“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı

“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı

Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin qətiyyətli çıxışı ilə Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə” yalan bəyanatını alt-üst edərək, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və "Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi və bunu inamlı şəkildə dünya birliyinə çatdırması Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında (ADTGT) da bu möhtəşəm addıma beynəlxalq ictimai dəstək kampaniyasına başlamağa böyük stimul olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda, Avropada, MDB məkanında və eləcədə dünyanın müxtəlif yerlərində ölkəmizin haqlı və ədalətli mövqeyinin təbliği istiqamətində çoxsaylı beynəlxalq layihə və tədbirlər həyata keçirən ADTGT artıq bu kampaniya çərçivəsində xarici tərəfdaş QHT-ni, əcnəbi vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bu aksiyaya dəvət etmiş, konkret fəaliyyət və beynəlxalq ictimai dəstək addımlarını həyata keçirməyə başlayıb.

Belə ki, başlanan bu beynəlxalq ictimai dəstək kampaniyası çərçivəsində ADTGT-nin çağırışı ilə dünyanın müxtəlif ölkələrindən olan və əməkdaşlıq etdikləri xarici QHT-lər, gənclər təşkilatları və əcnəbi fəallar "QARABAĞ AZƏRBAYCANDIR !” sloqanını öz dillərində canlı səsləndirərək və eləcədə yazılı kağızlarda nümayiş etdirərək, bunları video və foto görüntülərə alıb həm təşkilatçıya göndərəcək, həm də sosial şəbəkələrdə paylaşacaqlar. Müxtəlif ölkələrdə eyni zamanda ADTGT tərəfdaşları tərəfindən fəal gənclərin iştirakı ilə bu sloqan əsasında fləşmoblar da təşkil olunacaq.

ADTGT tərəfindən sosial şəbəkələrdə təbliğ olunacaq və requlyar şəkildə davam etdiriləcək bu aksiya ilə yanaşı, bütün əcnəbi dillərdə səslənən və göstərilən süjetlər əsasında vahid bir təbliğatı çarx (rolik) da hazırlanacaq.

ADTGT tərəfindən başlanan bu beynəlxalq ictimai dəstək kampaniyasının məqsədi Azərbaycan Prezidentinin sloqan olaraq yekun vurduğu bu qəti fikrə hər kəsi inandırmaq, Ermənistanın bu günə qədər dünya birliyinə söylədiyi saxta və sərsəm bəyanatları ifşa etmək və eləcədə Qarabağın Azərbaycana tarixi və hüquqi məxsusluğunu sübut edən faktları beynəlxalq aləmə çatdırmaqdır.

Mənbə: azxeber.com