Prezident Əliyevlə açıq dialoqlarda məcburi köçkünlərin dövlət başçısına münasibətlərinin əsas təzahür əlamətləri...

Prezident Əliyevlə açıq dialoqlarda məcburi köçkünlərin dövlət başçısına münasibətlərinin əsas təzahür əlamətləri...

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illər aradıcıl olaraq ölkəmizin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlər üçün yaşayış massivləri inşa edilir, qəsəbələr salınır.

Bu yaşayış massivlərinin açılış mərasimlərində ölkə başçısı şəxsən iştirak edir, qaçqın və məcburi köçkünlərlə söhbətlər edir, onların arzularını, istəklərini dinləyir. Hətta Prezident qaçqın və məcburi köçkünləri fərdi olaraq da qəbul edir, onlarla maraqlı dialoq qurur. Deyərdik ki, bu, artıq xoş ənənə halını alıb.

Məcburi köçkünlərin çıxış və söhbətlərində Prezidentə münasibətin əsas hansı elementləri özünü göstərir?

“Onlar ölkə başçısının göstərdiyi sonsuz qayğıya öz səmimi arzu və fikirləri ilə qarşılıq verirlər”

“Səs” İnformasiya Agentliyinin və eyniadlı qəzetin baş redaktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, yalnız qaçqın və məcbiri köçkünlər deyil, eləcə də digər vətəndaşlar ölkə başçısı ilə görüşlərdə ona səmimi münasibət bəslədiklərini açıq şəkildə göstərirlər. B.Quliyev hesab edir ki, Prezident İlham Əliyev bir dövlət başçısı kimi özü ilə vətəndaşlar arasında səmimi dialoq üçün şərait yaradır. Onun sözlərinə görə, bu baxımdan qaçqın və məcbiri köçkünlərin çıxışlarında, Prezidentlə dialoqlarda səsləndirdiyi fikirlərin mayasını yalnız səmimiyyət təşkil edir. Prezidentlə onlar arasında qarşılıqlı səmimi dialoqların yarandığını deyən B.Quliyevin qeyd etdiyinə görə, qaçqın və məcburi köçkünlər Prezidentin onlar üçün həyata keçirdiyi işlərə görə ona qəlbən minnətdar olur və bunu da dilə gətirməkdən çəkinmirlər: “Hər bir vətəndaş Prezidentlə xəyali söhbət edir. Çox sevindirici haldır ki, Prezident bu xəyalı gerçəkləşdirir, arzuları çin edir. Biz görmüşük ki, dəfələrlə Prezident müxtəlif parkların, yaşayış massivlərinin, eləcə də digər mərkəzlərin açılış mərasimlərində, şəhər gəzintilərində, eləcə də təbii fəlakətlər zamanı insanların içində olur və onlarla canlı dialoqlar qurur. O, xalqın istək və arzularını birbaşa onun öz dilindən eşitməyi sevir. Hətta zəlzələ dövründə hadisə baş verən rayonlara gedərək şəxsən mənzillərə baş çəkdi və insanlarla söhbətlər etdi, onları dinlədi. Bu da Prezident və vətəndaş arasında səmimi ünsiyyətin təzahürüdür. Bu həm də məmurlara bir mesajdır ki, onlar özlərini yığışdırsınlar. Ona görə ki, sadə vətəndaş birbaşa Prezidentlə asan təmas qura bilir, ona fikirlərini çatdırmaq imkanı əldə edir. Ona görə də Prezidentə ictimaiyyət tərəfindən göstərilən bu münasibət səmimiyyətin təzahürüdür. Hesab edirəm ki, qarşılıqlı münasibət, ünsiyyət bütün dövrlərdə özünü yaxşı mənada göstərib. Keçən əsrin 90-cı illərində də xalq öz liderini arzuladı, çağırdı, xilas üçün ulu öndərə üz tutdu. Bu gün də həmin münasibət, qarşılıqlı təmas davam etməkdədir. Modern dünyanın qanunlarına uyğun olaraq ölkə başçısına elektron vasitələrlə, sosial şəbəkələr vasitəsilə də üz tuta bilirlər. Cənab Prezident özü də dəfələrlə deyib ki, mən yazılanları da görürəm, müraciətlərə də baxıram.

Qaçqın və məcburi köçkünlərə gəlincə isə, ümumiyyətlə, onlar cənab Prezidentin daim diqqət mərkəzindədir. Onların sosial problemlərinin həlli, yaşam tərzi, mənzil şəraiti, gündəlik tələbatı cənab Prezidentin ən həssaslıqla, diqqətlə izlədiyi məsələdir. Onlara dövlət tərəfindən evlər tikilir, imtiyazlar verilib. Məcburi köçkünlərin Prezidentlə söhbətləri zamanı səsləndirdikləri fikirlər, göstərdikləri münasibət yalnız səmimiyyətin təzahürüdür. Onlar ölkə başçısının göstərdiyi sonsuz qayğıya öz səmimi arzu və fikirləri ilə qarşılıq verirlər. Qaçqın və məcburi köçkünlər Prezidentlə bütün söhbətlərdə, qurduqları dialoqlarda tam səmimidirlər, buna heç bir şübhə ola bilməz. Bu söhbətlərdə qeyri-səmimilik axtarmaq düzgün deyil. Çünki onlar ölkə başçısına daxildən gələn sevgi və səmimiyyəti, hissləri Prezidentə çatdırırlar”.

B.Quliyev hesab edir ki, ümumiyyətlə, qaçqın və məcburi köçkünlər ölkə başçısına böyük ehtiram, səmimi hisslər bəsləyirlər. Onun fikrincə, qaçqın və məcburi köçkünlər ölkə başçısının onların rifahı üçün həyata keçirdiyi bütün işləri minnətdarlıqla qeyd edirlər.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com