MOSKVANIN MƏXFİ BÖLMƏLƏRİ AVROPADA SABİTLİYİ POZMAQ TAPŞIRIĞINI HƏYATA KEÇİRİR

MOSKVANIN MƏXFİ BÖLMƏLƏRİ AVROPADA SABİTLİYİ POZMAQ TAPŞIRIĞINI HƏYATA KEÇİRİR

“Əvvəlcə Moldovada sabitliyi pozan kampaniya həyata keçirilib, ardınca Bolqarıstanda silah alverçisi zəhərlənib, sonra Monteneqroda qarşısı alınan çevriliş cəhdi olub. Ötən il Britaniyada siniriflicedici maddənin köməyi ilə keçmiş rus agentini qətlə yetirməyə çalışıblar. Qərb ölkələrinin təhlükəsizlik xidmətlərinin nümayəndələri belə bir qənaətə gəliblər ki, bu əməliyyatlar və potensial bir çox manevrlər destruktiv fəaliyyət, sabotaj və sui-qəsd təcrübəsinə malik Rusiya kəşfiyyat sisteminin elit bölməsi tərəfindən Avropada sabitliyi pozmaq üçün keçirilən davamlı kampaniyanın bir hissəsidir”, - Maykl Şvirts (Michael Schwirtz) “The New York Times” nəşrində yazır.

29155-ci bölmə kimi tanınan qrup ən azından son 10 ildə fəaliyyət göstərsə də, qərb nümayəndələri onu hələ bu yaxınlarda aşkar ediblər. Dörd qərb ölkəsinin kəşfiyyat əməkdaşları deyir ki, bölmənin səfərbərlik tezliyi bəlli deyil. Onlar xəbərdarlıq edirlər ki, döyüşçülərin nə zaman və hardan zərbə endirəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Bölmənin məqsədi Rusiya prezidenti Vladimir Putinin təbliğat, haker hücumları və dezinformasiyanın məcmusundan ibarət olan hibrid müharibə brendinin, həmçinin açıq hərbi müdaxilənin köməyi ilə Qərblə hansı dərəcədə aktiv mübarizə apardığını göstərir.

Moskvanın şərqində 161 saylı xüsusi təyinatlı təlim mərkəzinin ofisinin beton divarları arxasında gizlədilən bölmə QRU adı altında tanınan hərbi kəşfiyyat agentliyinin komandanlıq iyerarxiyasına tabedir.

“(...) 29155-ci bölmənin əməkdaşları Avropa ölkələrinə səyahət edirlər. Onların bəziləri fərqlənmə nişanı ilə təltif ediblər, Rusiyada ən qanlı müharibələrdə, o cümlədən Əfqanıstan, Çeçenistan və Ukrayna müharibələrində döyüşüblər. Qərb xüsusi xidmət orqanlarının məlumatına əsasən, bölmənin əməliyyatları o qədər gizlidir ki, QRU-nun başqa agentləri, çox güman, onun mövcudluğundan xəbərsizdir”, - məqalədə deyilir.

“Bölmə üzvləri sıx əlaqə saxlayır. 2017-ci ildə çəkilmiş fotoşəkildə bölmə komandiri general mayor Andrey Averyanov əynində boz kostyum, boynunda “kəpənək” qalstukla qızının toyunda iştirak edir. O, həmin şəkildə polkovnik Anatoli Çepiqa ilə birlikdə poz verir. Belə ki, sonuncu Britaniyada keçmiş casus Sergey Skripalın zəhərlənməsində ittiham edilən iki zabitdən biridir”, - nəşr qeyd edir.

“(...) Kreml hesab edir ki, Rusiya qərbin liberal nizamı ilə müharibə vəziyyətindədir. Rusiya bu nizamı ekzistensial təhlükə kimi nəzərdən keçirir”, - Şvirts yazır.

Məqalə müəllifi xatırladır ki, 2006-cı ildə Putin xaricdə nöqtəvi məhvi leqallaşdıran qanun imzalayıb. Elə həmin il rus qatillərdən ibarət qrup Londonda yaşayan keçmiş agent Aleksandr Litvienkonun qətlə yetirilməsi üçün radioaktiv izotopdan istifadə edib.

Onlardan biri 29155-ci bölmə olub. Digəri 2016-cı il seçkilərə müdaxilədə iştirak edən 74455-ci bölmə, üçüncü isə 99450-ci bölmə olub. Sonuncunun 2014-cü il Krım yarımadasının ilhaqında iştirak etdiyi ehtimal edilir.

“Hazırkı komandir Averyanov 1988-ci ildə Özbəkistan Sovet Respublikasında Daşkənd Hərbi Akademiyasını bitirib. Çox güman, hərbçi həm birinci, həm ikinci çeçen müharibəsində iştirak edib. Averyanov 2015-ci ilin yanvar ayında ölkənin ən ali mükafatı – “Rusiya Qəhrəmanı” medalı ilə təltif olunub. Skripalın zəhərlənməsində şübhəli bilinən zabitlər də qeyd edilən medalla mükafatlandırılıblar”, - məqalədə deyilir.

“Bölmənin aşkar səliqəsiz fəaliyyəti Avropa təhlükəsizlik xidməti əməkdaşlarını təəccübləndirir, - “The New York Times” vurğulayır. – Bolqarıstanda silah alverçisi Gebrev kimi Skripal da sui-qəsd cəhdindən sağ çıxıb. Monteneqroda dövlət çevrilişi cəhdi böyük diqqət cəlb etsə də, nəticəsiz qalıb. Bir il sonra Monteneqro NATO-a qoşulub. Təhlükəsizlik xidməti əməkdaşları deyirlər ki, ola bilsin gələcəkdə daha uğurlu əməliyyatların üstünü aça biləcəklər. Bu yöndəmsizliyin Kremli narahat edib etmədiyini başa düşmək çətindir. Ekspertlərin sözlərinə görə, ola bilsin, bu, tapşırığın bir hissəsidir”.

Mənbə: www.xpressa.net