“Konflikt jurnalistikası məktəbi”nin növbəti təlimi keçirildi

“Konflikt jurnalistikası məktəbi”nin növbəti təlimi keçirildi

Jurnalistlər qarşısında çıxış edən hərbi hissənin zabitləri bildiriblər ki, Hərbi Hava Qüvvələrinin təyinatı respublikamızın hava məkanının nəzarətdə saxlanılmasını düşmənin hava hücumu vasitələrini hava döyüşlərində məhv etməklə dövlət sərhədlərinin müdafiəsini təmin etmək, vizual müşahidə olunan hədəfləri (yer və dəniz hədəflərini) məhv etməkdir.

Layihə iştirakçılarına Hərbi Hava Qüvvələrinin yaranma tarixi, arsenalında olan silahlardan, hərbi helikopterlərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, yerüstü müşahidə sistemləri, hava təhlükəsizliyi və cavabdehlik zonası, döyüş təyyarələri, hava hücumundan müdafiə vasitələri haqqında məlumat verilib. Hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili qaydaları izah edilib. Vurğulanıb ki, bu gün ən yüksək texnologiya ilə təchiz edilən uçuş aparatları istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Həmçinin jurnalistlərə hərbi pilotların fəaliyyətləri barədə də geniş məlumat verilib.

Zabitlər təlimalanlara onu da bildirdilər ki, müasir texnoloji avadanlıqlarla təchiz edilən Hərbi Hava Qüvvələrinin hərbi hissələri döyüş növbətçiliyini yüksək səviyyədə apararaq, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsini, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsini, qərarların vaxtında qəbulunu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icra edirlər.

Auditoriya təlimindən sonra təlimalanlar hərbi hissənin ərazisindəki mövcud infrastrukturla, silah və texnikalarla, məşq qurğuları ilə yaxından tanış olublar. Sonra layihə iştirakçıları şəxsi heyətlə birgə nahar ediblər.

Mənbə: ordu.az