ABŞ PREZİDENTİ “FORBES” SİYAHISINDA MÖVQEYİNİ İTİRİR

ABŞ PREZİDENTİ “FORBES” SİYAHISINDA MÖVQEYİNİ İTİRİR

Donald Tramp il ərzində 16, Ağ Evə gəldikdən sonra 119 pillə geriləyərək “Ən varlı amerikalılar” reytinqdə 275-ci yerdə qərarlaşıb. ABŞ prezidentinin sərvəti “Amazon” şirkətinin yaradıcısının sərvətindən 37 dəfə azdır.

Hər il “Forbes” jurnalı tərəfindən dərc edilən “Ən varlı amerikalılar” reytinqində ABŞ prezidenti Donald Trampın (Donald Trump) mövqeyi xeyli zəifləyib. Dövlət başçısı yeni siyahıda 275-ci yerdə qərarlaşıb. Bu da bir il əvvəlki mövqeyi ilə müqayisədə 16, prezidentlik fəaliyyətinə başladığı vaxtdan bəri isə 119 pillə geriləmə deməkdir. Bu barədə “Die Welt” nəşri yazır.

Reytinqin yeni lideri 114 milyard dollarlıq sərvətlə “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos (Jeff Bezos) olub. ABŞ prezidentində bu göstərici 3,1 milyard dollar təşkil edib. Beləliklə, Tramp ABŞ tarixinin ən varlı dövlət başçısı və 2020-ci il prezident seçkiləri kampaniyasının ən imkanlı iştirakçısıdır.

“Forbes” cari ildə Trampın daşınmaz əmlak sahəsində lisenziyalı sazişlərdən gələn gəlirini 80 milyon dollar məbləğində qiymətləndirib. Bu, bir il öncəki məbləğdən təxminən iki dəfə azdır. Bu zaman ABŞ prezidenti soyadının qeyd olunduğu məhsulların satışından gəlir əldə etmir. O, Ağ Evə gələnədək soyadının qeyd olunduğu fincanlar, futbol maykaları və qalstukların satışından təxminən 14 milyon dollar əldə edirdi.

Tramp yanvarda hakimiyyətdə olduğu müddət ərzində böyük maliyyə itkiləri ilə üzləşdiyini bildirib. Prezident “The New York Times” qəzetinə müsahibəsində söhbətin “inanılmaz rəqəmlərdən” getdiyini söyləyib. Bu zaman Tramp işini sevdiyini vurğulayıb.

Mənbə: www.xpressa.net