ERMƏNİLƏR MÜBARİZƏ APARMAQDAN YORULUBLAR

ERMƏNİLƏR MÜBARİZƏ APARMAQDAN YORULUBLAR

“Müasir insanın faciəsi həyatının mənası haqqında getdikcə daha az şey bilməsində deyil, bunun onu getdikcə daha az narahat etməsindədir. Bu sözlər böyük demokrat Vaslav Qavelə (Václav Havel) məxsusdur. Mövcud tendensiyanı təsvir edən Qavel son dərəcə haqlıdır. Təəssüf ki, bu tendensiya Ermənistanda da yan keçməyib”, - Qalust Qriqoryan “ArmenianReport.com” saytında yazır.

“Son vaxtlar respublika vətəndaşları arasında ümumi siyasi yorğunluq müşahidə edirəm. İnsanlar ölkədə baş verənlərə təsir güclərinin olmadığından dolayı şikayət edirlər. Budur, Rusiyanın “Kommersant” qəzeti Aİİ sammiti çərçivəsində ölkə prezidenti Vladimir Putinin Ermənistana səfərinə və onun Nikol Paşinyanla görüşlərinə toxunub. “Siyasi İqtisadiyyat” araşdırma institunun politoloqu Beniamin Matevosyandan sitat gətirən nəşr qeyd edib ki, Paşinyanla Putinin “Dvin” hotelində baş tutan görüşü 10 dəqiqə davam edib”, - məqalədə deyilir.

“Nikol Paşinyan və Vladimir Putinin “Dvid” mehmanxanasının restoranında baş tutan 10 dəqiqəlik görüşü, həmçinin Rusiya prezidentinin Ermənistanın keçmiş dövlət başçısı Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşdən sonra İrəvanın Zvartnots hava limanındakı görüşü protokol qaydalarına uyğun foto və video çəkilişlə məhdudlaşıb. Görünən odur ki, yığılmış problemlər müzakirə edilməyib”, - deyə Matevosyan bildirib.

“Faciə onda deyil ki, Putin açıq-aşkar Paşinyanı geri oturdub, faciə ondadır ki, baş nazir vəziyyəti bu cür rüsvayçı səviyyəyə çatdırıb. Hiyləgərlik etmək yerinə həmişə bir xətlə irəliləmək lazım idi. Özünə demokratiya, Avropa yolu tərəfdarı deyirsənsə, onda həmin yolla da irəlilə, geri boylanıb, Putin Rusiyasının fitnə-fəsadına fikir vermə. Onlar onsuz da var, onlar onsuz da olacaqdı”, - məqalə müəllifi yazır.

“Nəticədə, hamı rus yolunda müvəffəqiyyətsizliyin həddindən artıq aşkar olduğunu görüb. Hər nə qədər baş nazir İrəvan-Moskva münasibətlərini “gözəl” adlandırmaqla yalan danışmağa çalışsa da. Əlbəttə, məsələ təkcə “Robert Koçaryan” işində deyil. Məsələ həm də ondadır ki, Putin Rusiyası ölkə daxilində dəyişiklik aparmaq istəmir. Dolayısıyla, Rusiya istənilən inqilabı, rahatlıqla iş gördüyü tərəflərin itkisini narahatlıq və qəzəblə izləyir”, - Qriqoryan qeyd edir.

“İndi də apatiyaya şahid oluruq. İnsanlar meşşana çevrilərək vətəndaş olmaqdan çıxırlar. Sosial-iqtisadi problemlər, sağ qalmaq uğrunda hər gün aparılan mübarizə - cəmiyyətin apatik əhvalının səbəbi bunlardır”, - məqalədə deyilir.

“İnsanlar ölkənin taleyini və öz gələcəklərini böyük dəyişikliklər söz verən şəxslərə etibar edib. Lakin bu, cəmiyyətin siyasi cəhətdən yetkin olmadığını göstərən bağışlanılmaz səhvdir. Və hər birimiz baş verənlərdə təkcə özümüzü günahlandırmalıyıq. Aydındır ki, vətəndaşların səyi olmadan güclü dövlət qurmaq mümkün olmayacaq. Acınacaqlı reallıq isə ondan ibarətdir ki, Ermənistan vətəndaşları özlərinin və vətənlərinin gələcəyi naminə mübarizə aparmaqdan yorulublar”, - jurnalist yazır.

Mənbə: www.xpressa.net