Məşhur general: "Paşinyan məni ölümlə təhdid edir" - VİDEO

Məşhur general: "Paşinyan məni ölümlə təhdid edir" - VİDEO

İşğal altında olan Dağlıq Qarabağdakı seperatçı rejimin "Təhlükəsizlik Şurasının" keçmiş katibi, general Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanın onu ölümlə təhdid etdiyini açıqlayıb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vitali Balasanyan Nikol Paşinyanla birgə "Sasna Tsrer" terror qruplaşmasının da onu ölümlə təhdid etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Vitali Balasanyan gələn il işğal altında olan Dağlıq Qarabağda keçiriləcək növbəti qondarma prezident seçkilərində əsas namizədlərdən biridir. Bundan əvvəlki seçkilərdə indiki "prezident" Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayıb.

Qeyd edək ki, Vitali Balasanyan bu ilin iyun ayında tutduğu "vəzifədən" azad edib. Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. 1990-cı illərin əvvəlində Əsgəran rayonunda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub. 2016-cı ildə baş verən "Aprel döyüşləri"ndə yaxından iştirak edib. Son zamanlar Vitali Balasanyanın adı iki böyük qalmaqlada hallanıb. Bunlardan biri odur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri və seperatçı rejimin ilk "müdafiə naziri" Samvel Babayan terrorçu Monte Mekonyanın Vitali Balasanyan tərəfindən öldürüldüyünü söyləyib.

İkinci qalmaqal isə Paşinyanın sonuncu Şuşa səfəri zamanı yaşanıb. Jurnalistlər Vitali Balasanyandan son günlər cəbhədə baş verən atışmalar barədə soruşublar. Balasanyan isə Prezident İlham Əliyevlə Paşinyanın görüşünə işarə edərək "gedin onu "lift danışıqlarının" aparıcısı Paşinyandan soruşun", - deyib.

Məlumat üçün onu da bildirək ki, bir neçə il əvvəl Ermənistan mətbuatına verdiyi açıqlamada Vitali Balasanyan bildirmişdir ki, o Azərbaycanın Milli Qəhərəmanı Allahverdi Bağırovla dost olub. Vitali Balasanyan iddia edib ki, mərhum Milli Qəhərəmanımızın işğal altında olan Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan o qoruyur.

Vitali Balasanyan müharibə zamanı Allahverdi Bağırovla tez-tez əlaqə saxladığını da bildirib. Xüsusən əsirlərin dəyişdirilməsində şəxsi münasibətlərin onlara çox kömək etdiyini qeyd edib.

Aşağıdakı videoda Vitali Balasanyanla Allahverdi Bağırovun görüşdüyü anlar da yer alıb:

Mənbə: teref.az