Türkiyənin Suriyada hərbi əməliyyatları ermənilərin "Sevr" istəyinin də üzərindən birdəfəlik xətt çəkir

Türkiyənin Suriyada hərbi əməliyyatları ermənilərin "Sevr" istəyinin də üzərindən birdəfəlik xətt çəkir

Dünyanın böyük diqqətlə izlədiyi əsas məsələlərdən biri də qardaş Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlardır. Belə görünür ki, bu əməliyyat bölgədə kürdlərin yaratdığı terror təşkilatlarının, İŞİD-in mövqeyini əhəmiyyətli dərəcədə sarsıdacaq, ancaq geosiyasi müstəvidə də ciddi dəyişikliklərə səbəb olacaq. Çünki bütün Qərb dünyası sözügedən hərbi əməliyyatlara qarşıdır. Hətta ABŞ-da buna görə Türkiyəyə qarşı sanksiyaların tətbiqi belə gündəmdədir.

Məlumat üçün bildirək ki, ABŞ Senatı Suriya sərhədindəki YPG və PKK terror təşkilatına qarşı başladılan "Sülh çeşməsi" hərəkarı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb. Respublikaçı senator Lindsi Qrehem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəni hədəf alan ağır maddələr yer alıb. Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin vitse-prezident Fuat Oktay və bəzi nazirlərın adları sanksiyalar paketinə daxil edilib. Bundan başqa, Suriyadakı əməliyyatlar 90 gün ərzində dayandırılmayacağı halda hərbi və ticarət sektorlarına ağır sanksiyaların tətbiqi, Türkiyə Silahlı Qüvvələrinə təyyarə, avtomobil və onlara aid bütün ehtiyat hissələrinin satışının və hərbi kəşfiyyat məlumatlarının paylaşmasının dayandırılması yer alıb. Həmçinin, enerji və neft satışı mövzusunda Türkiyəyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiyaların tətbiqi təklif edilir. Senatorlar Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar da sanksiyaların tətbiq olunmasını istəyiblər.

Sanksiyalar paketi Senatda qəbul olunarsa, prezident Donald Trampın masasına gəlmədən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməlidir. Ancaq Trampın belə bir qanun layihəsinə veto qoymaq də səlahiyyəti var. Lakin Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilərsə, Trampın veto səlahiyyətini keçərək qüvvəyə minir. Bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi.

ABŞ Prezidenti Donald Tramp isə Türkiyənin Suriyanın şimalındakı kürdlərə qarşı hərbi əməliyyatını "işğal" adlandırıb. Amerika lideri NATO-ya üzv olan Türkiyənin hərəkətlərini bəyənmədiyini bəyan edib. Trampın sözlərinə görə, Türkiyənin "Sülh çeşməsi" "pis ideyadır" və dayandırılmalıdır: “NATO üzvü olan Türkiyə Suriyaya hücum etdi. ABŞ bu hücumu dəstəkləmir və Türkiyəyə bu əməliyyatın pis bir fikir olduğunu bildirir". Avropa Birliyi də Türkiyənin Suriyada başlatdığı "Sülh çeşməsi" əməliyyatına reaksiya verib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyədən əməliyyatı dayandırmağı tələb edib, əks halda təhlükəsiz bölgə ilə bağlı ödəniş etməyəcəklərini bəyan edib. Amma Ankara, bu təhdidlərə rəğmən, əməliyyatları davam etdirəcəyini bəyan edib. Hətta Türkiyə ordusu Suriyanın şimalında yerüstü əməliyyatlara da başlayıb. Buna qədər isə Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tel-Abyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib. Ankara bəyan edib ki, türk ordusu "Sülh çeşməsi" əməliyyatı çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.

Onlara qarşı mübarizə aparan Suriya Demokratik Qüvvələrinin kürd birləşmələri Suriyanın şimal-şərqindəki Əl-Hasaka kəndində yerləşən neft quyularını yandırıblar.

Bundan əlavə, kürdlər Türkiyənin Suriya ilə sərhədindəki Ras əl-Ayn şəhərində təkərlərə od vurublar.Yaraqlı birləşmələrin qərargahı məhz bu şəhərdə yerləşir. Yaranmış vəziyyətdə kürdlər ABŞ-ın onları tək buraxmasından şikayətlənir. İndi onlar kömək üçün Rusiyaya üz tuturlar. Amma “vzqlyad.ru” portalı yazır ki, Rusiya Türkiyə ilə işbirlyinə daha çox önəm verir: “Türkiyə qoşunları Suriya Kürdüstanına müdaxiləyə başlayıb. Bu, əvvəlki müttəfiq – ABŞ kürdləri qorumaqdan imtina etdikdən sonra baş verib. Kürdlər Türkiyənin hücumu qarşısında artıq eyham vurublar ki, Rusiyanın simasında yeni müttəfiq axtarırlar. Ekspertlər Rusiyanı Türkiyə-kürd münaqişəsinə qarışmaqdan çəkindirir. İstisna deyil ki, Moskva Türkiyənin hərbi əməliyyatından xeyli fayda götürə bilər. Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürdlərin komandiri Məzlum Kobaninin fikrincə, Birləşmiş Ştatlar qoşunları çəkmək qərarı ilə kürdlərə münasibətdə ikili siyasət sərgiləyir. Suriya kürdlərinin Rusiyadakı emissarı Cavad Məhəmməd təsdiqləyib ki, amerikalıların bölgədən gedişi halında Suriya Kürdüstanında Moskva və Dəməşqlə danışıqlara hazırdırlar. O, “Vzqlyad” qəzetinə müsahibədə deyib: “Biz açıq qucaqla Dəməşqə müraciət edirik. Bizim onlarla dialoqumuz həmişə qalır. Bizim aramızda heç bir sərhəd yoxdur. Aramızda daim rabitə var. Türkiyənin geopolitik durumu ilə bağlı heç kim kürdlərə əl tutmaq istəmir. Biz Rusiyanın dəstəyinə çox ümid edirik. Biz hamımız Rusiyanı sevirik və tarixən çox bağlıyıq”. Amma ekspert Fyodor Lukyanov hesab edir ki, Moskva indi kürdlərə heç bir halda müdafiə vəd etməməlidir: “İndiki anda Türkiyə ilə münasibətlər çox-çox önəmlidir. Kürd məsələsinə qarışmaq lazım deyil. Hər yolla şərait yaratmaq gərəkdir ki, kürdlər Dəməşqlə uzlaşmağın onlar üçün uzunmüddətli təhlükəsizliyi təmin etməkdə yeganə yol olduğu mövqeyə yaxınlaşsınlar”. Hazırda gözlənilən budur ki, Moskva Türkiyənin əməliyyatlarına seyrçi qalacaq. Bu, Kreml üçün olduqca vacibdir. Məsələ burasındadır ki, regionda ABŞ-ın əsas planı Türkiyənin sərhədlərində olmaqla, İraq-Suriya sərhədindən Aralıq dənizinə qədər bir zolaqda kürdlərdən ibarət yeni dövləti qurmaqdır. Bu zolaq Suriyanın neftlə zəngin bölgəsidir və Aralıq dənizinə çıxır. Lakin əsas məsələ bunun iqtisadi tərəfləri deyil. Suriyanın yenidən dizayn edilməsi və yeni dövlət qurma cəhdləri “Sevr” planının tərkib hissəsidir.

Xatırladaq ki, 1920-ci ilin 10 avqustunda ABŞ prezidenti Vudro Vilsonun hazırladığı plana əsasən “Sevr” müqaviləsi imzalanıb. “Sevr” müqaviləsinə əsasən Osmanlı torpaqları bölünürdü. Osmanlının bölünən torpaqlarında “Böyük Kürdüstan” yaradılmalı, həmçinin, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli idi. Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünməli və ermənilər beləliklə Qara dənizə çıxış imkanı əldə etməli idilər. Elə bu səbəbdən erməni lobbisi indiyə qədər aktiv şəkildə Suriyanın şimalında kürd dövlətinin yranamasına fəal dəstək verir. “Böyük Ermənistan” xəyalları quran ermənilərsə bu gün də kürdlərə hərtərəfli dəstək verir. Onlar hesab edir ki, “Kürdüstan” dövləti yaranarsa, "Sevr" diriləcək və bu onlara “Böyük Ermənistan” xülyalarını həyata keçirmək imkanı verəcək. Amma Türkiyənin hərbi əməliyyatları bütün bunların üzərindən birdəfəlik xətt çəkir.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com