirən amillərdən biri də müsəlman ruhanilərinin əhali üzərində təsirinin daha güclü olması idi. Digər tərəfdən, məişətdəki gerilik də bu maneələrdən biri idi. Bu səbəblərin varlığı göstərirdi ki, xalqı ateizm ruhunda tərbiyələndirərkən, konkret şərait, yerli əhalinin milli səciyyəvi xüsusiyyətləri hökmən nəzərə alınmalı, dinin aradan qaldırılması haqqında marksizm-leninizm təlimini rəhbər tutaraq, yerli şəraitə uyğun mübarizə metodları müəyyən edilməlidir. Din insan şüuruna və əxlaqına xas olan fitri bir xüsusiyyət deyildir. Dini yaradan ictimai şərait yox edilərsə, ona qarşı düzgün ideya mabarizəsi aparılarsa, tədricən aradan qaldırıla bilər.Elə də oldu, bu mübarizədə ateizm qalib gəldi . Birinci fəsildə müəllif göstərir ki, din də ictimai şüur formalarından biridir. O da obyektiv şəraiti, real gerçəkliyi əks etdirir. Lakin bu inikas həqiqi inikas deyildir. Dini inikas heç bir obyektiv həqiqət daşımır. O, obyektiv gerçəklik hadisələrini təhrif olunmuş şəkildə əks etdirir. Din tarixən müəyyən ictimai münasibətlər zəminində yaranan ictimai hadisədir. Hər bir din kimi , islam dini də konkret tarixi dövrün məhsuludur. Bütün dinlərin forma və məzmununda baş verən dəyişikliklər ictimai həyatda, ictimai münasibətlərdə baş verən inkişaf və dəyişikliklə bağlıdır. Bu fəsildə islam dininin yaranmasına qədər sinfi təbəqələşmənin güclənməsi, sinfi mübarizənin kəskinləşməsi, qəbilıədaxili ziddiyyətlərin artnası, xarici basqınlara qarşı qəbilə və tayfa ittifaqlarının yaranması, qəbilə və tayfalar arasında gedən mübarizədə qalib tayfanın allahlarının da hökmran mövqe tutmasından, çoxallahlıqdan, təkallahlığın yaranması prosesindən, islamın hakim dinə çevrilməsindən, ərəblərin ayrı-ayrı ölkələri fəth etməsindən, nəhayət, Azərbaycanı da işğal etməsindən ətraflı danışır, islamın Azərbaycana vurduğu zərər və ziyandan söhbət açır. İslam dini çox mürtəce, ziyankar, bəşəriyyətin düşməni, hakim siniflərin müdafiəçisi kimi qələmə verilir. Görəsən, hakim siniflər bəşəriyyətə daxil deyillərmi? Bəlkə, onlar bəşər hesab olunmurlar? Qəribədir! Məqsəd Səttarov islamı belə tanıyır və qəbul edir: 1.İslam dini hər cür yeniliyin, mütərəqqi ideyanın, azad fikir və sağlam düşüncənin qəddar düşməni olmuşdur. 2.İslam dini elmə ziddir. 3.İslam dini hər şeyi allahın adı ilə bağlayır. 4.İslam dini dünyanın dərk olunmasını rədd edir. 5.Elmi qabaqgörənliyin əleyhinə çıxır. 6.İslam dini istismarçı quruluşu müdafiə edir. 7. İslam dini xüsusi mülkiyyəti toxunulmaz elan edir. 8.İslam dini həyata, həyati zövqlərə olan marağı söndürür. 9.İslam dini bu dünyanı fani, o biri dünyanı baqı(əbədi) sayır.10.İslam dini insanlara mütilik aşılayır. 11.İslam dini xoşbəxtliyi axirətdə görür. 12. İslam dini insanları kafir və müsəlmanlara bölür. 13.İslam dini bütün başqa dinlərə mənfi münasibət bəsləyir. 14. İslamın "cahad" çağırışı insanlar arasında düşmənçiliyi qızışdırır, ədavəti gücləndirir. 15. İslam dini qadınların hüquqlarını tapdalayır, onları alçaldır. 16. Müsəlmanlarla kafirlərin dost və həmrəyliyini qadağan edir, izdivaca qadağa qoyur. 17. Mülki hüquq məsələlərində də qadın kişidən alçaq tutulur.18.Çoxarvadlılığa rəvac verir, qadının sərbəstliyini əlindən alır, örtükdə saxlamağı vacib sayır, işləməyi, kollektivdə çalışmağı qadın üçün günah sayır. Bütün bunlar Quranın bu və ya digər surələrində öz əksini tapdığını göstərir: Surələr və ayələr: 4, 38 4, 12 6, 68 24, 44 29, 131 2, 228 24, 31 8, 17 32, 8 4, 62 4, 38 9, 74 6, 32 6, 59 3, 44 4, 19 47, 4 40, 42 43, 31 6, 72 4, 175 Bütün bunları qeyd etdikdən sonra Məqsəd müəllim islamda olan ayin, mərasim və bayramları çox ciddi şəkildə tənqid etməyə başlayır. Məhərrəmliyin mürtəce mahiyyət daşıdığını, bu mərasim zamanı müsəlmanların küçə yürüşlərini, özlərinə xəsarət yetirməyi, dini ruhlu tamaşalar təşkil etməyi, "şaxsey-vaxsey" deyə-deyə insanları rahatsız etməyi insanlılğa yaraşmayan hal sayır, orucluğun, qurban bayramının, Məkkə şəhərinə ziyarətə getməyin, namaz qılmağaın, müqəddəslərə pərəstiş etməyin sosializm quruculuğuna mənfi təsir göstərdiyini iddia edir, bunlara qarşı ardıcıl və ciddi mübarizə aparmağı vacib sayır. Məqsəd Səttarov iqtisadi köləliyi, siyasi zülmü, mənəvi əsarəti, məişət geriliyini, avamlıq və cəhaləti, savadsızlğı, işsizliyi, sabahkı günə ümidsizliyi, inanmsızlığı və sairəni insanlarda dini təsəvvür və etiqadlar yaradan səbəblər olduğunu və sosializm quruluşunun bu səbəbləri kökündən dağıtdığını qeyd edir. İslam dininin sosializm quruluşuna mane olan bütün ayin və mərasimlərinin ləğv edilməsi barədə dövlətin və hökumətin müxtəlif illərdə verdiyi qərarları sadalayır: 1927-1928-ci illərdə Mövludi-Nəbi və bistohəştom kimi dini bayramlar ixtisar edildi. 1930-cu illərin əvvəllərində novruz, qurban və orucluq bayramları da ixtisar edildi. 1922-ci ildə şaxsey-vaxsey yürüşü də qadağan edildi. 1923-cü ildə küçələrdə hər hansı dini yürüşlər qadağan olundu.1924-1925-ci illərdə Azərbaycanın qəza mərkəzlərində məhərrəmlik zamanı küçələrdə hay-küylü nümayiş və yürüşlər qadağan edildi. 1929-cu ildə dini ayinlərin xüsusi evlərdə kütləvi formada icra edilməsi halları qəti qadağan olundu.. Beləliklə, sosializm quruculuğu dövründə həyata keçirilən böyük iqtisadi, iuctimai və mədəni tədbirlər dinin ən dərin köklərini dağıtdı, ateizm hərəkatı genişlənərək əhalinin böyük əksəriyyətini əhatə etdi. Savadsızlığı ləğv etmək məqsədilə 1925-ci ildə 1V Azərbaycan sovetlər qurultayı yeni əlifbaya keçmək haqqında qərar qəbul etdi. 1929-cu ildən etbarən yeni əlfbaya keçid başa çatdı. Din və dini təşkilatlar keşmişin qalıqlarına çevrilməyə başladı. Üçüncü fəsildə Bəhailik və Sufilik haqqında danışılır. Müəllif izah edir ki, o, X1X əsrin ikinci yarısında Yaxın və Orta Şərqdə meydana gəlmişdir. Ideyaca babizmlə sıx əlaqədardır. Babın şagirdlərindən olan Bəhaulla babizm hərəkatının bütün demokratik cəhətlərindən imtina etmişdir. Burjuaziyanın mənafeyini qorumuşdur. X1X əsrin 80-ci illərində gizli yolla İrandan Azərnbaycana keçmişdir.Bəhailik sovet hakimiyyuətini kinlə qarşılamış, ona müqavimət göstərmişdir. Bu təlim özünü "dinlərin dini" elan etmişdir. Bəhailərə görə, qan tökmək günahdır, mübarizə insanlığa yaraşmayan bir haldır. Əqlə, həqiqi elmə uyğun gəlməyən hər bir şey mövhumatdır. Elmlə din bir-birinə zidd deyil, əksinə, onlar bir-birini tamamlayır. Bəhai olan şəxs yaşadığı dövlətin siyasi işlərinə qarışmamalıl, rəsmi dövlət qanunları əleyhinə çıxmamalı, mövcud qanunlara tabe olmalıdır. Bu təlim antissovet xarakteri daşıdığına görə dövlət tərəfindən fəaliyyəti qadağan edildi, təşkilatın bütün işçiləri işdən çıxarıldı, bu təlimə aid olan bütün kitab və məcnuələr yandırıldı, idarə və təşkilatlar bağlandı. Məqsəd Səttarov s u f i l i k təlimi haqqında da xeyli məlumat verir. Müəllif qeyd edir ki, sufilik əsasən Azərbaycanın Qazax qəzasının Aslasnbəyli kəndində, müəyyən qədər Gəncə, Quba, Şamaxı, Zaqatala və Şəki qəzalarında yayılmışdı. Sufilik ilk dəfə doqquzuncu əsrdə İranda meydana çıxmış və oradan digər müsəlman ölkələrinə yayılmışdır. Məqsəd müəllim göstərir ki, sufilik təlimi də sovet hakimiyyətinə qarşı çıxmış, dəfələrlə qiyam qaldırmış, lakin məqsədlərinə nail olmamışlar. Xüsusən qızların məktəbə, klublara getməsini, kino və konserlərə baxmasını əxlaqasızlıq adlandırır, bunları qadağan edirdilər. Onların ən murdar və əxlaqsız hərəkətləri ekstaz hala düşmək və allaha qovuşmaq üçün təşkil etdikləri "müridizm" yığıncaqları idi. Ördüncü fəsildə sovet hakimiyyəti qurulduqdan sonra ölkədə əsil əqidə azadlığının həyata keçirilməsindən söhbət gedir və sovet hökumətinin 1918-ci ildə "Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında" verdiyi dekretin 13 bənddən ibarət mətni verilir Daha sonra Müəllif dinə və onun ayin və mərasimlərinə qarşı mübarizə aparmağın metodları haqqında klassiklərin , təcrübəli siyasi xadimlərin məsləhət və tövsiyələrini ətraflı şəkildə izah edir. Bütün bu danışıqlardan sonra ölkədə ateizm təbliğatının müvəffəqiyyətlə nəticələnməsi üçün özünün tərtib etdiyi təbliğat formalarını, növlərini təqdim edir. Əhali arasında aparılan ateizm təbliğatının genişlənməsi və təsirli olmasında 1925-ci ildə yaradılmış "Mübariz Allhsızlar İttifaqı"nın rolu haqqında söhbət açan professor bu ittifaqın Azərbaycanda olan üzvləri barədə də məlumat verir.: 1930-cu ildə Bakıda 25000, respublikada 45000 üzvü olub. 1932-ci ildə Azərbaycanda 80000 üzvü olub, onun da 25 %-ni qadınlar təşkil edib. Ateizm təbliğatı haqqında bunları qeyd etdikdən sonra müəllif həmin dövrlərdə ittifaq tərəfindən buraxılmış kitab və kitabçaları göstərir. Bu mövzuya toxunan Azərbaycanın klassiklərindən Qasım bəy Zakirin, M.Ə.Sabirin, M.F.Axundovun, C.Məmmədquluzadənin, S.Ə.Şirvaninin, N.Nərimanovun, Ə.Haqverdiyevin və başqalarının adları çəkilir, ateizmin təbliğində onların yazdıqları əsərlərin böyük rol oynadığı nəzərə çatdırılır. 1967-ci ildə Məqsəd Səttarovun "İslam dini qalıqları" adlı kitabı nəşr olunub.Əsər iki fəsildən ibarətdir. Bu kitab zəhmətkeşlərdə ateizm dünyagörüşünün inkişaf edib daha da möhkəmlənməsi prosesinin nəzəri cəhətdən ümumiləşdirilməsinə, dini qalıqların mürtəce mahiyyətinin ifşa olunmasına, sosializm şəraitində dini qalıqların yaşaması səbəblərinin təhlilinə və bu qalıqların aradan qaldırılması yollarının işıqlandırılmasına həsr edilmişdir. Məqsəd müəllim qeyd edir ki, kommunist tərbiyəsinin əsas məqsədi bu cəmiyyəti qurmağı bacaran və həmin cəmiyyətdə yaşayacaq adamları tərbiyə edib yetişdirməkdir. Onun zərudi və mühüm tərkib hissələrindən biri də a t e i z m tərbiyəsidir ki, vəzifə insanların şüurundakı köhnəlik qalıqlarını tamamilə aradan qaldırmaqdan ibarətdir. Bilirik ki, inqilabdan əvvəl Azərbaycan islam dininin xeyli geniş yayıldığı yerlərdən biri idi. Burada islam dini həyatın bütün sahələrində, xüsusilə də ailə və məişətdə dərin kök salmışdı. Müharibə illərində şəhər və kəndlərdə dini mövhumatı yayan falçıların , mollaların sayı xeyli artmışdı. Onlar fala baxmaq, taleyi qabaqcadan müəyyən etmək, cəbhədəkilərin aqibətinin yaxşı olmasını "təmin etmək" məqsədilə sehirli dualar yazmaqla, başqa dini ayinləri icra etməklə məşğul olurdular. Bütün bunların canlı şahidi olan Məqsəd müəllim deyir ki, inqilabdan sonrakı ilk illərdə və hətta sosializm quruculuğunun daha sonrakı illərində din xadimlərinin əksəriyyəti sovet dövlətinə qarşı düşmən münasibətində idilər. Əhali arasında ateizm təbliğatını daha da gücləndirmək, bu sahədə bütün işlərə düzgün istiqamət vermək məqsədilə Az.KP MK-nin nəzdində ateizm soveti yaradıldı. Hər il ateist təbliğatçı və təşviqatçı hazırlayan aylıq kurslar , seminarlar təşkil edilirdi. Din əleyhinə mübarizədə müxtəlif təbliğat formalarından istifadə olunurdu. Din cəmiyyətin irəliyə doğru hərəkətinə , inkişafına mane olmuş, quruculuq işlərinə böyük ziyan vurmuşdur. İslam dininin məzmununu da allaha, fövqəltəbii qüvvələrə inam, etiqad təşkil edir. Dini etiqad insanların fəaliyyətini buxovlayır, tənbəlliyə, passivliyə məhkum edir. Müəllif daha sonra qryd edir ki, din insanları təbiət və cəmiyyətdə olan obyektiv qanunauyğunluqları dəek etməkdən çəkindirir. Onlar elə bilirlər ki, hər şeyi allah yaradır, hər şey allaha bağlıdır, allahdan asılıdır. Bütün sirlərin açarı allahdadır, hər şeyi allah idarə edir. Sonra Məqsəd müəllim sünni və şiəlikdən söhbət açır, bunları bir-birinə qarşı qoyur. (Burada bir haşiyə çıxmaq yerinə düşər. Şiə sözü sünni sözünün əksi, antonimi deyil. Şiə -- tərəfdar, bir ideyanın, fikrin tərəfdarı olan bir qrup adam, zümrə və sair deməkdir. Sünni və şiə gecə-gündüz, ağ-qara, böyük-kiçik, geniş-dar və s. kimi bir-birini inkar etmir, bir-birinin əksi deyil. Sünni "sünnə" sözündən əmələ gəlmişdir. Sünnə peyğəmbərin özünün yerinə yetirdikləri, vəsiyyətləri, qoyduğu qanun-qaydala deyilir. Bunları icra edənlər, yəni islam peyğəmbərinin buyurduğunu qəbul və icra edənlər sünni adlanır. Aydındır ki, bütün müsəlman adını daşıyanlar buna riayət edirlər. Deməli, bütün müsəlmanlar sünnidirlər. İmam Əlinin tərəfdarları Əli şiəsi adlandırıldığı kimi, Əbubəkrin və qalan üç xəlifənin tərəfdarları da Əbubəkir (Ömər, Osman) şiəsi adlandırılmalıdırlar. Daha onlara sünni demək və onu şiə ilə qarşı-qarşıya qoymaq düzgün deyil, böyük və təhlükə doğuracaq bir səhvdir. Nəticə etbarilə müsəlmanları yer üzündən silmək, islam dinini aradan götürmək deməkdir. Qəribədir ki, müsəlman alimləri indiyə qədər bu yanlış ifadələrin əsil mahiyətini, məzmununu xalq kütlələrinə izah etməmiş və əsrlərlə müsəlmanların haqsız qanlarının axıdılmasına göz yummuşlar və buna təbii bir hadisə kimi yanaşmış və yanaşırlar. Ona görə də bu sözləri, bu ifadələri işlədərklən ehtiyatlı olmalı, müsəlmanları-din qardaşlarını qarşı-qarşıya qoymaq yox, onları birliyə, həmrəyliyə çağırmaq və islamın düşmənləri tərəfindən meydana atılan bu sözlərin əsil mahiyətini müsəlmanlara izah etmək bu gün də olduqca zəruri və vacibdir.Yaxın Şərqdə bu illər ərzində baş verən qanlı hadisələrin səbəbi də buradan qaynaqlanır. Görünür, hörmətli professor bu barədə ya heç düşünməmiş, ya da mövcud siyasi rejim və mühitin tələıblərinə uyğun hərəkət etmişdir. Qopxusundan müsəlman olduğunu inkar etsə də, bir filosof kimi, alim kimi həqiqəti deməli idi. Əlbəttə, əgər bu sözlərin məna və məzmunu, mahiyyəti barədə fikirləşməyin vacib olduğunu dərk etsə idi. Məqsəd Səttaraov bu sözləri tez-tez, bir-birinə zidd ifadələr kimi işlədir . O, hətta, sünni və şiələrin kompakt yaşadıqları b ölgələr haqqında statistk rəqəmlər də göstərir.

Müstəqil Ağayev

AMEA Fəlsəfə İnstitutu , Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,Qabaqcıl Maarif Xadimi

Mənbə: olaylar.az