Türkiyənin Suriyanın şimalına müdaxiləsi İŞİD-i yenidən dirçələ bilərmi?

Türkiyənin Suriyanın şimalına müdaxiləsi İŞİD-i yenidən dirçələ bilərmi?

Əl-Hol düşərgəsində əsasən qadınlar və uşaqlardan ibarət olan 70 mindən çox İŞID əsirləri və onların qohumları saxlanılır.

ABŞ prezidenti Donald Trump-ın Suriyanın şimalından çəkilmək qərarı, hazırda Türkiyə ilə həmsərhəd bölgəni nəzarətdə saxlayan suriyalı kürdlərin və kürdlərin nəzarət etdiyi həbsxanalarda və düşərgələrdə saxlanılan minlərlə İŞİD-çi əsirlərinin və onların ailə üzvlərinin taleyi ilə bağlı suallar doğurub.

Türkiyə qoşunları çərşənbə günü Suriyanın şimalına müdaxilə edib, Türkiyə prezidenti Recep Tayyip Erdoğan açıqlayıb.

Türkiyənin müdaxiləsi Suriyanın şimalında Suriya kürdlərinin nəzarətinə son qoymaq məqsədini daşıyır.

Suriya kürdlərinin Türkiyəyə nə maneçiliyi var?Trump Türkiyənin Suriyaya girişinə razılıq verib

Daha az aydın olanı isə özünü İslam Dövləti (İD) adlandıran əsirlərinin bundan sonra nəylə üzləşəcəyidir.

Donald Trump bildirib ki, Türkiyə ordusu Suriyaya girəcəyi təqdirdə onlara görə məsuliyyəti də öz üzərinə götürməlidir.

"Müstəqil Kürdüstan" dünyanın neft xəritəsini necə dəyişəcək?Pentaqon: "Heyf ki, Türkiyə təkbaşına hərəkət etməyi seçdi"Trump: "Türkiyə həddini aşsa, iqtisadiyyatını darmadağın edərəm"

"Arxadan zərbə"

İŞİD qrupuna qarşı döyüşən və onu məğlub edən əsasən kürdlərdən təşkil olunmuş Suriya Demokratik Qüvvələri (SDQ) adlı hərbi koalisiya olub.

ABŞ həmin dövrdə kürd qüvvələrinə Suriyadakı əsas müttəfiqi kimi yanaşıb, onları silahlandırıb, təlimləndirib və İŞİD yaraqlılarına qarşı əməliyyatları havadan dəstəkləyib.

Hərbi səyləri müqabilində Suriyada muxtariyyət əldə edəcəklərinə ümid bəsləyən suriyalı kürdlər indi yeni təhlükəylə üzləşiblər - prezident Trump-ın razılığı ilə Türkiyənin müdaxiləsilə.

Onlar Trump-ın son açıqlamasını "arxadan vurulan zərbə" kimi səciyyələndiriblər.

Sentyabr ayında, BMT-nin Baş Assambleyasında Erdoğan nəzərdə tutulan "təhlükəsizlik zonası"nın xəritəsini nümayiş etdirib.

Türkiyə Suriyanın kürd qüvvələrini öz təhlükəsizliyinə təhdid sayır və onları on illərdir Türkiyə dövlətinə qarşı müharibə aparan PKK-nın kürd üsyançıları ilə əlaqəli olan "terrorçu döyüşçülər" adlandırır.

Türkiyənin "məsuliyyəti"

Lakin prezident Trump-ın İŞİD əsirlərinə görə indi Türkiyənin cavabdeh olduğu barədə tvitləriylə Türkiyə rəsmilərinin razı olub-olmamaları barədə və əgər bu belədirsə, Türkiyənin onlarla nə edəcəyi barədə məlumat azdır.

Prezident Trump deyir ki, cihadçılarla döyüşmək üçün ABŞ Suriya kürdlərinə öz üzərinə düşən paydan daha çox həcmdə maddi və hərbi dəstək verib.

O, avropalı tərəfdaşlarını aralarında çox sayda Avropadan gələnlərin olduğu İŞİD əsirləriylə bağlı kifayət qədər iş görməməkdə ittiham edib.

Kürd rəsmiləri Avropa ölkələrindən vətəndaşlarını geri götürmələrini xahiş etsə də, bu çağırışlar diqqətsiz qalıb.

Türkiyəli təhlilçi Fehim Taştekin qeyd edir ki, ''Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Kosovo kimi ölkələr öz vətəndaşlarını geri götürdüyü halda, Avropa ölkələri arasında hökm sürən yanaşma vətəndaşlarını Suriya həbsxanaları və düşərgələrində saxlamaqdan ibarətdir".

SDQ Suriyanın şimal-şərqində yaradılmış İŞİD-in məğlub edilməsində əsas rol oynayıb

Ancaq qeyd olunan bu ölkələrlə yanaşı, Misir, Tunis və Yəmən də daxil olmaqla müsəlman dünyasının müxtəlif ölkələrindən gələn və eləcə də, sayı minlərlə olan Suriyanın özündən və İraqdan olanlar da var.

Kürd qüvvələri hələ ki, İŞİD əsirlərini saxlamaqda davam edəcəklərini söyləyiblər, lakin çox şey Türkiyənin Suriya ərazisinə müdaxiləsinin nə qədər dərin və geniş olacağından asılıdır.

Düşərgələr və həbsxanalar

Türkiyə Suriyanın daxilində sərhəd xəttindən içəriyə doğru 32km dərinliyində bir "təhlükəsizlik zolağı" qurmaq və həmin ərazinin kürd döyüşçülərindən təmizlənməsini istəyir.

Bu o deməkdir ki, İŞİD döyüşçülərinin qohumlarının saxlandığı iki düşərgə Türkiyənin nəzarəti altında olan zonada qalacaq. Roj düşərgəsində 1700-ə yaxın qadın və uşaq, Ain İssa-da isə təxminən 1500 nəfər saxlanılır.

Lakin ən böyük düşərgə İraq sərhəddinə yaxın və Türkiyədən təqribən 60km cənubunda olan Əl-Hol-da yerləşir.

Əl-Hol-da 70 mindən çox insan saxlanılır, onların 90 faizindən çoxu qadın və uşaqlardır, o cümlədən 11000 xarici ölkə vətəndaşı da var.

Bundan əlavə, üçdə biri xarici vətəndaş olan təxminən 12000 İŞİD döyüşçüsü olmaqda şübhəli bilinənlər Türkiyə ilə sərhəddən bir qədər cənubda, Raqqa şəhərinin yaxınlığındakı yeddi həbsxanada saxlanılır.

Avropa ölkələri böyük sayda "İslam Dövləti"nə qoşulmuş vətəndaşlarını geri götürmək istəmirlər

Türkiyənin müdaxiləsi o qədər dərin olmasa da, həmin düşərgələrin və həbsxanaların qorunmasını zəiflədə bilər.

Suriya Demokratik Qüvvələrinin nümayəndəsi bundan əvvəl BBC-yə deyib ki, Türkiyə müdaxiləsi baş verərsə, onlar diqqəti özlərini müdafiə etməyə yönəldəcəklər və qüvvələrinin bir hissəsini həbsxanalardan və bu yaxınlarda İŞİD-dən azad olunmuş ərazilərdən çəkməyə məcbur olacaqlar.

Bu isə cihadçıların və onların ailələrinin aradan çıxıb evlərinə qayıda biləcəklərinə dair, o cümlədən, Avropa hökumətlərində də narahatlıq yaradır.

İŞİD-in dirçəlişi təhlükəsi

Türkiyənin İŞİD məhbuslarının keşiyini çəkə bilməsi qabiliyyətiylə və ya hətta buna həvəsi olub-olmamasıyla bağlı da narahatlıq var.

Suriyalı kürd qüvvələrinin düşərgə və həbsxanalarda təhlükəsizliyi təmin edə bilməyəcəyi halda Türkiyə boşluğu doldura biləcəkmi?

ABŞ prezidentinin İraq və Suriyada İŞİD əleyhinə səylər üzrə keçmiş səfiri Brett McGurk düşünür ki, yox.

Onun iddia etdiyi kimi "İŞİD-in dirçəlişi üçün mərkəzi yer ola bilən" əl-Hol düşərgəsində on minlərlə məhbusu idarə etmək üçün Türkiyənin "nə niyyəti, nə istəyi, nə də gücü" var, keçmiş səfir tvitində yazıb.

Lakin təhlükəsizlik təhdidlərindən başqa, məhbuslarla bağlı humanitar narahatlıqlar da mövcuddur.

Düşərgələrdə minlərlə uşaq yaşayır.

Save the Children təşkilatının bildirdiyinə görə, düşərgələrdə yalnız humanitar yardıma ümidi olan 40-dan çox ölkədən minlərlə uşaq qalmaqdadır.

''Düşərgədə tükənmək həddində olan xidmətlərin fəaliyyətinə hər hansı bir müdaxilə onların həyatını risk altına alacaq", - bu qeyri-hökümət təşkilatı qeyd edib.

Mənbə: www.bbc.com