İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil

Bahar Muradova: "Xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır"

"Heydər Əliyev hakimiyyətə gələnə qədər müstəqil Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olmuşdu. Hakimiyyətə yeni gələnlər özündən əvvəlkilərin gördükləri işi gözdən salmağa çalışır, gedənlərə qarşı mübarizə aparmaqla məşğul olurdular. Amma Heydər Əliyev yüksək siyasi mədəniyyət nümunəsini ortaya qoymaqla Azərbaycanda siyasi proseslərin bir an belə dayanmasına imkan vermədi". "Olaylar" xəbər verir ki, bunu deyən vitse-spiker Bahar Muradovanın sözlərinə görə, Heydər Əliyev 1993-cü ildə dövlət başçısı seçiləndən sonra Azərbaycanı uçurumun kənarına gətirmiş dairələrin cəmləşdiyi siyasi partiyaların üzvlərinə, onun rəhbərlərinə heç bir maneə törədilmir, üstəlik, onlara sərbəst şəkildə fəaliyyət göstərmək imkanı yaradılırdı. Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olsalar da, Ümumilli Lider öz opponentlərinə qayğı ilə yanaşırdı. Deputat qeyd edib ki, digər tərəfdən, Heydər Əliyev xalqa öz gücünə istinad etməyin ən çətin məqamlardan yeganə çıxış yolu olduğunu təlqin edə bildi. Separatçıların fəaliyyətinə, silahlı mübarizə yolu ilə hakimiyyəti qəsb etmək ənənəsinə birdəfəlik son qoydu. Azərbaycandakı siyasi qüvvələrə hakimiyyətə gəlməyin yeganə qanuni yolunun ədalətli seçkilər olduğunu göstərə bildi: "İki il sonra, 1995-ci ilin noyabrında ilk parlament seçkiləri, ilk Konstitusiyamızın qəbulu üçün ümumxalq səsverməsi keçirildi. Bu proseslər ictimai-siyasi sabitliyin təmin olunmasında əssas amil rolunu oynadı. Buna nail olmağın əsasında isə Ümumilli Liderin siyasətinin geniş xalq kütlələri tərəfindən dəstəklənməsi dayanırdı. Məhz bu səbəbdən Ulu Öndərin irsini beynəlxalq əhəmiyyətli siyasi-politoloji irs kimi dəyərləndirmək lazımdır. Çünki Heydər Əliyev Azərbaycan dövlətini qurmaq, xalqımızı təhlükələrdən xilas etmək kimi böyük bir missiyanı yerinə yetirməklə yanaşı, belə bir çətin şəraitdə demokratik, müasir, öz potensialına, öz vətəndaşlarının gücünə söykənən bir dövlət qurmağın mümkünlüyünün nümunəsini yaratdı. Məhz buna görə o, xalqın qəlbində və onun ideyalarının təcəssümü olan əməllərində yaşayır".

Onun sözlərinə görə, Heydər Əliyev dünya çapında özünəməxsus yeri və nüfuzu olan siyasi xadim kimi canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu: "Bu gün Heydər Əliyevin fəaliyyətini davam etdirən siyasi varisi, onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi, xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Lider və xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan Azərbaycançılıq ideologiyasıdır. Ona görə də biz 26 il bundan əvvəl baş vermiş tarixi hadisəni yada salarkən Azərbaycanın müstəqillik dövrünün yeni mərhələsinin başlanmasının əsasını qoyduğuna görə Ümumilli Lider Heydər Əliyevə və xalqımızın müdrikliyinə minnətdar olmalıyıq. Çünki xalqımız onu dövlət başçısı, Lider olaraq seçdi, ona dəstək oldu və bu gün də onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir".

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Samsung "Azərpoçt" MMC-nin ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi açıqlama verib

SONRAKI XƏBƏR

Siyəzəndə maşın aşıb, xəsarət alan var