Azərbaycanın “qara siyahı”sı: Ora düşmək üçün bir səfər, çıxmaq üçün bir məktub lazımdır - QAYDALAR

Azərbaycanın “qara siyahı”sı: Ora düşmək üçün bir səfər, çıxmaq üçün bir məktub lazımdır - QAYDALAR

Mətbuatda tez-tez xarici ölkə vətəndaşları olan siyasətçi, jurnalist, iş adamı və ya sənətçilərin adının Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salındığı və ya siyahıdan çıxarıldığı barədə məlumatlar yayılır.

Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısında (KİV-lər tərəfindən "qara siyahı" olaraq adlandırılır-müəll.) Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ, Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı anklavlarına qanunsuz səfər etmiş əcnəbi şəxslərin adı yer alır. 2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib. Lakin bəzi hallarda “qara siyahı”ya daxil edilmiş şəxslərin adı sonradan həmin siyahıdan çıxarılır.

Xarici İşlər Nazirliyi Cebhe.info-nun sorğusuna cavab olaraq siyahıya adların daxil edilməsi və çıxarılması qaydalarına aydınlıq gətirib:

“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə bilərək qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları arzuolunmaz şəxslər siyahısına salınaraq onların ölkəmizə girişi məhdudlaşdırılır. Yəni həmin şəxslərin Azərbaycan ərazisinə sərbəst şəkildə daxil olması arzuolunan hesab edilmir. Lakin bəzi şəxslər olur ki, onlar bilmədən və ya ermənilər tərəfindən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilir. Bir müddət sonra media orqanları və digər yerlərdən özü haqqında Azərbaycanın Xarici İşlər Nazirliyinin çıxardığı qərarla tanış olur. Etdiyi əməlin hüquqi məsuliyyətini dərk edib peşman olduğunu və aldadıldığı etiraf edir, Azərbaycana etdiyi əməldən peşmanlığını ifadə edən rəsmi müraciət göndərir. Belə hallarda həmin şəxsin xahiş və müraciətləri nəzərə alınaraq adı arzuolunmaz şəxslər siyahısından çıxarılır”.

Əli Bədir
Cebhe.info

 

 

 

 

 

Mənbə: cebhe.info