“Minsk Dialoqu” Forumunda Azərbaycanın beynəlxalq təhlükəsizliyin bərqərar olmasındakı müsbət təcrübəsi yüksək qiymətləndirilib

“Minsk Dialoqu” Forumunda Azərbaycanın beynəlxalq təhlükəsizliyin bərqərar olmasındakı müsbət təcrübəsi yüksək qiymətləndirilib

Minsk, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 7-8-də Belarus paytaxtında keçirilən “Minsk Dialoqu” Forumu “Avropa Təhlükəsizliyi: uçurumdan geri addım atarkən” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ADA Universitetinin gənc tədqiqatçılarının da qatıldığı Forumda Avropa İttifaqı, Rusiya, ABŞ, Çin, Şərqi Avropa, Cənubi Qafqaz dövlətlərindən 1500 nəfər yüksək səviyyəli rəsmi şəxs və aparıcı ekspertlər iştirak edib. Forumda iştirakçılar müasir şəraitdə ortaq təhlükəsizliyin şərtlərinin müəyyənləşdirilməsini müzakirə ediblər.

Forum çərçivəsində “Minsk Dialoqu” Gənc Liderləri Avrasiya ərazisində təhlükəsizlik, qarşılıqlı asılılıq prinsiplərini vurğulayan bəyannamə ilə çıxış ediblər. Beynəlxalq təhlükəsizlik və dialoqun artırılması, iqtisadi əməkdaşlıq və təsisatların inkişafı başlığı altında irəli sürülən üç hissəli təkliflər bəyannaməsində gənc liderlər vurğulayıblar ki, Avrasiya bölgəsində inteqrasiya prosesləri sürətləndikcə, Brüssel, Moskva və Pekin münasibətlərinin sabitləşdirilməsində Minsk, Bakı və Daşkənd mühüm mərkəzlərə çevriləcək. Bəyannamə hər üç ölkəni hazırda apardığı çoxistiqamətli xarici siyasətin yerləşdikləri bölgələrdə sabitləşdirici təsirini nəzərə alaraq, bu mənada biri-biriləri ilə əməkdaşlığı artırmağa və fövqəl nüfuzu olan dövlətlərin də münasibətlərini müvafiq şəkildə daha çox əməkdaşlığa yönləndirməyə çağırıblar. Gənc Liderlər ümid edir ki, müəyyən müddətdən sonra Belarus, Azərbaycan və Özbəkistanın yürütdüyü çoxistiqamətli xarici siyasətlər Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın digər dövlətlərinə də nümunə olacaq.

Xüsusilə, beynəlxalq təhlükəsizlik və dialoqun artırılması ilə bağlı təkliflərdə bəyannamə Minsk, Bakı və Daşkəndi müxtəlif sahələr üzrə beynəlxalq dialoq platforması məkanları kimi mövqelərini daha da gücləndirməyə, çoxistiqamətli xarici siyasətlə bağlı təcrübələrini üçtərəfli dialoq vasitəsi ilə bölüşməyə və bununla da Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada münaqişələrin sabitləşdirilməsinə səbəb olmağa çağırıb. Bəyannamə, həmçinin dövlətlərarası təmaslarda başlıca prinsip kimi ərazi bütövlüyünün tanınması zərurətini vurğulayıb.

“Minsk Dialoqu 2019 Gənc Liderlər bəyannaməsi” 28 ölkəni təmsil edən Avro-Atlantik Təhlükəsizlik üzrə Gənc Nəsil Liderlər Şəbəkəsi (YGLN) və baş qərargahı Böyük Britaniyada olan GCRF Compass, Avrasiyanın beş ölkəsinin aparıcı tədqiqat mərkəzlərini birləşdirən beyin mərkəzi tərəfindən irəli sürülüb. Bəyannamənin müəllifləri qismində çıxış edənlər arasında Azərbaycanın ADA Universitetinin gənc tədqiqatçıları da yer alıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Mənbə: azertag.az