Çingiz Qənizadənin Avropa mühacirlərini qaytarmaq planı - dövlətçiliyə dəstək verməyən soydaşların Azərbaycanda olmasına ehtiyac varmı...

Azərbaycanda uzun illərdir fəaliyyət göstərən və Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri – Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının təşkilatçılığı ilə baş tutan “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi Masada hüquq müdafiəçiləri, KİV rəhbərləri, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib. Tədbirdə çıxış edənlər son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “Youtube” platformasında yayımlanan, heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir, böhtan xarakterli çıxışları pisləyiblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili Çingiz Qənizadə bildirib ki, bu gün ölkəmizdə “virtual vətəndaş müharibəsi” gedir: “Sosial şəbəkələrdə ölkə iki yerə bölünüb və “vətəndaş müharubəsi” gedir. Sosial şəbəkələrdə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtanların sayı durmadan artır. Bu cür hallar cəmiyyətimizin əxlaqına mənfi təsir göstərir. Bugünkü tədbirin keçirilməsində məqsədimiz belə halların qarşısının alınmasıdır. Biz hamımız söz və mətbuat azadlığının tərəfdarıyıq, ancaq hər şey qanun çərçivəsində olmalıdır. Xaricdən ölkə rəhbərliyini söyənlərin hamısına “Dayanın!” deyirəm. Bu yol Azərbaycan kişisinə yaraşan hal deyil. Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Bunların qarşısını almağın vaxtı çoxdan çatıb. Azərbaycanın ziyalılarını, mətbuat nümayəndələrini bu cür hallara qarşı birləşməyə çağırıram”.

Çingiz Qənizadə çıxışında başqa maraqlı bir məqama da toxunub. O qeyd edib ki, Novella Cəfəroğlu ilə birlikdə hazırda mühacir həyatı yaşayan, lakin söyüş ixrac edənlərə qarışmayan mühacirlərlə bağlı fərqli qərarın verilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Millət vəkili deyib ki, bu qəbildən olan mühacirlərlərin də ölkəyə gediş-gəlişində problem var: “Biz dövlət qurumları ilə “söyüş müxalifəti”nə qoşulmayan mühacirlərin maneəsiz şəkildə ölkəyə gediş-gəlişinin təmin edilməsi istiqamətində iş görməyi düşünürük”. Yəni hörmətli deputat deyir ki, ölkəni siyasi təqib səbəblərini əsas gətirərək tərk etmiş və hazırda mühacir həyatı yaşayanlar iki yerə bölünməlidir: söyüş söyənlər və söyməyənlər. Bu təsnifatlanmaya görə ikincilərə yaşıl işıq yandırmağa dəyərmi? Əgər onlar söyüş söyən mühacirlərə cavab vermirlərsə və ya təmsil olunduqları ölkələrdə Azərbaycanın dövləti maraqlarını qoruyan addımlar atmırlarsa, onların müsbət mənada lobbiçiliyini etməyə zərurət varmı?

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələdə ehtiyatlı yanaşma ortaya qoyulmalıdır: “Mən Çingiz Qənizadənin bu təklifi ilə razı deyiləm. Bir az bayağı formada ifadə edəcəm. Söyüş söyməyənlər daha təhlükəlidir. Söyənləri də lənətləyirik, amma onlar nəyə qadir olduqlarını açıq büruzə verirlər. Buna seyrçi qalanlar isə ilana zəhər verənə bənzəyirlər. Bəli, razılaşmırsa, mövqeyini ortaya qoymalıdır. Bunu etmirsə, deməli, onlarla eyni mövqeni bölüşür. Bilirsiniz ki, biz təşkilat olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində uzun müddətdir fəaliyyət göstəririk. Avropa ölkələrində hətta ermənilərə qarşı aksiyalar keçirəndə həmin mühacirlər gəlib bizimlə yanaşı durub şuarın bir qulpundan tutmur. Hətta müraciət də etmişik. Cavabları belə olub ki, biz bura Azərbaycan dövlətinin əlindən qaçıb gəlmişik, sizə niyə dəstək verməliyik? Baxın, bu insanlarda dövlətçilik təfəkkürü belə yoxdursa, onları niyə biz xüsusi fərqləndirməliyik? Yəni proseslərə mövqesiz olaraq seyrçi qalmaq bu məsələdə indikator rolunu oynaya bilməz. Nə vaxtsa görübsünüzmü söyüş söyməyən mühacirlər təmsil olunduğu ölkədə Azərbaycan dövlətinin əleyinə olmayan bir aksiyada iştirak etsinlər? Bu baxımdan da, mühacirlərlə bağlı hakimiyyətimiz qarşısında lobbiçilik aparmaq istəyənlər belə zəruri məqamları mütləq nəzərə almalıdırlar. Söyüş söyənlə eyni şəhərdə yaşayan mühacirlər üçün məgər doğru yolda olmayanları çıxıb qrup halında tənqid etmək belə çətindir? Bunu istəmirlərsə, heç onların ölkəyə gediş- gəlişini təmin etmək də lazım deyil”.

Məhəmmədəli QƏRİBLİ

Bakixeber.az

ƏVVƏLKİ XƏBƏR

AKP-dən daha bir şok istefa

SONRAKI XƏBƏR

Abşeronda qəzaya düşən avtomobil yanıb - FOTO/VİDEO