İsa Qəmbərin tərəfkeşliyi, Müsavatda yenidən “yarpaq tökmə” və prosesdə Əli Kərimlinin maraqları...

İsa Qəmbərin tərəfkeşliyi, Müsavatda yenidən “yarpaq tökmə” və prosesdə Əli Kərimlinin maraqları...

Müsavat Partiyasında ciddi çaxnaşma yaşanır. Artıq bu ziddiyyət özünü partiya kuluarlarından kənarda da göstərməyə başlayıb. Məlum olduğu kimi, Müsavat Partiyası oktyabr ayının 12-də növbəti qurultayına hazırlaşır. Verilən məlumatlarda bildirilir ki, partiya özünə yenidən başqan seçmək istəyir. Artıq iddialılar da məlumdur. Hazırda partiya sədrliyinə 3 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Yadigar Sadıqlı, Tofiq Yaqublu və hazırda partiyaya rəhbərlik edən Arif Hacılıdır.

Maraqlıdır ki, namizədlərin apardığı təbliğatın ən qızğın vaxtında Müsavatın lideri İsa Qəmbər Arif Hacılının namizədliyini müdafiə etdiyini bəyan edib və partiyanın hazırkı başqanının ünvanına xoş sözlər səsləndirib, tərəfdarlarını da ona səs verməyə çağırıb. İsa Qəmbərin açıq tərəfkeşliyi partiya üzvləri və başqanlığa digər namizədlər arasında narazılıqla qarşılanıb. Yadigar Sadıqlı bildirib ki, İsa Qəmbər Arif Hacılını tərifləyərkən digər iki namizədlə bağlı yaxşı nəsə söyləməyib. Qeyd edək ki, bu mənzərə Müsavatın bundan əvvəlki qurultayında yaşananları xatırladır. Onda da Müsavat başqanlığı uğrunda Arif Hacılı ilə Qubad İbadoğlu arasında ciddi mübarizə gedirdi. Nəticədə Arif Hacılı başqan seçildi, Qubad İbadoğlu isə tərəfdarları ilə partiyanı tərk etdi. Nəticədə Müsavat ciddi itkiyə məruz qaldı. Ekspertlər eyni aqibətin bu qurultayda da yaşanacağını bildirirlər. Hətta qeyd edilir ki, Müsavatın parçalanması prosesinə Əli Kərimli tərəfindən də ciddi dəstək veriləcək. Bu dəstək özünü büruzə verməyə başlayıb. AXCP və “Milli Şura”nın təşkil etdiyi son aksiyada Tofiq Yaqublunun Müsavat üzvündən daha çox əsl AXCP-çi kimi davranması və onun Əli Kərimlinin həbsdən yeni çıxmış müavini Seymur Həzinin qaynatası olması bu ehtimalları daha da gücləndirir.

“Bilirsiniz ki, bölgü məsələsində nə qədər az adam olsa, pay o qədər çox düşür”

Müsavatın son qurultayında başqanlığa namizəd olmuş və sonra Arif Hacılının sədr seçilməsinə etiraz əlaməti olaraq partiyanı tərk etmiş Səxavət Əlisov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Müsavat Partiyasının növbəti parçalanmasına 12 oktyabrda start veriləcək: “Beş ildir partiyanın dərnəyə çevrildiyini kim inkar edə bilər? Böyüməsinə, formalaşmasına minlərlə, on minlərlə insanın əmək verdiyi partiyanı nədən bu acınacaqlı duruma saldılar? Əminəm ki, sual vicdanlı müsavatçıları çox ciddi narahat edir. Arif Hacılı partiyanı bitirdi. Görünür, beş il planın icrası üçün tam yetməyib. Növbəti 5 il üçün də hazırlaşırlar ki, missiyanı tam yerinə yetirsinlər. Gedin Bakının istənilən yerində bir sorğu keçirin. Görün Müsavat adlı partiyanı tanıyan varmı? Artıq cəmiyyət həmin partiyanın adını belə unudub. Yaratdıqları dərnəyi daha rahat idarə etməyə çalışırlar. Sədr kim olursa-olsun, o, partiyanı xilas edə bilməyəcək. Bir qədər Tofiq Yaqublu fəaldır. Bəlkə o nəsə edə, onu da qoymayacaqlar. Yadigar Sadıqlı 5 il bundan əvvəl mənim dediklərimi deyir. Onda isə Arif Hacılını müdafiə edirdi. Özləri də bilirlər ki, hansı seçilsə belə irəliləyiş olmayacaq. Nə qədər normal düşüncəli insan varsa, hamısı oradan uzaqlaşıb. Yerdə qalanları da bu qurultaydan sonra oranı tərk edəcək. Onlara sərf edir ki, orada Hacılı və onun ətrafında bir neçə nəfər yan-yörəsi qalsın. Bilirsiniz ki, bölgü məsələsində nə qədər az adam olsa, pay o qədər çox düşür. Təəssüf ki, Müsavat bu durumdadır. Arif Hacılı ora partiya yox, bir obyekt kimi baxır. Başqa hansı partiyanın bu məsələdə katalizatorluq edəcəyi ilə bağlı isə nəsə deyə bilmərəm. Burada heç qızışdırmaq lazım deyil. Proses öz axarı ilə ona doğru gedir”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com