“1992-93-cü illərdə hər an müstəqilliyimizi itirmək təhlükəsi vardı”- Şərh

“1992-93-cü illərdə hər an müstəqilliyimizi itirmək təhlükəsi vardı”- Şərh

"Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın əsl müstəqillik dönəmi yaşanmağa başlandı"

1993-cü ilin 3 oktyabrında xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkisində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. 10 oktyabr günü də bu baxımdan istisna deyil. Çünki, həmin gün Heydər Əliyevin prezident kimi andiçmə mərasimi baş tutub. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək yeganə lider məhz Heydər Əliyevdir. Təsadüfi deyil ki, Ulu öndər 1993-cü il oktyabr ayının 10-da keçirilən andiçmə mərasimində demişdir: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir".

Millət vəkili Ziyad Səmədzadə bildirib ki, müstəqil dövlət kimi özünütəsdiqetmənin və varolmanın bir çox şərtləri var. Müstəqillik üçün təkcə yeraltı və yerüstü sərvətlər, hərbi güc kifayət etmir. Təbii ki, bunlar da çox vacibdir, önəmlidir, amma müstəqil dövlət olmanın digər şərtləri də var. Bunların ən vaciblərindən biri məhz həmin ölkənin müstəqil siyasət yeritmək gücündə və əzmində olması, öz yerini möhkəmlədə bilməsi, bütün ölkələrlə iqtisadi, siyasi, diplomatik münasibətlər qurması, ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməyi bacarması, qarşılıqlı səfərlərlə bu prosesi zənginləşdirməsidir. Ziyad Səmədzadənin sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktı qəbul etsək də, 1992-ci ilin əvvəllərində BMT tərəfindən bu quruma müstəqil dövlət olaraq qəbul olunsaq da, məlum obyektiv və subyektiv səbəblərdən müstəqilliyimizin qorunması üçün çox böyük işlər görülməli idi: "1992-93-cü illərdə respublikada vəziyyət o qədər ağır idi ki, hər an müstəqilliyimizi itirmək təhlükəsi vardı. Amma ulu öndərin hakimiyyətə qayıdışı ilə 1993-cü ilin iyunundan və həmin ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra Azərbaycanın əsl müstəqillik dönəmi, mərhələsi yaşanmağa başlandı. Azərbaycan qısa zaman ərzində müstəqil dövlət olaraq, özünü tanıda və təsdiqlədə bildi. Bu prosesdə 1994-cü il sentyabrın 20-də imzalanan və bugünlərdə 25 illiyi təntənəli şəkildə qeyd edilən "Əsrin müqaviləsi"nin böyük rolu olub və var. Məhz Heydər Əliyevin ustalığı, məharəti, iradəsi və qətiyyəti nəticəsində imzalanması baş tutan bu müqavilədən sonra Azərbaycan dünyaya açıldı, Günəş kimi doğdu. Bununla Azərbaycanın uğurlu neft strategiyasının başlanğıcı qoyuldu, nəticə etibarı ilə iqtisadi və siyasi inkişafının fundamental bazası, təməli atıldı".

Millət vəkilinin sözlərinə görə, həmin vaxta qədər qət edilən məsafə, 1993-cü ilin iyun-oktyabr aylarından 1994-cü ilin sentyabrına kimi keçilən yol müstəqilliyimizin, müstəqil dövlət kimi ayaq üstə dura bilməyimizin əsas məqamlarından biri oldu: "Belə ki, Heydər Əliyev həmin qısa, lakin Azərbaycan üçün çox vacib olan bir mərhələdə uğurlu daxili siyasət yeritməklə yanaşı, həm də gələcəyə, uzağa hesablanmış xarici siyasət kursunu həyata keçirməyə başladı. Həmin dövrdə Heydər Əliyev dünyanın ən nəhənglərindən, BMT Təhlükəsizlik Şurasının veto qoymaq hüququna malik 5 dövlətindən bir neçəsinə-Fransaya, uzaq Çinə son dərəcə vacib və önəmli rəsmi səfərlərini gerçəkləşdirdi. Dünya müstəqil Azərbaycan dövlətinin gerçəkliyinə şahidlik etdi. Eyni zamanda, istər "Əsrin müqaviləsi", istərsə də yeridilən düzgün, balanslı daxili-xarici siyasət kursu, Heydər Əliyev uzaqgörənliyi nəticəsində Azərbaycan müstəqil dövlət olaraq tanınmaqda və özünü təsdiqləməkdə davam etdi. Heydər Əliyevin 10 illik hakimiyyəti dövründə dünyanın, BMT-nin üzvü olan əksər ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasına, qarşılıqlı səfərlərin gerçəkləşdirilməsinə nail olundu.

Həmin illərdə Heydər Əliyev dünyanın əksər ölkələrinə rəsmi-işgüzar səfərlərini etdi, eyni zamanda, dünyanın əksər ölkələrinin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri baş tutdu. Həmin illərdə dövlət başçısı ata və oğul Corc Buşlarla, Bill Klintonla, Toni Bleyerlə, Fransua Mitteranla, Jak Şirakla, Süleyman Dəmirəllə, Vladimir Putinlə, Helmut Kolla və digər tanınmış dövlət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi, Azərbaycanın müstəqilliyi üçün önəmli addımlarla müşayiət olunan səfərlərin gerçəkləşdirilməsinə imza atdı. Bu siyasət 2003-cü ildən ulu öndərin siyasətini uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də davam etdirildi və bu gün də etdirilməkdədir. Bu gün Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. Bu gün Azərbaycan dünyanın sabitlik və təhlükəsizlik adasıdır, siyasi, iqtisadi, mədəni, humanitar, diplomatik, hərbi dialoq məkanıdır və həsədlə baxdığı milli və dini tolerantlıq mərkəzidir. Bu gün Azərbaycan dünya üçün ən mühüm məsələlərin müzakirə olunduğu bir məkandır. 2019-cu ildə Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük təşkilat olan Qoşulmamaq Hərəkatının növbəti Zirvə toplantısına evsahibliyi edəcək ki, bunun özü də böyük siyasi-diplomatik uğur, ölkəmizə olan növbəti yüksək etibar və etimaddır".

Nurlan

Mənbə: olaylar.az