“Hər kəs Əli Kərimlinin istefasını tələb etməlidir” - İlahiyyatçı

“Hər kəs Əli Kərimlinin istefasını tələb etməlidir” - İlahiyyatçı

“Xalqımızı başqa xalqlardan fərqləndirən bir çox müstəsna məziyyətlər var. Bunlardan biri də xalqımızın özünəməxsus mentaliteti və əxlaq normalarıdır”.

Bu fikirləri Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan deyib.

“Həmçinin söyüş söymək xalqımıza yad bir adətdir. Ermənilər həmişə öz söyüşkənliyi və bəd əxlaqları ilə məşhur olublar. Dinimiz də söyüşü, təhqiri yasaqlayır. Peyğəmbər zamanında bəzi müsəlmanlar müşriklərin bütlərini söyürdülər. “Quran”da Allah ayə endirərək onu qadağan etdi. Ulu Tanrı buyurdu ki, ya Peyğəmbər, müşriklərin sitayiş etdikləri bütləri söyənlərə de ki, onları söyməsinlər, müşriklər də sənin Rəbbini söyərlər... İmam Əli Müaviyyə ilə savaşarkən qoşundan bəziləri qarşı tərəfi söyürdü. İmam qəzəblənərək o şəxsləri tənbeh etdi və buyurdu ki, söyüş söyməyin, mənim qarşı tərəflə mübarizə aparmağımın səbəblərindən biri də onların bədəxlaq olmalarıdır. Siz də onlara qoşulsanız, bizim mübarizənin əhəmiyyəti olmaz. Təəssüflər olsun ki, Azərbaycan siyasi arenasında da söyüş və təhqir baş alıb gedir. Ölkədə siyasi mübarizə üsullarını bayağılaşdıran, söyüş və təhqir üçün trollar saxlayan, sosial şəbəkələrdə öz rəqiblərinə hücumlar təşkil etdirən şəxs Əli Kərimlidir. Müxalifət cəbhəsində ilk söyüşmək ənənəsinin banisi odur. Bircə dəfə də olsun ondan eşitmədik ki, öz tərəfdarlarını söyüş söyməkdən çəkindirsin. Əksinə hər dəfə söyüş hücumları təşkil etdirəndə xoşhal olur, qürurlanır və sanki ləzzət alır”,- deyə o bildirib.

Tural İrfan qeyd edib ki, Əli Kərimli saxta və həqiqi profillərlə onu tənqid edən şəxlərə qarşı söyüş kampaniyaları aparır: “Onun əsas real hədəfi də əslində iqtidar yox, özünə rəqib hesab etdiyi müxalifət liderləridir. Özünü dinə və dindarlara xoş göstərmək üçün bir zaman dini kəsimi özünə dost qərar vermişdi. İndi ona qoşulan dindarlar onun əxlaqsız və təhqiramiz ifadələrlə dolu yazdırdığı yazıları, rəyləri, statusları görmürlərmi? Bəs niyə öz "müdafiəçi"lərinə xütbə oxuyub moizə etmirlər ki, söyüş söymək günahdır? Siyasi müxalifətin bir sıra liderlərini özünə düşmən sayan bu şəxs davamlı olaraq onları hədəfə aldırır. Xüsusən AXCP sədri Razi Nurullayevə qarşı öz “ağzıxarab” adamları vasitəsi ilə təhqirlər yağdırır. Bu, həm də onun acizliyinin bariz nümunəsidir. Çünki normal, sivil, siyasi əxlaq çərçivəsində mübarizə aparmaq qabiliyyətində olmayanlar həmişə küçə variantları və söyüşlə hücuma keçirlər. Son zamanlar Kərimli jurnalistləri, digər ziyalıları, ictimai xadimləri da hədəfə alır. Bunlar hamısı məğlubiyyət psixologiyasının acı təzahürləridir. Öz enerjilərini söyüş söyməklə sərf edən bu dəstə xalqın gözündə zibillikdəki qar kimi artıq əriyir. Əslində, söyüş söyməklə sosial şəbəkədə qadın-qız, yaşlı-cavan demədən hər kəsi təhqir edirlər. Əli Kərimli söyüş maşınları ilə əslində, cəmiyyətin siyasi həvəsini öldürür, mübarizə əzmini qırır.

Çünki sosial şəbəkədə onun söyüşcül dəstəsini görəndə hamının daxilində bu sual yaranır: "Budurmu siyasət?" Əli Kərimli siyasəti o qədər çirkinləşdirir və çirkin təqdim edir ki, insanlar nəinki onun özünə, hətta siyasətə və müxalifətə ikrahla yanaşırlar. Ancaq bu, çox davam edə bilməz. Onun “söyüş maşını” dayandırılmalı, onun bu mənfur əməllərinə dəstək verənlər bir gün xalqın qəzəbinə tuş gələcəklərini düşünməlidirlər. Sosial şəbəkədə xalqın qarşısında kin-qəzəb, təhqir püskürən, xalq üçün bircə zərrə xeyir işə imza atmamış bu şəxs və dəstəsi xalqın nifrətini qazandıqlarını bilməlidirlər. Əli Kərimli nə din başa düşür, nə milli dəyərləri anlayır, nə əxlaqi dəyərləri qiymətləndirir... Bu yolla mübarizə aparmaq kişi işi deyil. Ancaq söyüşə dəm vurmaqla Facebook qəhrəmanlığı edərək özünü biabır etməkdən savayı əllərindən bir şey gəlməyən bu adamlar əslində ən aciz və çarəsiz şəxslərdir. Düşünmürlər ki, əxlaq və mental dəyərlərə, ictimai xadimlərə, ziyalılara, haqlı tənqid edən hər kəsə qarşı çamur atmaqla xalqın özlərinə olan ikrah hissini dərinləşdirirlər. Müxalifətin birliyinə xələl gətirmiş, Elçibəy ideyalarına, elə onun özünə də (həm sağlığında, həm də ölümündən sonra-müəll.) xəyanət etmiş, onun qurmuş olduğu partiyanı paramparça etmiş, heç bir siyasi müxalifət lideri ilə səmimi olmayan Əli Kərimli artıq siyasi məğlubiyyətini etiraf etməli və üzü sulu ikən səhnədən çəkilməlidir ki, azdan-çoxdan beş-on nəfər tərəfdarının yanında olan "hörməti" də yerlə yeksan olmasın”.

Son günlər Fuad Qəhrəmanlı ətrafındakı hadisələrə toxunan Tural İrfan “İllərdir xalqa əxlaqdan, mənəviyyatdan, qanun-qaydadan "dərs" keçən bu şəxs öz müavininin ailə problemlərinin hansı həddə gərginləşməsinə səbəb olub. Əslində, o münaqişənin toxumu da məhz Əli Kərimlinin apardığı "siyasət" sayəsində cücərib və boy atıb. Çünki ətrafında olan adamları sözün əsl mənasında istismar edən, istifadə edən, gərgin vəziyyətdə saxlayan bu şəxs bilavasitə yaratdığı aqressiv atmosfera ilə o adamlara, ailələrinə psixoloji travma yaşadır, onları bir növü qəddarlaşdırır, sərtləşdirir. Bir təşkilatın rəhbəri, ona müraciət olunmasına, kömək umulmasına baxmayaraq, özünə çox yaxın olan bir ailədə olan münaqişəni, şiddəti, ailədaxili zorakılığı həll ədə bilmirsə, (yaxud da etmək istəmirsə) hökmən istefaya getməlidir və bunu hər kəs tələb etməlidir. Çünki insan ən əvvəl öz yaxınlarının problemlərinə sahib çıxıb onu yoluna qoymalıdır. Özünə umac ova bilməyən, özgəyə nə əriştə kəsəcək? Öz müavininin ailəsinin problemini həll etmək iqtidarında olmayan bir şəxs xalqın hansı problemini həll edəcək? Hansı ailənin hüququnu qoruyacaq? Əlbəttə, bu nümunə sübut etdi ki, Əli Kərimli heç bir vətəndaşın hüququnu qoruya bilməz.

Ətrafındakı adamların həbsinə səbəb olan, onların işsiz qalmasına, əzab-əziyyətlərə qatlanmasına, xaricə getməsinə, səfil vəziyyətə salınmasına şərait yaradan, ailəsini dağıdan, atanı baladan ayrı salan bir şəxs hansı haqla, hansı üzlə xalqın üzünə çıxıb özünü təşkilat sədri adlandıra bilər? Artıq bu kifayət edir ki, Əli Kərimli istefa versin. Çünki Fuad Qəhrəmanlının başına gətirdiyini başqalarının da başına gətirilməsini heç kəs istəməz. Məhz buna görə də hər kəs Əli Kərimlinin istefasını tələb etməli və o istefa verməlidir. Əslində, bu onun öz xeyrinədir. Elə etməlidir ki, ən azı beş ildən sonra heç olmasa beş nəfərdən biri onun salamını alsın, yönünü çevirib getməsin. Bu baxımdan, üzüsulu bu oyunbazlıqdan əl çəkib istefa versə, siyasi əxlaq nümunəsinə yaxın bir iş görmüş olar”.

Cebhe.info

Mənbə: cebhe.info