“Gülər Əhmədova bizə rəsmi müraciət eləsin” – Müxalifətdən keçmiş deputata cavab

“Gülər Əhmədovanın müraciəti Müsavat Partiyasına daxil olan kimi müzakirə edib qərarımızı açıqlayarıq. İndi qurultay ərəfəsidir, işimiz daha çoxdur”.

Bu sözləri “Yeni Sabah”a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı keçmiş millət vəkili Gülər Əhmədovanın müxalifətə müraciətinə münasibət bildirərkən deyib.

Müsavat yetkilisi əlavə edib ki, Gülər Əhmədovaya partiyanın yardımı lazımdırsa, o bununla bağlı rəsmi müraciət etməlidir. “Təkcə ad çəkmək kifayət etmir. Müsavat Partiyasına rəsmi şəkildə müraciət etsin biz də dəyərləndirək”, - deyə Gülağa Aslanlı bildirib.

Gülər Əhmədovanın bəraət tələbinə münasibət bildirən Gülağa Aslanlı deyib ki, məhkumluq həyatı yaşamış hər bir vətəndaş bəraət tələbilə çıxış edə bilər. “Konkret olaraq Gülər Əhmədovaya bəraət verilməlidir, ya yox, buna hüquq-mühafizə orqanları qiymət verə bilər. Məsələn, mən onun hansı əməllər törətdiyi barədə məlumatsızam. Yalnız onun barəsində yayılan videolara baxmışam. Amma bu videoların saxta olub-olmadığını deyə bilmərəm. Bununla bağlı yalnız hüquq-mühafizə orqanları qərar verə bilər”,- deyə Müsavat başqanının vurğulayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Gülər Əhmədovaya problemi məhkəmə yolu ilə həllinə nail olmağı tövsiyə edib. “Müxalifət məhkəmə deyil axı. Bizim məhkəmələrə, hüquq-mühafizə orqanlarına təsir etmək imkanlarımız yoxdur. Versin məhkəməyə, yerli instansiyaların qərarı onu qane etməyəcəksə, Avropa Məhkəməsinə müraciət etsin. Müxalifət bu məsələdə ona nə kömək edə bilər ki?!”, -deyə ADP sədri bildirib.

Qeyd edək ki, Gülər Əhmədova müxalifətə müraciət edərək bəraət almaqda ona yardımçı olmalarını xahiş edib: “Mən YAP üzvü deyiləm, evdar qadınam. Gəlin mənə kömək edin! Yoxsa mütləq müxalifət partiyasının üzvü olmaq lazımdır? Yoxsa, yalnız əqidəni satmaq, iqtidarı söymək lazımdır? Adi vətəndaşam, heç kimi söymürəm, sakitçiliklə xahiş edirəm, gəlin mənə kömək edin”.

Regionxeberleri.com

ƏVVƏLKİ XƏBƏR

Valideyinlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMA

SONRAKI XƏBƏR

Xəstəxanadan evə buraxılan Ofeliya Sənaninin SON DURUMU - AÇIQLAMA