Koçaryanın "intihar"dan qurtulması - Paşinyanın Kremlə anamnez hədiyyəsi - ŞƏRH

Koçaryanın "intihar"dan qurtulması - Paşinyanın Kremlə anamnez hədiyyəsi - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan üçün keçmiş prezident Robert Koçaryanı həbsdə saxlamaq nüfuzartırma “nasosu” rolunda da oynayır. Ona görə də onunla bağlı məhkəmənin qərarı hələ də uzadılır. Xocalı soyqırımının həmmüəllifi Koçaryan Ermənistan hökumətinin Rusiya ilə alveri üçün də lazımdır. Onu Moskvaya daha baha satmaqdan ötrü Paşinyan sabiq prezidentin həbs müddətini uzadır. Vəkillər isə Koçaryanın səhhəti ilə bağlı “həyəcan təbili çalırlar”.

Bəs Koçaryanın sağlıq durumu doğurdanmı ağırdır? Keçmiş prezident mübarizəyə başlamağa hazırdırmı? Bu kimi məsələlər Ermənistana sərmayə qoyuluşuna təsir edirmi?

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 26-da həbs olunub. Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi, general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar. Bu cinayət əməlinə görə Robert Koçaryan 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Artıq sabiq prezident 15 aya yaxındır həbsdədir. Bu müddət ərzində Koçaryan bir dəfə girov qarşlığında zaminə buraxılıb. Bu qərarı qəbul edən hakim isə işdən çıxarılıb, barəsində cinayət işi açılıb. Konstitusiya Məhkəməsi də keçmiş prezidentə qarşı irəli sürülən ittihamların əsasssız olduğu barədə qərar qəbul etmişdi. Bundan sonra Ermənistanın iqtidardakı “Mənim addımım”ın parlament fraksiyası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı fəaliyyət göstərirlər. Səbəb kimi H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi səbəb kimi göstərilir. Barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Koçaryanın vəkilləri də müxtəlif səbəblər göstərirlər. Bunlardan ən populyarı onun səhhətində problemin olmasıdır.

Oktyabrın 9-da keçmiş prezidentin cərrahiyyə əmliyyatı keçirdiyi barədə məlumatlar yayılıb. Onun son 9 gündə üç dəfə (sentyabrın 30-u, oktyabrın 4 və 8-də) müayindən keçirildiyi bildirilir. Həkimlər əməliyyatdan sonra Koçaryanın sağlıq durumunun normal olduğunu bildirsələr də, səhhətindəki problemlə bağlı açıqlama verməyiblər. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Sosmonyan Koçaryanın yaxın günlərdə yüngül cərrahiyyə əməliyyatı keçirəcəyini demişdi. Oğlu Levon Koçaryan isə oktyabrın 7-də atasının səhhətində ciddi problem olmadığını bildirmişdi.

Yeri gəlmişkən, barəsində həbs qətimkan tədbiri seçilən və həbsxanada olan şəxsin səhhəti ilə bağlı məsələ bir qayda olaraq müxtəlif ehtimalların yaranmasına səbəb olur. Koçaryanın səhhəti ilə bağlı vəkilləri bir müddətdir hay-küy salıblar. Onların dediklərindən belə başa düşmək olurdu ki, vəziyyəti çox ağırdır və onun həbsdə saxlanılması sağlığı üçün risklidir. Bunu hüquqşünaslar vəkil oyunu da sayırlar. Onların əsas hədəfi keçmiş prezdentin zaminə buraxılmasına nail olmaqdır. Cərrahiyyə əməliyyatından sonra Koçaryan bir müddət palatada saxlanılacaq. Bundan sonra onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi mümkün ola bilər. “Cərrahiyyə əməliyyatı"nın Rusiya prezidenti Vladimir Putinin səfərindən sonra keçilməsi də yuxarıda qeyd etdiyimiz alver üçün bir əməliyyat ola bilər. Nəzərə almaq lazımdır ki, Vladimir Putin Nikol Paşinyanı Moskvaya rəsmi səfərə dəvət edib. Paşinyanın Rusiyaya özü ilə Koçaryan dosyesini də aparacağı ehtimalı az deyil.

Bu arada Koçaryanın səhhəti ilə bağlı vəkillərin hay-küyü fonunda atasının sağlığında problemin olmaması barədə Levonun verdiyi bəyanat başqa məqsəd daşıyır. Koçaryan ailəsi onun saxlanıldığı yerdə səhhəti ilə bağlı problemin yaranacağından ehtiyat edir. Başqa sözlə, sağlıq durumunun ağır olması onun həbsxanada ömrünü “başa vurması” üçün səbəb ola bilər. “Xəstə idi, həbsxanada öldü” deyilməməsi üçün oğlu atasının sağlığında problemin olmadığını bildirib. Deməli, "cərrahiyyə əməliyyatı" çox adi, məsələn, əl və ya ayaq dırnağının əzələyə keçməsi də ola bilər. Koçaryan ailəsinin narahat olması da səbəbsiz deyil. Adı 2008-ci ilin məlum hadisələrində hallanan Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb. Onun intihar etdiyi barədə məlumat yayılıb. Müayinə zamanı keçmiş rəisin kəllə nahiyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib. Hadisə yerindən odlu silah və giliz tapılıb. O, Koçaryanın prezidentliyi müddətində yüksək vəzifə tutanlardan olub. H.Arutyunyan 1999-2003-cü illərdə daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi, 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifələrində işləyib. Onun adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir. Deməli, Koçaryanın əsas şahidlərindən biri sıradan çıxarılıb. Bu baxımdan, keçmiş prezidentin də kiməsə şahidlik etməməsi üçün aradan çıxarılması ehtimalı gündəlikdə ola bilər. Levon da buna görə atasının səhhətində problemin olmadığını deyib.

Keçmiş prezidentin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilir, müraciətlər edilir. Koçaryan isə mövcud hakimiyyətə qarşı mübarizə aparmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, keçmiş prezident müxalifətini hələ formalaşdıra bilmir. Hələ yayda bu ilin payızında Ermənistanda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcəyi barədə məlumat yayılmışdı. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənilir. Robert Koçaryan bu məlumat yayılmazdan bir müddət əvvəl verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Cərrahiyyə əməliyyatı Koçaryanın aksiyalarının bir az ləngiyəcəyini deməyə əsas verir. Başqa sözlə, koçaryançılar payızda kütləvi aksiyalar keçirməmələrinə bəhanə tapa bildilər.

Ancaq belə qeyri-müəyyən vəziyyət Ermənistan iqtisadiyyatına da ciddi ziyan vurur. Bu ölkəyə sərmayə qoymaq riski qalır. Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsi göstərilir. Nikol Paşinyan xarici sərmayə cəlb olunmadığı üçün səfirliklərini tənqid edib. O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: “Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız?”.

Beləliklə, Koçaryanın həbsdə saxlanılması artıq Paşinyanın nüfuzunun artmasının ziyanına işləyir. Rusiyanın ölkəyə sərmayə qoymasına mane olur. Onda belə çıxır ki, Kreml müdafiəsini çəksəydi, onun həbsdə saxlanıldığı yerdə “intiharı” mümkün idi. Ancaq Moskva üçün aktuallığını hələ də saxlaması Koçaryanın “cərrahiyə əməliyyatı” adı ilə azından zaminə buraxılacağına yol aça bilər. Bu variant Paşinyana da sərf edər. O, bununla özünü və Ermənistanın ədliyyə sistemini daha “humanist” gəstərə bilər. Ehtimal etmək olar ki, Koçaryanın 15 il azadlıqdan məhrum olunması səhhətində yaranmış problemlə əlaqədar gündəlikdən çıxarılacaq. Paşinyan isə Rusiyaya səfərində Koçaryanın 2008-ci ilin mart hadisələrinə dair dosyesi ilə yanaşı, xəstəlik tarixçəsini, anamnezini də aparacaq.

Mənbə: report.az