YENİ MAYDAN KABUSU

YENİ MAYDAN KABUSU

“Minskdə “Ştaynmayer formulu”nun imzalanmasına cavab olaraq Kiyevdə “Kapitulyasiyaya yox!” şüarı altında kütləvi etiraz aksiyaları başlayıb, yeni Maydan ehtimalından danışmağa başlayıblar. Zelenskinin sülhməramlı təşəbbüslərinə etirazların önündə gözlənildiyi kimi millətçilər gedib. Onlar eks-prezident Petr Poroşenko tərəfdarları ilə situativ alyans bağlayıblar. Zelenskiyə 70%-lik dəstək fonunda onların etirazları müvəffəqiyyətsizliyə məhkum görünür”, - jurnalist Konstantin Skorkin Moskva Karnegi Mərkəzində yazır.

“Lakin prezidenti dəstəkləyən çoxluq amorf və passivdir. Onlar namizədlərinə səs verdikdən sonra evlərinə dağılışıblar. Millətçi vətənpərvər azlıq isə, əksinə, ideoloji cəhətdən həvəslidir və səfərbərliyə hazırdır”, - məqalədə deyilir.

Skorkinin fikrincə, paytaxtda küçə etirazları parlamentdə Zelenskinin addımlarına müqavimət göstərmək imkanı olmayan siyasi qüvvələr üçün ən etibarlı vasitədir: “Poroşenko Zelenskini Maydan kabusu ilə şantaj edərək, təqiblərdən immunitet əldə etmək üçün yeni hökumətlə bazarlıqda aksiyalardan istifadə edir. Millətçilər küçələrə qayıdır və Ukrayna Silahlı Qüvvələri hissələrini könüllülərlə əvəzləyəcəyinə söz verərək Donbasda qoşunların geri çəkilməsinə mane olacağını deyir”.

“Zelenski çətin vəziyyətə düşüb: o, Maydan dəyərlərini qırmaq istəmir, ona görə azlığı təmsil etsə də, etirazçıların fikirlərinə məhəl qoymaya bilmir. Administrasiya binasının qarşısında “Qulluqçu, çıx çölə, xalq gəlib!” deyə qışqıranlar “xalq prezidenti” kimi onun legitimliyinin düz ürəyindən vururlar. O, eyni zamanda köhnə elita nümayəndələrinin dəstəklədiyi kütlənin əlində alətə də çevrilə bilməz”, - məqalədə deyilir.

“İğtişaş təhlükəsi prezident komandasında balansı köhnə nizamla əlaqəli olan hissəyə doğru dəyişir. Məsələn, daxili işlər naziri Arsen Avakovun mövqeyi güclənir. Onun daxili işlər nazirliyinə müvəqqəti başçılığı ilə bağlı verilən bütün vədlər deyəsən artıq yaddan çıxıb. Ali Rada Milli Qvardiyanın Avakovun idarəsindən prezidentin nəzarətinə verilməsi haqqında qanunu tamamlağa göndərib. Etirazçıların ön sırasında guya daxili işlər nazirinə tabe olan, Milli Korpusdan fəalların olması da narahatlıq doğurur”, - jurnalist qeyd edir.

“Normand formatı”nda danışıqlar uğurla nəticələnəcəyi təqdirdə, Zelenskinin ofisi Kiyevin nəzarətində olmayan ərazilərdə seçkilərin iki ssenari üzrə keçirilməsini dəyərləndirir: 2020-ci ilin payız mövsümündə bütün ölkədə yerli seçkilərlə birlikdə, ya da elə həmin ilin yaz-yay mövsümündə ayrı-ayrı. Zelenski üçün ən əlverişli variant Donbas da daxil olmaqla bütün ölkədə sinxron seçkilərin keçirilməsidir.

Sərhədə nəzarət, demilitarizasiya və sülhməramlı hərbi heyət məsələsi ilə bağlı Kiyev ilə Moskva arasında kəskin ziddiyyətlərə yerli problemlər də əlavə olunur. Çoxlu cavabsız sual var. Ukrayna sadələşdirilmiş qaydada pasport alan yeni rus vətəndaşlarının seçkilərdə iştirakını tanıyacaqmı? 2014-cü ildə Donbası tərk edən, regionun ukraynayönlü hissəsisinin səsvermədə təhlükəsiz iştirakı təmin ediləcəkmi?

Məqalə müəllifi yazır ki, “Ştaynmayer formulu” LXR və DXR-in mövcudluğunu nəzərdə tutmur: “Deməli, özünü Donbas irredenti ilə əlaqələndirən bütün elitanın gələcəyi sual altındadır. Donbas respublikalarının liderləri Leonid Paseçnik və Denis Puşilin Ukraynanın sərhədə nəzarət tələbinə qarşı birlikdə çıxış ediblər. Onların şərhində sülh prosesi də özünəməxsus – Rusiya ilə gələcək inteqrasiyaya doğru addım kimi görünür”.

“Moskva ən azından separatçı liderlərin bir hissəsinə cəlbedici “fərdi inteqrasiya” alternativi təklif edə bilər. Aleksandr Zaxarçenkonun ölümündən sonra bir həftəlik DXR rəhbəri olan Dmitri Trapeznikovun gözlənilməz karyerası buna nümunə ola bilər. O, bu yaxınlarda Rusiyada Elista şəhər administrasiyasının başçısı olmaqla yaxşı işə düzəlib. Kadr dəyişikliyi ilə bağlı bu cür qərarlar azad Donbasa uzaqdan azarkeşlik etməyə üstünlük verən Rusiya cəmiyyətinin daxilində narazılığa səbəb olur. Bu, artıq başqa məsələdir”, - məqalədə deyilir.

“Zelenskinin rəqibləri istədikləri qədər onu milli dəyərləri satmaqda ittiham edə bilərlər. Əgər “son ukraynalıya qədər” müharibəni, ya da təkcə cəbhənin hər iki tərəfindəki qaranlıq keçmişə malik iş adamlarına sərf edən vaxtsız “nə müharibə, nə sülh” vəziyyətini nəzərə almasaq, müxalifətin aydın alternativi yoxdur”, - jurnalist sonda qeyd edir.

Mənbə: www.xpressa.net