Müsavatda “erkən final” - İsa Qəmbər partiyadanı dağıdanı seçdi

Müsavat partiyasının 12 oktyabrda keçiriləcək başqanlıq seçimlərini indidən başa çatmış hesab etmək olar. Partiyanın "xaç atası" İsa Qəmbər elə bir gediş etdi ki, seçkinin keçirilməsinə ehtiyac qalmadı. Gələcək sədrin kim olacağına indidən aydınlıq gətirildi.

Belə ki, İsa Qəmbər 30 illik dostu adlandırdığı Arif Hacılı barədə "Facebook" hesabında tərif dolu tost yazaraq onu öz namizədi adlandırıb, seçkidə hamının ona səs verməsini tələb edib. Təbii ki, bu da Müsavat başqanı olmaq istəyən digər namizədlərə o qədər də xoş təsir bağışlamadı. Nəticədə partiya ətrafında növbəti qarşıdurmanın əsası qoyuldu...

İsa Qəmbərin fikrincə, Arif Hacılı təcrübəli və parlaq siyasətçidir. Sabiq başqanın dediklərini əsaslandırmaq üçün bir neçə nümunə gətirmək olar. Məsələn, Arif Hacılının Müsavatı son qurultaydan sonra parçalaması, partiyanı faktiki dikatura rejimi ilə idarə etməsi, onunla həmfikir olmayanları müxtəlif vasitələrlə partiyadan uzaqlaşdırması onun necə "parlaq" və "təcrübəli" siyasətçi olmasını göstərir.

Bundan başqa, Müsavat partiyasının siyasi alver predmetinə çevirilməsi, saxta mühacir biznesi şəbəkəsinin qurulması da Arif Hacılının "uğurlu" fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

İsa Qəmbərin belə bir "nümunəvi" namizədə dəstək verməsi gözlənildiyi kimi etirazla qarşılandı. Görünür, Müsavatdakıların hamısı İsa Qəmbərlə həmfikir deyil. Onun məlum statusuna yazılan rəylər bunu deməyə əsas verir.

Bir çoxları hesab edir ki, İsa Qəmbər son 5 ildə kifayət qədər nüfuzdan düşmüş, avtoritar idarəetməyə üstünlük verən biri kimi seçki şousunun ən zəif halqasıdır.

Müsavatda baş verənlərlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yer alıb. Bu məqamda mühacirətdə olan jurnalist Röya Rəfilinin İsa Qəmbəri tənqid edən statusu diqqət çəkib:

Xanım jurnalistin yazdığı status: "İsa Qəmbər Müsavatın başqanlıq seçkisində Arif Hacılını bu dəfə açıq şəkildə dəstəklədi. Müsavatın o zamankı başqanı 5 il əvvəl başqanlığa namizədlərdən Arif Hacılını birbaşa, açıq şəkildə dəstəkləməsə də, seçkidən bir gün əvvəl ölkə xaricindən gələn qonaqları həmin namizədlə birlikdə qarşılamışdı. Həmçinin seçki ilə bağlı çoxsaylı iradlar, iddialar vardı ki, onlar araşdırılmadı. Seçkini, o prosesi yaxından izləyən jurnalist olaraq bunu bilirəm. Amma azından dəstək birbaşa deyildi, bu dəfə isə açıqdır. Və bunu demokratiya nümunəsi kimi təqdim etməyə ehtiyac yoxdur. Görünən odur ki, Müsavatda hələ də sözünün kəsəri qalan keçmiş başqan ən zəif namizədə səs istəyir. Təəssüfedici hal isə odur ki, ölkənin müxalifət partiyalarının artıq quruca adı qalacaq... az qalıb...".

Başqanlığa namizəd Tofiq Yaqublu İsa Qəmbərin mövqeyini dəstəkləməsə də, hələlik susmağa üstünlük verir. Yəqin, tutarlı cavab vermək üçün əlverişli məqam gözləyir. Digər namizəd Yadigar Sadıqlı isə hesab edir ki, üzvü olduğu partiya acınacaqlı durumdadır.

"Ən acınacaqlısı isə odur ki, İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır".

Müsavat üzvlərinin fikrincə, İsa Qəmbər Arif Hacılını açıq şəkildə dəstəkləməklə partiyadakı seçkiləri erkən finala aparmış oldu. Bu baxımdan, 12 oktyabrda keçiriləcək qurultayın nəticələrini formal hesab etmək olar.

Elvin Abdulqədirov

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ordusu Suriyanı bombalamağa başladı — VİDEO

SONRAKI XƏBƏR

“FIDE Grand Swiss 2019” turnirində Azərbaycan dörd idmançı ilə təmsil olunacaq